Kəlbəcər Azərbaycanın

Qərbə açılan qala qapısıdır

 

 25 noyabrKəlbəcər şəhər günüdür. 2020-ci il 44 günlük Vətən savaşında Azərbaycan Ordusu qarşısında məğlub olaraq 10 noyabr tarixində kapitulyasiya aktna imza atan Ermənistan hərbi qüvvələrinin silahı yerə qoyaraq tərk etdiyi ərazilərimizdən biri Kəlbəcərdir. Müsahibimiz VI çağırış Milli Məclisin Kəlbəcər rayonundan deputatı olmuş Aqil Məmmədovdur:

 

- Kəlbəcər Gününə qədər olan zamana baxsaq, dövlətimiz xalqımızın bu gün üçün hansı tarixi mərhələlərdən keçdiyini söyləyə bilərik?

- 25 Noyabr Kəlbəcər Günüdür. Bu münasibətlə bütün həmvətənlərimi təbrik edirəm. Bəli, bu günün əhəmiyyətini dərk etmək üçün 30 il əvvələ qayıtmaq lazımdır

Hadisələrin cərəyan etməyə başladığı 1987-88-ci ildən Kəlbəcərin işğal dövrünə qədər rayon mühasirə şəraitində qalıb. Bu 5 il ərzində rayonu tamamilə işğal etmək üçün hər tərəfdən Kəlbəcərə təzyiq göstərirdilər. Belə deyilirdi ki, Kəlbəcər Azərbaycanın qərbdə olan qala qapısıdır. Vacib əhəmiyyət kəsb edən strateji mövqeyə malik olduğuna görə hələ sovetlər dövründən kəlbəcərlilərə təsir göstərirdilər. Ermənilər Moskvada məsələ qaldırmışdılar ki, Kəlbəcər yaşayış üçün əlverişli deyil o əraziləri yalnız otlaq sahəsi kimi istifadə etmək lazımdır. Onlar Kəlbəcərin hansı yeraltı, yerüstü zəngin sərvətlərə malik olduğunu yaxşı bilirdilər. Yəni, Azərbaycana qarşı bəzi qüvvələrin təzyiq təsir cəhdləri o vaxtlar da var idi. Torpaqların işğal dövrünə qədər olan müddətdə, hələ 1989-ci ildə Ağdərə-Kəlbəcər yolunda kolonların aparılıb-gətirilməsinə rus əsgərləri nəzarət edirdi. O vaxt erməni quldurların kolonlara hücumu zamanı bizim çoxlu sayda şəhidimiz oldu. Ermənilər 1992-ci ildə Kəlbəcər rayonunun Ağdərə istiqamətinə yerləşən Ağdaban kəndində qətliam törətdilər. Bu, Xocalı soyqırımından sonra erməni vəhşilərinin azərbaycanlılara qarşı törətdiyi ikinci qətliam idi. Məqsəd rayon əhalisini qorxudub təşvişə salmaq, öz ata-baba yurdundan didərgin salmaq idi. Laçın rayonu məcburən boşaldıldıqdan sonra Kəlbəcərin müdafiə olunması çox çətinləşdi əhali məcburən ərazini tərk etdi. Torpaqlarımızın işğal olunması əlbəttə ki, separatçı Ermənistan havadarlarının apardığı siyasətin əsasında baş verirdi. Lakin Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra ölkə daxilində bir hərcmərclik, hakimiyyət uğrunda dava gedirdi. Ölkənin başına keçən səriştəsiz AXC-Müsavat cütlüyünün kürsü davası, ərazilərimizin müdafiəsində səriştəsizlikləri, ümumiyyətlə hakimiyyət daxilində pərakəndəlik, özbaşınalığın olması düşmənin öz ərazi iddialarını gerçəkləşdirməsinə imkan yaratmışdı. Ona görə 20 faiz torpaqlarımız erməni işğalına məruz qaldı.

Məlumdur ki, Kəlbəcər ərazi baxımından ən böyük rayonlarımızdan biridir. Hələ dinc dövrdə 1936 kvadrat kilometr ərazisi var idi. Bu baxımdan Kəlbəcərin işğala təslim edilməsi, itirilməsi ağlasığmaz bir hadisə idi. Digər tərəfdən, Kəlbəcər dağlı, daşlı çox sərt reliyefə malik bölgə idi. O baxımdan onun hər bir qayası bir səngər idi. Buna baxmayaraq Kəlbəcərin asanlıqla düşmənin əlinə keçməsi, onun müdafiəsinin düzgün təşkil olunmaması sadəcə haqsızlıq idi.

Kəlbəcər rayonunun 60 minə yaxın əhalisi var idi. Məlumdur ki, o dövrdə Kəlbəcərdən ölkənin içərilərinə doğru gələn tək bir yolu var idi -Tərtər-Ağdərə-Kəlbəcər yolu. Erməni quldurları əsas yolu bağladığına görə əhali min bir əziyyətlə Murov dağı yolunu aşıb keçərək xilas oldular. Bu hadislər başlayan dövrdə, I Qarabağ müharibəsində 511 nəfər şəhidimiz oldu. Onlardan yarısı hərbi şəhid, yerdə qalanlar isə dinc sakinlər-körpə uşaqlar, yaşlı kişilər, qadınlar idi.

-Kəlbəcər rayonu işğala məruz qalana qədər necə idi?

-İşğala məruz qalan Kəlbəcərin 1 şəhər, 1 qəsəbə olmaqla 147 yaşayış məntəqəsi var idi. Hər kənddə sosial obyektlər, məktəblər, tibb məntəqləri, kitabxanalar, mədəniyyət evləri, eyni zamanda həmin kəndlərə gedən magistral yollar, işıq xətləri var idi ki, erməni təcavüzü nəticəsində bütün bu infrastruktur yerlə-yeksan edildi. 80-dən artıq mədəniyyət abidlərimiz, zəngin diyarşünaslıq muzeyi, dini abidələrimiz dağıdıldı. İşğal zamanı Kəlbəcər zayonuna milyardlarla ziyan dəydi. Bunu hər kəs, dünya ictimaiyyəti bilməlidir düşünürəm ki, bu barədə kifayət qədər məlumatlar ötürə bilmişik. Hər işğal ərəfəsində erməni vandallığı ilə bağlı faktlar müxtəlif tədbirlər, media vasitələri ilə dünya ictiaiyyətinə ötürülüb. I Qarabağ müharibəsi dövründə erməni əsrliyində qalan 300-dən artıq kəlbəcərlinin taleyi haqqında bu günə qədər Ermənistan tərəfindən heç bir məlumat verilmir. Ümumən Kəlbəcərdə 13 mindən artıq yaşayış evi darmadağın edildi. Orada əhaliyə məxsus mülkiyyət, var dövlət erməni quldurları, hərbçiləri tərəfindən talan olundu. Belələiklə öz ev-eşiyindən məcburən didərgin salınan kəlbəcərlilər ilkin olaraq respublikanın 56 rayonunun 1000-dən artıq yaşayış məntəqəsində məskunlaşdı. Sonradan həmin yaşayış məntəqləri cəmləşdirildi. Ulu Öndər hakimiyyətə gəldikdən sonra məcburi köçkünlərin şəraiti yaxşılığa doğru dəyişməyə başladı. Görülən işlər nəticəsində Vətən müharibəsinə qədər məcburi köçkünlərimiz üçün 110-dən artıq qəsəbələr salındı. Yaşayış şəraiti nisbətən yaxşılaşmağa doğru getdi. Amma təbii ki, Kəlbəcər həsrəti, digər işğalda olan torpaqları məcburi köçkünlərimiz heç vaxt unutmadı. Ulu Öndər o zaman kəlbəcərlilərlə görüşündə vurğulamışdı ki, siz mütləq Kəlbəcərə digər işalda olan rayonlarınıza, ata-baba yurdlarınıza qayıdacaqsıznız siz əvvəlkindən gözəl şəraitdə yaşayacaqsınız. Camaat heç vaxt bu sözləri unutmadı ümidlə o günləri gözlədi. O gün bu gündür

-2020-ci il 44 günlük savaşdan sonra Ermənistanın kapitulyasiya aktına imza atması bu akta əsasən üç rayonumuzu, o cümlədən Kəlbəcəri bir güllə belə atmadan boşaltması hansı reallıqları otaya çıxardı?

-Vətən müharibəsinin başlanmasına zaman, vaxt lazım idi. Müharibə başlayacağı təqdirdə biz mütləq qələbə çalmalıydıq o hədəflərə çatmaq üçün müəyyən işlər aparılmalı idi. BMT işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnamə qəbul etmişdi. Təəssüflər olsun ki, həmin qətnamələr 2020-ci ilə qədər kağız üzərində qaldı. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzda yenidən quruculuq işləri aparıldı. Hərbi baza möhkəmləndirildi, müasir silah-sursat alndı, həmin silahlardan istifadə olunması üçün ordunun təlim məşq toplantıları keçirildi, gənclərə vətənpərvərlik ruhunun aşılanması üçün dövlət siyasəti istiqamətdə ciddi addımlar atıldı. Nəticə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində özünü göstərdi.

Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Nəhayət 8 noyabr tarixində zəfər günümüz qeyd edildi, Şuşamız azad edildi. Ondan sonra Ermənistan başa düşdü ki, Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyəcək bayraq qaldırıb 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza atmağa məcbur edildi. 10 noyabr bəyannaməsində bir çox maddələrlə yanaşı Kəlbəcərin, Laçının, Ağdamın işğal altında olan ərazilərinin güllə atılmadan boşaldılması nəzərdə tutulurdu. Ermənistan yenə öz xislətinə sadiq qalıb ərazilərin boşaldılmasında ləngimələr etdi Kəlbəcərin boşaldılması üçün Rusiya Prezidentinə müraciət edib 10 gün möhlət aldı. Nəhayət, 25 noyabr tarixində Kəlbəcər bir güllə atılmadan işğaldan azad edildi. Çətin reliyefə malik olan Kəlbəcərin 1 güllə atılmadan azad edilməsini düzgün dəyərləndirmək lazım idi. Ermənistan müharibədə hansı vəziyyətə düşdüyünü, Azərbaycan Ordusunun hansı gücə sahib olduğunu gördü işğal etdiyi bu əraziləri səssizcə boşaltdı.

- Sülhlə bağlı düşüncələriniz necədir?

-Ermənilərə inanmaq sadəlvlükdür. Onların səmimiyyətinə inanmaq olmaz. Biz onlarla qonşuluq edibəlimizdəki çomağımızıyerə qoymamalıyıq. Digər tərəfdən, Ermənistan heç vaxt müstəqil siyasət yürütməyib, başqa ölkələrin təsiri ilə idarə olunub. Bu gün sülh müqaviləsinin uzadılmasının səbəbi budur. Bu gün Fransa başda olmaqla bəzi dövlətlər Rusiyanın sıxışdırılması üçün cəhdlər edir Ermənistanı da məcbur edirlər ki, sülh müqaviləsinə imza atmasınlar. Ermənilər "bəlkə qaytardılar" xülyası ilə yaşayırlar. Lakin bəzi erməni politoloqlar, ekspertlər öz təhlillərində Qarabağın Azərbaycan əraziləri olduğunu etiraf edir, sülhə gəlməkdən başqa yolun olmadığını dərk edirlər. Sülh müaviləsindən başqa yolları yoxdur - Konstitusiyada dəyişiklik etməli, torpaq iddasından əl çəkməlidirlər. Amma o da məlumdur ki, Ermənistan tərəfi sülhdən danışsa da, absurd çıxışlar edib tez-tez fikirlərini dəyişirlər. Başqa dövətlərin onları silahlandırması, maliyyə yardımları ayırmalarından həvəslənərək sülhdən yayınmağa çalışırlar. Ancaq sülhə gələcəklər. Bütün bunlara baxmayaraq Azərbaycan öz hədəflərini istəklərini açıq bəyan edib. Azərbaycan Prezidenti son beynəlxalq tədbirdə bu istiqamətdə çıxış edib dünyanın güc dövlətlərinin apardığı qərəzli, ikilistandartlı siyasəti tənqid etdi mesajlarını verdi. İnanıram ki, başqa yollarının olmadığını dərk edib sülhə gələcəklər. Əks halda Azərbaycan ordusu öz ərazilərini qorumaq gücündədir.

-Torpaqlarımızın işğaldan azad olunmasından sonra həmin ərazilərdə görülən işlər əsasən hansı yeni addımlarla diqqət çəkməyə başladı?

- Hər bir rayonun işğaldan azad olunduğu gün o şəhərin günü kimi qeyd olunur. 25 noyabr tarixi Kəlbəcərin Şəhər günü kimi qeyd olunur. Biz o günü böyük fəxrlə qeyd edirik. Digər tərəfdən, Prezident işğaldan azad olunan bölgələrə dərhal səfərlər edirdi. Hər birimiz o səfərləri çox həyacanla izləyirdik. Ən çətin vaxtlar da Prezident azad olunmuş ərazilərə səfərlər edib ermənilərin törətdiyi vəhşilikləri, dağıntıları öz gözləri ilə izləyir, göstərir bu barədə ölkə ictimaiyyətinə, dünyaya səslənir, mühüm mesajlar verirdi. Prezident hər dəfə bəyan edirdi: - baxın, əgər bu torpaqlar Ermənistanın idisə niyə bu şəhərləri, kəndləri viranə qoyub, talan ediblər. O, dünya ictimaiyyətini, siyasətçilərini, ölkəmizdə olan səfirlikləri işğaldan azad olunmuş bölgələrə səfər etməyə, ermənilərin törətdiyi bu dağıntıları öz gözləri ilə görməyə dəvət edirdi. Bu o demək idi ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar 30 il müddətində BMT qətnamələrini icra etməyən Ermənistana qarşı gözün üstə qaşın var demədilər. Amma bu gün proseslər Azərbaycan həqiqətlərinin dünyaya yayılması, beynəlxalq hüququn təmin olunması kontekstində irəliləyir biz bunu görürük.

-Bu gün işğaldan azad olunan ərazilərimiz, elə Kəlbəcərdə hansı işlər görülür? Bərpa quruculuq işləri necə gedir bu proses perspektiv üçün nələri vəd edir?

-Əvvəla qeyd edim ki, bir çox ölkələr bu gün Azərbaycana qarşı ikilistandartlı yanaşmalarnı davam etdirir. Sonuncu COP29 beynəlxalq konfransından ölkəmizə qarşı qarayaxma kampaniyası kimi istifadə etməyə cəhdlər etdilər. Azərbaycana qarşı xoşagəlməz sözləri tirajlamaqla konfransı boykot etmək istədilər. Amma Fransa kimi dövlətlər 30 il müddətində Azərbaycana qarşı işğal siyasəti yürütmüş, dağıntılar törətmiş Ermənistana qarşı heç bir fikir söyləmədilər. Amma şükürlər olsun ki, Ali Baş Komandanın apardığı siyasət nəticəsində biz böyük qayıdışın mərhələli şəkildə həyata keçirilməsinin şahidi oluruq. İşğaldan azad olunmuş bölgələrimizdə tikinti-quruculuq, bərpa işləri sürətlə davam etdirilir. O cümlədən, Kəlbəcərdə birinci dövlət proqramının icrası ilə əlaqədar olaraq Prezident İlham Əliyev dəfələrlə Mehriban xanımla birlikdə Kəlbəcərə səfər edib. Orada aparılan baxışlar, yerində təməlqoyma tədbirləri, eyni zamanda icrası başa çatmış tikintilərin açılışları onu göstərir ki, böyük qayıdışla əlaqədar qəbul olunmuş dövlət proqramların icrası nəzərdə tutulmuş vaxt üzrə uğurla həyata keçirilir. Kəlbəcər böyük əraziyə malik olmaqla bərabər, həm hələ sovetlər dövründə örüş otlaq sahəsi olaraq orada 24-dən artıq rayonun təsərrüfatı yaylaqlarda yerləşdirildi. Eyni zamanda, sovetlər dövründə Vəng kəndində civənin istehsalı aparılırdı. O vaxtlar Rusiya bu işlərə birbaş nəzarət edirdi. Yəni, Kəlbəcər yataqları, yeraltı sərvətləri ilə zəngindir. Eyni zamanda, dünyada şöhrəti dilər əzbəri olan isti su mineral ehtiyatları var. Bu gün İsti su Mineral zavodu artıq istifadəyə verilib. Cənab Prezident onun açılışını etdi. Artıq isti suyun ölkəmizdə özlkəmizdən kənarda satışının təşkil olnması üçün dövlətlərarası müqavilələr bağlanır. İnanıram ki, yaxın gələcəkdə Kəlbəcərin iqtisadi potensialı ölkəmizin iqtisadiyyatına inteqrasiya edəcək ölkəmizin büdcəsinə, eləcə kəlbəcərlilərin iqtisadi durumunun inkişafına töhfələr verəcəkdir. Kəlbəcərin bitki örtüyü çox zəngindir. Orada 200-dən artıq müalicəvi əhəmiyyətə malik olan bitkilər var. Bununla yanaşı turizm potensialı da böyükdür. İnanıram ki, Kəlbəcər tam bərpa edildikdən sonra ora axın çox olacaq. Bu da iqtisadiyyatımızın yüksəlməsinə öz təsirini göstərəcək.

Bu gün Kəlbəcərdə böyük tikinti quruculuq işləri davam etdirilir. Göygöl Toğanalı kəndindən Kəlbəcərə gedən tunel yolunun əhəmiyyəti böyükdür. Onu inşa etmək böyük vəsait, böyük cəsarət tələb edir. Bundan əlavə,, Kəlbəcər rayonunun Tərtər-Ağdərə-Kəlbəcər magistral yolu bərpa olunub. Kəlbəcər-Laçın istiqamətində gedən magistral yolun bərpası artıq başa çatmaq üzrədir. Bundan əlavə, Daşkəsəndən Kəlbəcərə gedən yol var... Bütün bunları sadalamaqda məqsədim ondan ibarətdir ki, sovetlər dövründə Kəlbəcərin bir magistral yolu vardısa, artıq bu gün Kəlbəcərə müxtəlif bölgələrdən yollar çəkilib. Bu da insanlarımızın təhlükəsizliyi, müxtəlif rayonlarla əlaqəsinin qurulması, dayanıqlı inişafın təmin edilməsi üçün əsas şərtdir. Kəlbəcər bu gün yenidən qurulur. Artıq Kəlbəcər şəhərində keçmiş məcburi köçkünlərimizi qəbul etmək imkanı yaradılıb. Yaxın zamanlarda 500-də artıq ailəmiz Kəlbəcərə köçəcək. 2026-cı ilə qədər 15 yaşayış məntəqəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. İnanıram ki, nəzərdə tutulmuş dövlət proqramı birbaş Prezidentin nəzarətində olduğu üçün gecikmədən icrasını tapacaq. Keçmiş məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdıb öz işlərini davam edəcəklər.

Biz torpaqlarımızın işğaldan azad olunmasına görə Ali Baş Komandanımıza minnətdarıq. Şəhidlərimizin ruhi şad olsun. Onların qanı-canı bahasına torpaqlarımız azad olunub. Qazilərimizə allah şəfa vesin, ordumuza qüvvət. Onlar bu tarixi günləri bizə yaşatdı.

 

Aqil Məmmədov

 

Müsahibəni apardı:

Tahirə Qafarlı

 

Həftə içi.- 2024.- 28 noyabr-4 dekabr, ¹44.- S.6.