Ağdərə-Kəlbəcər-Basarkeçər

yolunu aça bilərik

 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovla hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycan Dövlətinin 2022-ci ildə Qarabağla bağlı siyasətinin yekunları, 2023-cü ildə bu istiqamətdə görülə biləcək işlər, Ermənistan baş naziri N.Paşinyanın çıxış və bəzi bəyanatları və eyni gündə sanki bunlara qarşılıq olaraq Azərbaycan Prezidenti İlham Əliyevin kəskin notları haqda danışdıq, Qarabağda qalan ermənilərlə mümkün davranış üsullarını müzakirə etdik.

 

- Azərbaycan Dövlətinin 2022-ci ildə Qarabağla bğlı siyasətinin yekunları barədə nə deyə bilərsiniz?

- Biz hamımız anlamalıyıq ki, hələ Qarabağ və Zəngəzurla bağlı görüləsi çox işlərimiz var. 2020-ci ildəki hərbi qələbəmizdən sonra, mütəxəssislər istisna olmaqla, bir çoxumuz belə düşünürdük ki, artıq Qarabağda hər şey bitdi, erməni məsələsi tam həll olundu. Təəssüf ki, belə deyil. Yəni münaqişə artıq 30 ildir davam edir və onun hərbi fazaları,  siyasi qarşıdurma fazaları olur və s. O da bəllidir ki, bizə qarşı müharibə və işğal ermənilər tərəfindən başlanıb və hələki onlar öz mövqelərində qalırlar.

Və bəziləri deyirlər ki, 2020-ci ildə məsələni tam bitirmək olardı. Xeyr, həmin dönəmdə onu bitirmək üçün tam şansımız yox idi. Və tutaq ki, Xankəndini də azad etsəydik belə, Qarabağdakı proseslər fərqli bir ssenari ilə davam edəcəkdi. Ola bilərdi ki,  o halda ermənilər Rusiyanın dəstəyi ilə Kəlbəcəri və yaxud digər bir ərazini müqavimət üçün əllərində saxlaya bilərdilər. Söhbət ondan gedir ki, hələlik siyasi qarşıdurma aradan qaldırılmayıb. Bunu anlamaq üçün 2021-ci ildə məğlub Ermənistanda keçirilmiş baş nazir seçkilərində Paşinyanın partiyasının proqramında Qarabağa aid şüarı xatırlayaq: “Xilas naminə ayırmaq!”. Yəni onların mövqeyi belə idi ki, Qarabağı Azərbaycandan ayırmaq hesabına Ermənistan xilas olunsun. Paşinyan və partiyası bu şüarla hakimiyyətə gəldi. Ondan sonra  Ermənistanın büdcəsindən hər il Qarabağdakı erməni rejiminə müəyyən miqdarda, təxminən 300 milyon dollara yaxın vəsait də ayrılır. Beləliklə, demək olar ki, de-fakto Ermənistan Azərbaycan ərazisinin işğalını davam etdirir. Və bunun elementlərini biz görürük. Əvvəla, Ermənistan öz ordusunu Qarabağdan tamamilə çıxarmayıb; “könüllü” adı altında bəlkə də minlərlə əsgər qalıb... Xarici ölkələrin də məsələyə münasibəti bilinib, yəni onların iç üzü açılıb, əslində nə istədikləri bəlli olub. Bir sözlə, həm Ermənistan, həm də onun havadarları hələ də bizə qarşı işğalçı mövqedə qalmaqdadırlar. Təbii ki, Azərbaycan bir dövlət olaraq buna qarşı öz adekvat siyasətini davam etdirir. Hərbi baxımdan Ermənistanı məğlub  etmişik və hazırda qələbənin siyasi hissəsini təmin etmək üçün proseslər gedir. Azərbaycan qardaş Türkiyə və digər müttəfiq ölkələrlə birgə bu məsələdə israrlıdır və ardıcıl şəkildə bu siyasəti həyata keçirir. Amma bu, bizim seçimimiz deyil, bu, düşmənlərimizin seçimidir. Biz sadəcə, bu mübarizəni davam etdiririk.  Əgər biz  2020-ci ildəki savaşdan öncəki durumumuzu nəzərə alsaq, irəliləyiş və bizim qələbəmiz daha aydın hiss olunur. Lakin  düşmən hələ də tam şəkildə öz məkrli niyyətlərindən əl çəkməyib. Bu kontekstdə Azərbaycan Dövlətinin ötən 2022-ci ildə Qarabağla bağlı siyasətinin mahiyyəti əsasən ondan ibarət olub ki, Ermənistan öz məğlubiyyətini qəbul etsin  və öz məkrli siyasətindən əl çəksin. Bir çox hallarda biz buna nail olmağa yaxın idik, ancaq Ermənistan vaxtı uzatmaqla öz havadarlarının köməyi ilə manevrlərini davam etdirir…

 - Ermənistan baş naziri N.Paşinyanın yanvarın 10-da etdiyi çıxış və bəzi bəyanatları və eyni gündə sanki bunlara qarşılıq olaraq Azərbaycan Prezidenti İlham Əliyevin kəskin notlarını necə dəyərləndirirsiz?

- Paşinyanın bəyanatlarını dəyərləndirmək çox çətindir. Onun çıxışlarında istənilən  mövzuda istənilən fikri tapmaq olar. Söylədikləri bir-biri ilə ziddiyyət təşkil edir.  Ona görə də, onun bəyanatlarına heç kəs ciddi yanaşmır.  Və Azərbaycan Prezidentinin də dünənki çıxışı göstərdi ki, Paşinyanı öz sözünə hörmət edən, dediyi sözün üstündə duran, ya onunla bağlanılmış hansısa razılaşmaya etibar edilməli olan bir siyasətçi kimi qəbul etmək olmaz. Çünki onun çıxış və davranışları ciddi siyasət adamlarına xas deyil...  Təbii ki, ölkə başçısı bu fikri diplomatik şəkildə deyib. Amma mənası bu anlama gəlir. Yəni bu baxımdan hər şey bəllıdir...

Bir daha xatırladrıam: 2022-ci ildə dövlətimizin Qarabağ siyasəti barəsindəki ümumi təəssürat ondan ibarətdir ki, Azərbaycan Ermənistanı sülhə məcbur etmək siyasətini həyata keçirirdi, Ermənistanın təxribatlarına cavab olaraq siyasi təzyiqlər və hərbi güc tətbiq olunurdu. Ancaq təəssüflər olsun ki, Ermənistanda bəzi havadarlarına yaranan arxayınçılıq səbəbindən sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışırlar. Indi də istisna etmirəm ki, bu il də ermənilər prosesi eyni mövqedən davam etdirməyə çalışacaqlar. Son çıxışında da cənab Prezident vurğuladı ki, Ermənistanın öz məkrli məqsədlərinə nail olması üçün hansısa geopolitik dəyişikliklər gözlədiyi təəssüratı yaranır. Yəni hesab edirəm ki,  İlham Əliyevin bu dedikləri hansısa ciddi məlumatların əsasında yaranmış bir qənaətdir... Və bu baxımdan düşünürəm ki, 2023-cü ildə də ermənilərin köhnə davranışı davam edəcək. Yəni yenə də özlərini sülhmeyilli kimi göstərmək üçün müəyyən bəyanatlar verəcəklər. Ancaq  bunun bəyanatlardan real addımlara keçəcəyinə inanmıram... Çünki Paşinyanın son çıxışlarında Qarabağa aid hansı fikirlər səsləndirdiyini də görürük. Bəzən elə danışır ki, sanki bu, Azərbaycanın yox, Ermənistanın ərazisidir. Odur ki, vəziyyət bəllidir...

- Paşinyan həm də o fikri bir daha vurğuladı ki, dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan dövlət yoxdur  və bu, reallıqdır..

- Bilirsiniz, bu, təzə bir fikir deyil, Paşinyan bunu dəfələrlə söyləyib.  Amma bununla yanaşı, öz planlarında olan hissəsini səsləndirmir... Yəni söhbətimizin əvvəlində dediyim kimi,  2021-ci ildə məğlub Ermənistanda keçirilmiş baş nazir seçkilərində Paşinyanın partiyasının proqramında Qarabağa aid şüarı belə idi: “Xilas naminə ayırmaq!”. Yəni Qarabağı Azərbaycandan ayırmaq hesabına Ermənistanı xilas etmək. Bunların məqsədi budur...

- Rusiya KTMT təlimlərinə izin verməyən Ermənistana qarşı hansısa sərt tədbirlər görə bilərmi?

- Ermənilər daim gözləyirdilər ki, Rusiya gəlib onların yerinə işğalçı siyasətlərini təmin edəcək. Amma hələ Ukrayna müharibəsindən qabaq bəlli idi ki, Rusiya bu siyasəti davam etmək niyyətində deyil.  Ermənilərə də bu lazım idi. İndi də elə güman edirlər ki, Ermənistanın siyasətini ya Fransa, ya başqa hansısa dövlət tam mənada dəstəkləyəcək.  Ancaq mənasız və əsassız ümidlərdir. Çünki ermənilərin yerinə heç kəs gəlib onların məntiqsiz ambisiyalarına görə qan tökmək niyyətində deyil.

Paşinyanın çıxışları qarşısında Rusiyanın hansısa sərt addımlar atacağını istisna etmirəm.  Lakin nəzərə alaq ki, Ukraynada düşdüyü durumla bağlı Moskvanın vəziyyəti o yerdə deyil ki, hazırda Ermənistanda sərbəst nəsə etmək iqtidarında olsun. Amma o da var ki, Ermənistanda Rusiyanın hələ yetərincə təsir rıçaqları var. Və hansısa şəkildə ölkə daxilində problemlər yarada bilər...

- Sizcə, Azərbaycan Dövləti 2023-cü ildə Qarabağ məsələsi ilə bağlı  hansı işlərigörə bilər?

- Hazırkı geosiyasi durumu nəzərə alaraq yeni başlanan 2023-cü ildə Azərbaycan üçün Qarabağ və Şərqi Zəngəzur  iqtisadi rayonlarının müvəqqəti olaraq Rusiya “sülhməramlı”larının nəzarətində qalan hissəsindəki problemləri həll etməkdən ötrü ən yaxşı üsul “yumşaq güc” tətbiqidir. Eko-fəallarımızın ötən ilin sonundan başlanan və bu il də davam edən Şuşa-Xankəndi yolundakı aksiyası buna konkret misal ola bilər. Bu baxımdan bu günlərdə “Facebook” səhifəmdə də təqdim etdiyim bəzi təklifləri saytınızın oxucularının da müzakirəsinə buraxmaq yerinə düşərdi.

Həmin təkliflərin verilməsinin ümumi məntiqi nədən ibarətdir?  Qarabağdakı ermənilərin yeni lideri sayılan Ruben Vardanyanın son çıxışlarından da bəlli olur ki, Rusiya “sülhməramlı”larının nəzarətində qalan ərazimizdəki ermənilər siyasi-ideoloji baxımdan əsasən üç hissəyə bölünür: onların bir qismi Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda qalıb yaşamaq fikrindədir. İkinci bir qism deyir ki, Azərbaycanın ərazini tam nəzarətə götürəcəyi halda biz Ermənistana çıxıb gedəcəyik. Üçüncü qism isə Vardanyanın elektoratı sayılan və onun müraciəti ilə Azərbaycana qarşı hər cür müqavimətə hazır olan ermənilərdir. Hesab edirəm ki, birinci və ikinci qism ermənilərə münasibətdə Azərbaycan dövləti bir sıra taktiki addımlar nəzərdə tutmalı və onları icra etməlidir...

 Biz anlamalıyıq ki, milliyyətindən asılı olmayaraq hər bir insanın irəli sürdüyü tələb və şüarların arxasında onun maddi, iqtisadi tələbləri durur. Bu mənada  Azərbaycan torpaqlarında məskunlaşmış erməniləri də oradakı mülklərinin, torpaq sahələrinin və  s. gələcək taleyi maraqlandırır. Zənnimcə, bunu nəzərə alaraq birinci qism ermənilər üçün onların mülkiyyətinin, daşınmaz əmlakının Azərbaycan qanunlarına uyğun olaraq yenidən onlayn qeydiyyata alınması prosesinə başlamaq gərəkdir. Yəni bu sadə bir prosedurdur. Qarabağdakı hər hansı bir erməni onlayn şəkildə Azərbaycan dövlətinin müvafiq qurumuna müraciət edir, mülkiyyətinə aid lazımi sənədləri onlayn şəkildə təqdim edir və  cavabında bizim dövlət qurumu onun mülklərini  Azərbaycan qanunlarına uyğun şəkildə qeydiyyata alaraq həmin erməniyə gərəkli ismarış göndərir.  Ermənistana getmək istəyən ikinci qism ermənilər üçün isə Azərbaycan qanunlarına uyğun olaraq daşınmaz əmlakın alqı-satqısı üzrə onlayn hərracların keçirilməsinə şərait yaratmaq gərəkdir. Bu və digər uyğun addımlarla biz Vardanyanın Azərbaycana qarşı mübarizəyə qaldırmaq istədiyi ermənilər arasında təfriqəyə start vermiş və bununla “yumşaq güc” taktikasını davam etdirmiş oluruq...

- Qeyd etdiyiniz təkliflərinizdən biri də Azərbaycanın Qarabağdakı ermənilər üçün Ağdərə-Kəlbəcər-Ermənistan sərhədi(Basarkeçər) marşrutunu açmasıdır. Bunun mahiyyəti nədən ibarətdir?

- Ermənilər deyir ki, Laçın yolunu azərbaycanlılar bağlayıb, Əslində həmin yolu biz yox, “sülhməramlı”lar bağlayıb.  Ağıllarını başlarına yığıb gəlsinlər, onlara Kəlbəcərdən Basarkeçərə gedən yolu açırıq. Amma müəyyən şərtlərlə... Yəni hesab edirəm ki, Rusiya “sülhməramlı”ları  Xankəndi-Laçın-Ermənistan sərhədi marşrutunu bağlı saxlasa da,  biz Azərbaycan olaraq Qarabağdakı ermənilər üçün Ağdərə-Kəlbəcər-Ermənistan sərhədi(Basarkeçər) marşrutunu sərhəd buraxılış məntəqəsi, gömrük, fitosanitar postları, konvoyların xüsusi müşayiəti və s. təşkil etmək şərti ilə aça bilərik... 

- Bəs Ağdərə-Kəlbəcər-Basarkeçər yolunun açılması hazırda Laçın-Şuşa-Xankəndi yolundakı aksiyanın effektivliyini azaltmaz ki?

- Zənnimcə, qeyd etdiyim marşrutun açılması Laçın yolundakı aksiyanın effektivliyinə təsir göstərməyəcək. İkincisi də biz bununla Laçın yolunu bağlı saxlayan Rusiyanın oyununu pozmuş olacağıq...

-Tofiq müəllim, bəzi siyasi analitiklər iddia edir ki, 2023-cü ilin mart-aprel aylarında Ukraynanın Rusiya işğalçılarına qarşı genişmiqyaslı  uğurlu əməliyyatlar aparacağı təqdirdə Azərbaycan üçün  də bir fürsət pəncərəsi açıla bilər. Və həmin məqamda Azərbaycan qısamüddətli hərbi-siyasi əməliyyatla Qarabağın qalan hissəsi üzərində də yurisdiksiyasını bərpa edər... Siz necə düşünürsüz?

- Mən yenə də o fikirdəyəm ki, biz Vardanyanın dediyi kimi, orada yaşayan erməniləri 3 qrupa bölməliyik. Bizim qanunları qəbul etməyən və müqavimət göstərən hər bir halda terrorçu kimi dəyərləndirilməlidir. Əgər Qarabağda belələri yenə də baş qaldıracaqsa, biz onlara qarşı güc tətbiq etməliyik. Bu, eyni zamanda birinci və ikinci qsim ermənilərin də hüquqlarını qorumaq üçün edilməlidir. Ümumiyyətlə, biz öz məqsədlərimizi siyasi-diplomatik baxımdan düzgün göstərməli və təbliğ etməliyik. Bizim nəzarətimiz müəyyən mənada var. Söhbət ondan gedir ki, oradakı ermənilər bunu necə qəbul edir və buna qarşı mübarizə edənlər hansı formada mübarizə aparırlar. Qanunlara uyğun mitinq təşkil edirsə, çıxış edirsə, qəzetdə, saytda məqalə yazırsa, bu, başqa məsələdir. Bu, demokratiya təzahürləridir. Amma əlinə silah götürüb ölkəmizin ərazi bütövlüyünə qarşı çıxırsa, ordumuzun, polisimizin, dinc vətəndaşlarımızın üzərinə gedirsə, bu, artıq terrorçudur. Yəni bir sıra dünya ölkələrində, xüsusən də Türkiyədə olduğu kimi... Türkiyə kürdlərə qarşı mübarizə aparmır ki- konkret adları olan terrorçu təşkilatlara qarşı savaşır, onların terrorçu üzvlərini zərərsizləşdirir... Bu baxımdan biz Qarabağdakı mübarizəmizlə bağlı beynəlxalq hüquqa və ənənəyə uyğun fikirlər söyləməli və işlər görməliyik. Məsələn, hazırda  Laçın yolunda haqlı tələblərlə çıxış edən eko-fəalların aksiyasına qarşı beynəlxalq səviyyədə tənqidi fikir söylənilməsi çətindir. Və yaxud öncə dediyimiz təklifləri, misal üçün Qarabağda qalmaq istəyən ermənilərin mülkünün onlayn qeydiyyata alınması və ya getmək istəyənlərin mülklərinin onlayn satışının təşkil olunması da beynəlxalq hüquqa, bəşəri dəyərlərə tam uyğun olduğundan heç kəs buna qara yaxa bilməz.  Amma 3 aydan sonra  Xankəndinə, yaxud Ağdərəyə tankla girəcəyimizi açıq şəkildə bəyan etmək doğru deyil. Bəlkə də Qarabağdakı terrorçulara qarşı hərbi güc tətbiq etmək lazım gələcək. Ancaq biz bunu düzgün məqamda və yalnız bizə silahlı müqavimət göstərənlərə qarşı etməliyik.

- Sözsüz ki, bütün hallarda Rusiya bizim Qarabağla bağlı planlarımızın uğurla başa çatmasına mane olacaq...

- Yalnız Rusiya yox, İran da, Qərbin böyük bir hissəsi də mane olacaq. Hələ Hindistan da... Bilirsiz, təəsüf ki, çoxlarına Azərbaycanın zəif olması lazımdır. Kimsə hesab etməsin ki, sabah Rusiya tam zəiflədisə, beynəlxalq siyasətin Azərbaycana qarşı yönəlmiş səhnəsi boş qalacaq. Yox... Baxın, görün o səhnənin nə qədər fəallıq göstərən ssenaristləri, aktyorları var... Odur ki, biz atılacaq addımlarımızı necə təqdim etməyimizə maksimum diqqət etməliyik. Biz daim onun nəzərə almalıyıq ki, bizi eşidən yalnız özümüz deyilik... Bizi  ilk növbədə düşmənlər eşidir və  addım və şüarlarımızı hədəf alırlar... Ona görə də onları elə təqdim etməliyik ki, bizə qarşı tənqid və müqavimət az olsun... Kiminsə hansısa xal qazanmaq xatirinə Qarabağla bağlı addımlarımızı populist və radikal şəkildə təqdim etməsi Azərbaycana yalnız ziyan gətirir...

 

Tofiq Zülfiqarov

 

Söhbətləşdi:

Sultan Laçın

 

Həftə içi.- 2023.- 12-18 yanvar.- S.3.