Xankəndidə Qarabağ Universiteti
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması barədə sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, SSRİ dövründə Qarabağda yeganə ali təhsil ocağı Xankəndi Pedaqoji İnstitutu olub və bu təhsil müəssisəsi 1969-cu ildə fəaliyyətə başlayıb. Bu təhsil ocağı Azərbaycanın təhsil müəssisələri arasında özünəməxsus yer tutub. İnstitutun Yuxarı Qarabağın və ərazi cəhətdən ona bitişik olan digər rayonların gənclərinin ali təhsilə yiyələnməsində xüsusi rolu olub. Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildə indiki N.Tusi adına Pedaqoji Universitetin (keçmiş Lenin adına APİ) filialı kimi fəaliyyətə başlayıb. Bir neçə ildən sonra – Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkilinin 50 illik yubileyi günündə Xankəndi filialının maddi-texniki bazası əsasında, Azərbaycan Nazirlər Sovetinin 28 noyabr 1973-cü il qərarı ilə müstəqil ali məktəb kimi fəaliyyətini davam etdirib. İnstitut təşkil edilərkən burada üç dildə – Azərbaycan, rus və erməni dillərində ali pedaqoji təhsilli kadr hazırlığına başlanıb. Fəaliyyətə başlamasından 19 il keçdikdən sonra Xankəndi şəhərində başlanan məlum hadisələrin ilk zərbələrindən biri bu ali təhsil ocağının kollektivinə dəyib. 1988-ci il mayın 16-da institutun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlər altında Xankəndi şəhərini tərk etmək məcburiyyətində qalıblar. Bununla da Xankəndi Pedaqoji İnstitutunun taleyinə köçkünlük həyatı yazılıb.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti adlandırılması çox böyük hadisədir: “Məlum məsələdir ki, təhsil dövlətçilik siyasətinin əsas vuran qolu, təməl nöqtələrindən biridir. Ona görə də bu universitetin yaradılmasının bir neçə rakursdan faydaları var. Birincisi, dövlətçiliyə dəstək, ikincisi, azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək, üçüncüsü isə tədrisin keyfiyyəti ilə bağlı məsələlərdir".
Onun sözlərinə görə, Qarabağ Universiteti Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq: “Xankəndidə fəaliyyətə başlayacaq universitet təhsilin brendi olacaq. Təbii ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların işğaldan azad edilmiş ərazilərdə sürətlə məskunlaşmasına, eyni zamanda həmin ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşların övladlarını təhsil almaq şəraitinin yaxşılaşdırılması üçün bu, vacib amildir. Dövlət başçısı İlham Əliyevin hazırda qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir. İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəbyaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatanlığının təmin edilməsi zəruridir. Buna görə işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir”.
Onun fikrincə, indiki halda işğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq əhaliyə təhsil xidmətlərinin göstərilməsi üzrə mütəxəssislərin fəaliyyətləri stimullaşdırılmalıdır. Çünki ora gedəcək müəllimlər ilkin olaraq sözügedən ərazilərdə yaşamaq üçün təlimlərə cəlb olunmalı, onların əməkhaqlarına xüsusi əlavələr edilməlidir. İşğaldan azad olunmuş ərazilərdə məşğulluğun aradan qaldırılması baxımından, eyni zamanda prioritet mövcud təhsil müəssisələrində mütəxəssislərin hazırlanması üçün Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib, müvafiq balı toplayan, amma vakansiya yoxluğu səbəbindən işə qəbul olunmayan müəllimləri prosesə cəlb edə bilər”.
K.Əsədov xatırladıb ki, azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib: “Birdən-birə bu infrastrukturun bərpası mümkün deyil. Bunun üçün azı 3-5 il vaxt lazımdır. Lakin ilkin mərhələdə məskunlaşmanın həyata keçirilidiyi və xidmətli şəxslərin olduğu ərazilərdə təhsil xidmətlərinin göstərilməsi təmin edilməlidir”.
O həmçinin bildirib ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin təşkilinin 3 mərhələdə keçirilməsini təklif ediblər: “Birinci mərhələdə ora köçürüləcək, dədə-baba yurdlarına qayıdacaq şagirdlərin sayına uyğun olaraq modul tipli orta ümumi təhsil məktəblərinin tikilməsi lazımdır. Çünki birdən-birə böyük orta təhsil müəssisələrinin tikilməsi uzun vaxt aparacaq. İkincisi, biz Qarabağın inzibati ərazisində və işğaldan azad edilmiş ərazilərimizdə bir neçə ali təhsil müəssisəsini mütləq şəkildə açmalıyıq. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə məzunlar olacaq, yəni 10-11-ci siniflərdə təhsil alan abituriyentlər olacaq ki, ali təhsil müəssisələrinə daxil olmaq istəyəcəklər. Onlar paytaxt Bakıya və digər şəhərlərə getmək əvəzinə Qarabağda təşkil olunacaq universitetlərə daxil olsunlar. Məsələn, Şuşa Dövlət Universiteti yaradılmalı, Laçında, Qubadlıda Müəllimlər İnstitutunun, İqtisad Universitetinin filiallarını açmalıyıq”.
K.Əsədov vurğulayıb ki, bu universitetdə, ilk növbədə, Qarabağ regionunun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir: “Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin, düşünürəm ki, universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır. Üçüncüsü isə buradakı universitetlərdə hüquq fakültələri açılmalıdır. Çünki şahidi olduq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ən böyük problemlərimizdən biri həmin ərazilərdə hüquq-mühafizə orqanlarında azərbaycanlı kadrların azlıq təşkil etməsi idi. Hətta orada Polis Akademiyası da açmaq olar. Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yola vaxt itirmədən yaşasınlar”.
Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da xatırladıb ki, Qarabağ regionunda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub: “Təəssüf ki, ali təhsil müəssisəsi 1988-ci ilədək fəaliyyət göstərib. Artıq Qarabağ azaddır. Bu gün qarşımıza mühüm hədəf və məqsədlər qoymuşuq. Hesab edirəm ki, bölgələrdə yeni universitetlərin yaradılması Bakıda sıxlığın qarşısını nisbətən almağa köməklik edə biləcək. Qarabağ Universitetində bütün sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə önəm verməliyik. Geniş kampuslu müasir təhsil müəssisəsinin yaradılmasına ehtiyac var. Beynəlxalq universitetin yaradılması yaxşı olardı. Bir neçə dildə universtitetin yaradılması, xarici ölkələrdən tələbələrin cəlb edilməsi üçün addımlar atılmalıdır”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan gəncləri Qarabağ Universitetinə maraq göstərəcəklər: “Bu gün hər bir azərbaycalının ürəyi Qarabağla döyünür. Əminəm ki, gənclər Qarabağ Universitetində təhsil almaq istəyəcəklər, çünki hər birimizin istəyi Qarabağın azad edilməsi idi. Arzumuza çatmışıq və çox önəmli mərhələyə daxil olmuşuq. Bu, yeni imkanlar və fürsətlər yaradacaq. Müasir təhsil müəssisəsi yaradacağımıza inanıram”.
Sevinc
Həftə
içi.- 2023.- 30 noyabr-6 dekabr, ¹43.- S.4.