Tərəfsiz ədəbiyyat tarixdir
(Məmməd Mərzilinin “Şəhid qardaşlar” kitabı haqqında)
Salam
olsun, çox dəyərli oxucum. Uca Yaradana şükürlər
olsun! Bizə qarşı çox səxavətlidir. Sizinlə hər yeni görüşə gələndə söhbətə başlamazdan əvvəl bu şükrü-sənanı
qeyd etməyi özümə borc bilirəm. Hər
yaşadığımız an üçün
şükürlər olsun... Min şükür...
Budəfəki
söhbətimizin mövzusu hərflər, sözlər,
kitablar silsiləsindən olan, müasir dövrümüzdə
vacib, xüsusi diqqət və qayğı tələb edən
gözlərimiz önündə yaranan, yazılan tarixdir. O
tarix ki, şəhidlərimizin qanı ilə yazılır. Bəli,
məhz yazılır. 9 sentyabr 2023-cü il tarixində, gecədən
xeyli keçmiş sol ayağımda dizdən
aşağı şiddətlə gicişən hələ
90-cı illərdə aldığım güllə
yarasının yerini iş (yazı) masamın artıq sürtülməkdən
cilalanmış ayağına
sürtə-sürtə bu sətirləri qələmə
alarkən Həzi Aslanov
adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində
(1995-1999) eyni fakültədə birlikdə təhsil
aldığım kursant yoldaşım hal-hazırda ehtiyatda
olan qazi polkovik-leytenant Elmar Hüseyov hərbi ekspert kimi ötən
gün ərzində şərti cəbhə xəttində
baş vermiş hadisələrə
ARB-24 kanalında münasibət bildirir…
Tarix yazılmaqda davam edir. Artıq xeyli müddətdir
şüarımıza çevrilən “tərəfsiz ədəbiyyat
tarixdir” prizmasından bu olduqca zəngin yazılar
dünyasına baxdıqda diqqəti cəlb edən, səhifələrində
çoxumuzun şahidi olduğu real tarixi yaşadan gələcək
nəsillər üçün faydalı olacaq əsərlərlə
rastlaşmaq mümkündür. Bu qəbildən olan əvvəlki
yazılarımdan birində Əli bəy Azərinin “Hərbi
Zəngilan” adlı səlnaməsindən söhbət
açmışam (sonda bu məsələyə bir daha
qayıdacağam). İndi isə
hal-hazırda şərti cəbhə xəttində baş
verənləri dinləyə-dinləyə artıq bir
neçə dəfə gözdən keçirdiyim çapa
hazırladığımız Məmməd Mərzilinin
“Şəhid qardaşlar” kitabı üçün ön
söz kimi nəzərdə tutulmuş bu yazını
yazmağa çalışıram. Məmməd Mərzilinin
yazdığı əsər barədə söhbətə
keçməzdən əvvəl onun özünü
yüngülvari tanımaqda fayda var düşüncəsi ilə
onu sizə təqdim etmək istəyirəm.
Mərzili Ağdamın ən
böyük və məlum münaqişənin
ilk günlərindən daim diqqət mərkəzində olan,
adı tez-tez hallanan kəndlərindən biridir. Onu qeyd edim ki, Mərzili
həm də mənim böyüyüb boya-başa
çatdığım Yusifcanlı kəndi ilə qonşu
olan kənddir. Bu kəndlərin adlarını təkcə
Zaur Ustacın və Məmməd Mərzilinin
yaşadığı kəndlər olduğuna görə
qeyd etmirəm. Bu kəndlərin adlarını həm də
ona görə qeyd edirəm ki, oxucuya yaxşı
tanışdır. Ötən 30 il ərzində ən
azı gündə bir dəfə ya mətbuatda, ya televiziyada,
ya da radioda mütləq “...Ağdam rayonun Mərzili,
Yusifcanlı kəndləri...”
ifadəsi ilə rastlaşıb... Bu kəndlərin
adlarını ona görə qeyd edirəm ki, məlum 30 ilə
qədər ötən 5 il ərzində Mərziliyə
düşməyib üstündən keçən mərmilər
gəlib Yusifcanlıya düşürdü... Bu kəndlərin adlarını ona
görə qeyd edirəm ki, xeyiri-şəri bir olan sakinləri
bir-birlərini yaxşı tanıyırdılar... Bu kəndlərin adlarını ona
görə qeyd edirəm ki, eyni gündə (1993-cü ilin 12
iyunu) eyni taleyi yaşamışdır... Bu adları ona
görə qeyd edirəm ki, o illərdə, o kədlərdə,
o günləri yaşamış Zaur Ustac və Məmməd
Mərzili kimi digər yüzlərlə yurdsevər vətən
övladlarının deməyə, yazmağa,
paylaşmağa sözü çoxdur... Onu qeyd edim ki, Məmməd Mərzilinin
eyni adlı hərbi hissənin (tabor) adı ilə
adlandırdığı “845”-i də səlnaməçilik
baxımından dəyərli kitabdır. “845”-lər artıq zamanın
sınağından uğurla keçib. Zaman mühüm
amildir. Vaxtdan söz düşmüşkən söhbətimizin
mövzusu ilə bir başa əlaqəsi olan bir məsələni də
diqqətinizə çatdırmaq istəyirəm. Bu gün
digər kurs yoldaşım şəhid polkovnik-leytenant Həmdəm
Ağayevin anadan olduğu gündür. Allah bütün şəhidlərimizə
rəhmət eləsin. Bu gün – son günlər hələ
uzun illər tarixin yaddaşında yaşayacaq təlatümlü
günlərin ərəfəsində, həqiqətən qəhrəmanlıq
dastanlarına dönəcək hadisələrin
astanasındayıq... Məhz bu nöqteyi-nəzərdən Məmməd
Mərzili “Şəhid qardaşlar” adlandırdığı əsər
sözün əsl mənasında tarixin müəyyən bir
dövrünü əhatə edən canlı ziyalı və
tərəfsiz şahidin dilindən həqiqi səlnamədir.
“Tərəfsiz ədəbiyyat tarixdir” devizimizin tələblərinə
tam cavab verir. Məmməd Mərzilinin nə
yazdığına, necə yazdığına keçməzdən
əvvəl özü-kimliyi ilə yaxından tanış
olaq.
QISA ARAYIŞ
Məmməd Mərzili (Məmməd
Gürşad oğlu Sarıyev) 15 sentyabr
1956-cı ildə Xocavənd qəsəbəsində anadan
olub.
1971-ci ildə Mərzili kənd orta məktəbinin 8-ci sinfini bitirəndən
sonra Bakıdakı 74 ¹-li texniki məktəbində 1971-74-cü illərdə təhsilini
davam etdirib. 1975-77-ci illərdə Almaniyadakı Sovet
qoşunlarında xidmət edib.
Xidməti başa vurandan sonra Ağdamda müxtəlif müəsisələrdə,
təşkilatlarda çalışıb.1983 -cü ildən
Mərzili kəndindəki kolxozda ehtiyat hissələri, yanacaq
anbarında anbardar işləyib.1993-cü ilin 12 iyunda ermənilər
Mərzili kəndini işğal etdiyinə görə məcburi
köçkün kimi Mingəçevir şəhərində
məskunlaşıb. 1995-ci ildə Azərenerji ASC-nin HMD- nə
işə qəbul olunub. Orada işləyə-işləyə
Mingəçevirdəki ədəbi məclisin üzvü
kimi bədii yaradıcılıqla məşğul olub.
AYB-nin Mingəçevir bölməsində 2008-ci ildən
“Mingəçevir leysanı” ədəbi jurnalı çap
olunmağa başlayanda bu jurnalda şöbə redaktoru kimi fəaliyyət
göstərib. Sonra bu jurnal “Bənvöşə” adı
altında çap olundu. 2023-cü ilin fevral ayına qədər
“Azərenerji” ASC-də çalışmış Məmməd
Mərzili hal-hazırda təqaüddədir.
Bu illər ərzində “Qarabağsız döyünən ürək”
(2006), “Vətənə uzanan qollar” (2008), “Qarabağa gedən
cığır” (2010), “Gözlə gələcəyəm”
(2017) şeirlər, “Payızın qəmli notları” (2011),
“Atəş altında toy” (2015), “Xıdırlıda qalan
günlər” (2020), “845” (2022) nəsr kitabları işıq
üzü görüb. Haqqında söhbət edəcəyimiz
“Şəhid qardaşlar” kitabı müəllifin oxucuları ilə 9-cu
görüşü olacaq.
Məmməd Mərzili müqəddimə
funksiyasını yerinə yetirən
giriş hissəyə-əsərə aşağıdakı şəkildə uğurla
başlayır: “Çar Rusiyası zaman-zaman ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsini
təşkil etmişdir. Bu məqsədyönlü
aparılırdı. Məqsəd iki türk dövləti
arasında xristian dövləti yaratmaq idi. Həm türk
dövlətlərinin arasında sərbəst gediş-gəlişin
qarşısını almaq, həm də türklərin
tarixi düşməni olan ermənilərdən türklərə
qarşı istifadə etmək. Ona görə
köçürülən erməniləri İrəvan mahalında(İrəvan xanlığı azərbaycanlıların
tarixi dədə-baba torpaqlarıdı) və Qarabağ xanlığında
yerləşdirdilər.“
“Ağzını aç, kim olduğunu deyim”, - deyə
məşhur bir deyim var. Belə bir giriş diqqətli oxucuya
sona qədər yol yoldaşlığı etmək
gücündə olan parlaq bir mayakla qiyaslana bilər.
Yuxarıda təqdim olunmuş nümunədə ifadə
olunmuş vahid türk torpaqlarının bilərəkdən
məqsədyönlü şəkildə
parçalanması, quru əlaqəsinin kəsilməsi fikri ən
yüksək tribunalardan dəfələrlə səslənmiş
olsa da bu mövzulu əsərdə yer alması məqsədəmüvafiq
və təqdirəlayiq haldır. Tarixə qısa ekskursdan
sonra hadisələrin başladığı zamana qayıdan
müəllif:
“Xalq bu haqsızlığa
dözə bilmirdi. Ağdam rayon PK-nin
birinci katibi Sadıq Murtuzayev, İK-nin sədri Xuraman Abbasova
milis işçilərini "Qarağacı'' qəbiristanlığının
yanında düzdülər ki, əliboş camaatı
qırğına verməsinlər. Onlar nə qədər
çalışsalar da mümkün olmadı. Əli və Bəxtiyar
adlı iki gənc
“Vətən uğrunda!” – deyib Qarqar
çayının içi ilə irəlilədilər.
Əsgəran tərəfdə dayanan əsgərlər
komandirlərinin əmri ilə onlara atəş
açdılar. Qarqar çayı qana boyandı.
Əli və Bəxtiyar şəhid oldular. Onları unutmağa bizim
haqqımız yoxdu. Onlar torpaqlarımız uğrunda gedən
ilk şəhidlərdir.” - ilk şəhidlərimizi
xatırlatmaqla demək olar ki, mətləbə keçid
edir: “Amma buna baxmayaraq, Qarabağın qara günləri
başladı.”
Ağdamın ölkə və
respulika səviyyəsində əhəmiyyətindən
söhbət açaraq mühüm atributlarla sadə, olduqca
axıcı bədii-pulisistik dildə təqdim edəcəyi
tarixi hadisələr üçün münbit zəmin
hazırlayır. Əsərin ideyasının
açılmasına xidmət edən olduqca müxtəlif
hadisələr ziddiyyətli olsa da real tarixi fonda cərəyan
edir.
MƏZMUN
və QAYƏ
“Şəhid qardaşlar” əsərində Milli Ordunun
yaradılmasındakı çətinliklər, hərbi
kadrların, silah-sursatın
çatışmazlığı açıq şəkildə
göstərilib. II Qarabağ müharibəsindən fərqli
olaraq I Qarabağ müharibəsində Ordumuz əsasən
könüllülərdən təşkil olunmuşdu.
Ağdam
rayonunun erməni kəndləri ilə həmsərhəd olan kəndlərində
elə hallar var idi ki, bir evdən 4-5 nəfər
döyüşürdü. Bu ailələrin çoxu 2 şəhid vermişdi. Hətta hərəsinin 3 şəhidi olan 2 ailə var idi.
Mərzili kəndindən Əliyev İmranın
döyüşən 5 oğlundan üçü; - Zakir,Tahir,Sabir şəhid oldular. Şelli kənd
sakini Aslanov Kazımın da 4 oğlundan üçü; -
Vidadi, Xəqani, Hasil şəhidlik zirvəsinə yüksəldilər.
Müəllif dünyanın demokratik
adlanan dövlətlərinin
soyqırıma, haqsızlığa qarşı göz
yummalarını bu əsərdə əks etdirib. Bu
haqsızlığın hələ də davam etməsini təəssüf hissi
ilə oxucusuna çatdırır...
Bu əsər onlarla bərabər bütün şəhidlərimizin
ruhuna həsr olunub. Qayəsi ərazi
bütövlüyümüz uğrunda döyüşmüş
və döyüşəcək igid, ər
oğullarımızın şücaətini, qəhrəmanlığını,
onların dəyanətli valideyinlərinin mətinliyini, sarsılmaz iradəsini,
vüqarını, Yurd sevgisini
gələcək nəsillərə çatdırmaqdan
ibarətdir...
Əsərə “Amma buna baxmayaraq, Qarabağın
qara günləri başladı” cümləsi ilə
başlayan Məmməd Mərzili onu: “Şükür Allaha,
artıq Qarabağda Ordumuz QƏLƏBƏ BAYRAĞI
qaldırıb. Allah bütün şəhidlərimizə rəhmət
eləsin!” cümlələri ilə bitirir. Lap sondakı bu iki cümlə gələcəyə
ümidlə, həyata sevgi ilə doludur...
Girişdə vəd etdiyim kimi, bir daha salnaməçilik haqqında
xatırlatma etmək istəyirəm. Bir vaxtlar əldə
silah döyüşmüş və ya sadəcə məlum
hadisələrin canlı şahidi olmuş hal-hazırda
söz cəbhəsində mücadilə edən qələmdarların
bu mövzuda daha çox yazmasında fayda var. Növbəti
yazılarla görüşmək ümidi ilə sizdən
ayrılıram...
Çox
dəyərli oxucum, ən qiymətli nemət olan
zamanınızı bu sətirləri oxumağa həsr edərək
sona qədər həmsöhbət olduğunuza görə
minnətdarlığımı bildirir, müəllifə
yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Ümidlərimiz doğrulsun!
09.09-14.09.2023.
– Bakı.
Zaur
USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist
Həftə içi.- 2023.- 12-18 oktyabr, ¹37.-
S.7.