Aprel döyüşləri
Vətən
Müharibəsinə açılan qapıdır
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Aprel döyüşlərinin doqquz ili tamam oldu. Aprel döyüşləri Azərbaycan cəmiyyəti, dövləti üçün hansı gələcəyi, nəticələri vəd etdi və bunun dövlət, vətəndaş üçün əhəmiyyəti nə idi? Hərb tariximizə aprel döyüşləri kimi düşən günlərin mahiyyətini ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovla vərəqlədik:
- Tarixə “Aprel müharibəsi” kimi düşən və Azərbaycan Ordusunun böyük uğuru ilə nəticələnən hərbi
əməliyyatları necə
təhlil edərdiniz?
- Aprel döyüşləri, yaxud dördgünlük müharibə - 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədir. Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Aprel döyüşləri hərb tariximizdə mühüm əhəmiyyət daşıyır. Azərbaycan Ordusu məhdud tapşırıqları yerinə yetirməklə əslində zəfərə gedən yolda qətiyyətli və mühüm bir addım atdı. Həmin ərəfədə Ermənistanın işğalçı ordusu mütəmadi olaraq atəşkəsi pozaraq artıq artilleriya və minaatanlarla təmas xəttində Azərbaycanın yaşayış məntəqələrinə, mülki infrastruktura təhlükə yaradırdı. Bu təhlükəni aradan qaldırmaq, təhlükəsizliyi təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri qarşısında Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bunun qarşısını almaq üçün mühüm tapşırıq qoyulmuşdu. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. Azərbaycan Ordusu erməni hərbi qüvvələrinin atəş açdığı istiqamətlərdən düşmənin mövqelərini darmadağın edərək qısa bir zamanda bir çox kəndləri azad etdi. Məlum əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu. Aprel döyüşlərinin nəticəsində o istiqamətdə yaşayış məntəqələrinin təhlükəsizliyi tam təmin edilmiş, düşmənə ciddi itkilər vermişdi. Həmin istiqamətlər üzrə əməliyyatların keçirilməsi təsadüfi seçilməmişdi. Belə ki, Talış istiqaməti ətrafında və Lələtəpə istiqamətində olan yüksəkliklər təmas xəttində olan strateji mövqelər kimi qiymətləndirilir. Azərbaycan Ordusu bu yüksəklikləri ələ keçirməklə bu istiqamətlərdə böyük bir ərazini nəzarət altına almağa nail oldu. Bu qələbə bir daha Azərbaycan Ordusunun nəyə nail olduğunu göstərdi.
Bu döyüşlərdə həmin istiqmətlərdə olan məhdud sayda qüvvələr iştirak edirdi və bütün addımlar, aparılan əməliyyat tədbirləri məhz qarşıya qoyulan tapşırıqların yerinə yetirlməsinə müvəffəq oldu. Bu tapşırıqlarda o vaxta qədər alınan müasir silahlar tətbiq olunmuşdu. Düşmən belə bir zərbəni gözləmirdi. Azərbaycanın peşəkar heyəti yeni alınmış silahları yüksək peşəkarlıqla idarə edərək düşmənin atəş mövqelərini kəşf edib, dəqiq atəşlə darmadağın etməyə müyəssər oldu.
5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalandı.
Ermənistan tərəfindən dəstəklənən separatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozdu. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə bu müharibədə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir.
- Aprel döyüşləri
44 günlük Vətən
Müharibəsinə gedən
yolda hansı pilləni yaratdı, əhəmiyyəti nə
idi?
- Aprel döyüşləri Vətən Müharibəsinin sınaq mərhələsi oldu. Azərbaycan aprelə qədər düşməni adekvat cavabı ilə geri çəkilməyə məcbur edən əməliyyat aparmamışdı. Bu, Aprel müharibəsinin böyük hərbi əhəmiyyətini göstərən mühüm amildir. Aprel müharibəsinin hərbi əhəmiyyəti xüsusilə önəmlidir. Bu da ondan ibarət oldu ki, Azərbaycan ordusu aprel hadisələrindən öncə təlimlərdə tətbiq etdiyi üsulları aprel döyüşlərində tətbiq etməklə uğurlu nəticələr əldə etdi. Həmin yüksəkliklərin ələ keçirilməsi düşmən üzərində üstünlüyümüzü təmin etdi. 44 günlük müharibəyə qədər aprel hadisələri ciddi nəticələr, təhlillər aparmağa imkan yaratdı. Vətən müharibəsinə qədər 15-25 min şəxsi heyətin cəlb olunması ilə aparılan təlimlərdən və aprel döyüşlərindən çıxan nəticələr əsasında Azərbaycanın hərbi sahəsində yeniliklər tətbiq olundu. Aprel döyüşlərini Vətən müharibəsinə hazırlıq kimi qiymətləndirmək olar. Bəzən “Hadrut Şuşaya açılan yoldur” deyirlər. Hesab edirəm ki, Aprel döyüşləri Vətən müharibəsinə açılan qapıdır. Aprel əməliyyatından sonra tam aydın oldu ki, Ermənistan dinc yolla işğal etdiyi torpaqları qaytarmayacaq və Azərbaycan yalnız hərb yolu ilə torpaqları qaytarmalıdır.
- Aprel döyüşləri istər
ölkə ictimaiyyəti,
istərsə də beynəlxalq, xarici qüvvələr tərəfindən
necə qarşılandı,
ölkə ictimaiyyətinin
vətənpərvərlik ruhunu necə test etdi?
- Azərbaycan Prezidenti, Ali Baş Komandanımız Aprel döyüşlərinə yüksək qiymət verərək öz ordusunun gücünə tam mənada inanır və qoyduğu tapşırıqların gələcəkdə həllini tapacağına əminlik göstərdi.
Bu mənada, Aprel döyüşləri Vətən Müharibəsinin anonsu kimi də dəyərləndirilə bilər. 44 gün ərzində Azərbaycan Ordusu erməni ordusunu darmadağın edib, hədəflərinə nail oldu. Ona görə də Aprel hadisələrini Ali Baş Komandanın ordusunu test etməsi kimi qəbul etmək olar. Təbii ki, Aprel döyüşləri ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul olundu. Azərbaycan xalqı Prezidentin ətrafında sıx birləşdi və özünün dəstəyini göstərdi. Gənclərimiz könüllü olaraq döyüşlərdə iştirak etmək üçün səfərbərlik məntəqələrinə üz tutdular. Düşmənlə təmas xəttində maraqlı vəziyyət yaranmışdı. Ermənistan hərbi rəhbərliyi əsgərləri döyüşdən qaçmasın deyə arxada mühafizə qrupları yerləşdirdiyi halda, Azərbaycan təmas xəttinin yaxınlığında döyüşə qatılmaq istəyən gənclərin qarşısını almaq üçün tədbirlər görürdü. Aprel döyüşlərini bu mənada cəmiyyətin testi kimi qəbul etmək lazımdır. Bizim gənclər əlində bayraq tutaraq aprel gününü Azərbaycanın bütün kənd və şəhərlərində qeyd edir, kütləvi dəstəyini göstərirdilər. Bu da Azərbaycanın yüksək hərbi potensialının göstəricisi kimi nümayiş olunurdu.
- Aprel döyüşləri Ermənistana
və havadarlarına hansı xəbərdarlığı
etdi, bundan hansı nəticəni çıxara bildilər?
- Aprel ayının nəticələri Ali Baş Komandanın apardığı diplomatik müharibədə beynəlxalq aləmə çatdırılmışdı. Azərbaycan Prezidenti Aprel döyüşü ilə beynəlxalq aləmi və Ermənistanı himayə edən qüvvələrə də bu şəkildə öz mesajını verərək, Azərbaycanın nəyə qadir olduğunu təqdim etmişdi. Aprel döyüşlərindən sonra xaricdən ola biləcək təsirləri, riskləri görürdük. Prezident məhz diplomatiya meydanında savaşa çıxaraq bu risklərin qarşısını almaq üçün tədbirlər görurdu. O məqam yetişdirilmişdi. Azərbaycanın Vətən müharibəsində döyüşləri saxlamaq üçün təsirlərə məruz qalma ehtimalı böyük idi. Prezidentin iradəsi və diplomatiya sahəsində gördüyü işlər sayəsində bizə qələbəni qazandırdı. Azərbaycan diplomatiya sahəsində lazım olan nailiyyətləri qazanmasaydı, Vətən müharibəsinin uğurlu olması şübhə altında qalardı. Qardaş Türkiyənin Azərbaycanın yanında olması, Pakistanın İslam Respublikasının Azərbaycanı dəstəkləməsi bu riskləri azaltdı. Beynəlxalq aləm Azərbaycanın güc variantına keçməsi ilə bağlı xəbərdar edilirdi. Ermənistanı dəstəkləyən havadarlara hər bir beynəlxalq tədbirdə, xarici mediaya verilən müsahibələrdə xəbərdarlıqlar verilirdi və biz bunun nəticələrini müharibədə gördük. Azərbaycan Prezidenti xarici mətbuata “Master klass” şəklində verdiyi müsahibələrində Azərbaycanın iradəsini, qüdrətini və Ordusunun nəyə qadir olduğunu bəyan etdi və bu, döyüş meydanında olan nəticələrlə təsdiqləndi. Azərbaycan Prezidenti ilə xalq birləşdi və bir yumruq şəkildə Prezidentin dediyi kimi, düşmənin başını əzdik. Nəticədə, Azərbaycan dövləti, xalqı, ordusu işğalçı qüvvələrə qalib gələrək ərazi bütövlüyünü bərpa etməyə qadir oldu. Vətən müharibəsi düşmən üzərində tam qələbəni təmin etdi. Amma ona gedən yol digər nailiyyətlər - Aprel hadisələri, Naçxıvanda Günnüt əməliyatlarından, Tovuz hadisələrindən keçir. Azərbaycan bu qələbəni bütün varlığı ilə yaxınlaşdırırdı və Azərbaycan cəmiyyəti, xalqı Azərbaycan Dövlətinin apardığı daxili və xarici siyasət nəticəsində daim öz torpaqlarına yiyə duracağı, qələbə qazanacağı əminliyini saxlayırdı. Azərbaycanda bu ruh yüksəkliyinin tərbiyəsi istiqamətində çox yüksək işlər aparılırdı. Biz bunu Aprel döyüşlərindən başlayaraq ta Vətən müharibəsinə kimi kütləvi qəhrəmanlıq salnaməsi yazan əsgərlərin döyüşlərdə göstərdiyi şücaətin şahidi olaraq gördük. Bu şanlı tarixi bu gün qürurla yada salır, xalqın birlik salnaməsi kimi təhlil edirik.
Şair Ramaldanov
Müsahibəni
aprdı:
Tahirə Qafarlı
Həftə
içi.- 2025.- 10-16 aprel,¹13.- S.3.