Elm adamlarının orta yaş həddi
yuxarıdır
Müasir dünyanın tələblərinə uyğun
ölkəmizdə də
milli təhsil sistemi formalaşdırmaq və nizamlı inkişafa malik olmaq ölkənin beynəlxalq rəqabətliliyini
şərtləndirən əsas
amillərdən biri kimi zəruridir. Təhsil və elm sektoruna ayrılan
diqqət, eləcə
də bu sahədə mövcud problemlərin həlli strateji yanaşma və təxirəsalınmaz
islahatların aparılmasını
tələb etməklə
yanaşı, elm və təhsilə ayrılan diqqətin, görülən işlərin,
aparılan islahatların
müasir dövrümüzün
tələbləri ilə
nə dərəcədə
uzlaşması birmənalı
qarşılanmır.
Ölkəmizdə elm və təhsil sahəsində görülən işlər qlobal dünyanın tələbləri ilə nə dərəcədə səsləşə bilir? Bu və ya digər məsələlərlə bağlı suallarımızı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov cavablandırır:
- Prezidentin son Sərəncamı
ilə bir çox elmi institutlar publik hüquqi şəxs oldu və iki
insititut yaradıldı.
Bu islahatlar nədən
xəbər verir?
- Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
vaxtilə Milli Elmlər
Akademiyasının tərkibindən
çıxarılıb Elm və Təhsil Nazirliyinə verilən institutlarla bağlı Sərəncam imzalamışdı.
Sərəncama görə,
oxşar profildən olan institutlar birləşdirilir, bir neçəsinə publik hüquqi şəxs statusu verilir, bir neçəsi ali təhsil müəssisələrinə birləşdirilir,
iki yeni institut yaradılır. Bu sərəncam
həm elmin, həm də təhsilin inkişafına
müsbət təsir
edən hadisədir.
İnkişaf etmiş ölkələrdə
elm, təhsil və tədqiqatlar bir yerdə cəmlənir, bu təcrübə özünü doğruldub.
Azərbaycan da dünya
təcrübəsindən istifadə
edərək bu yola üstünlük verir. Dövlət başçısının bu
sərəncamından sonra
elm, təhsil və elmi tədqiqatların bir əldən idarə olunması üçün münbit
şərait yaranır.
Yəqin ki, yaxın gələcəkdə elmi
tədqiqat institutlarının
birgə fəaliyyət
göstərməsi üçün
bütün maneələr
aradan qaldırılacaq.
- Azərbaycan Milli Elmlər
Akademiyasının mövcudluğu
ilə bağlı həmişə fikirlər
birmənalı olmayıb.
Çoxları onu sovet mirasının qalığı hesab edir. Bunun əksini düşünənlər də
az deyil. Sizcə, bu gün AMEA-nın varlığına ehtiyac varmı?
- Elmlər Akademiyası elm ocağıdır. Yaddan çıxarmaq lazım deyil ki, bu elm ocağı yarandığı
gündən bu günə kimi Azərbaycanın maraqlarını
müdafiə edib və edir. Uzun
illər Azərbaycanın
elm adamları Akademiyada
çalışır və
elmin bütün sahələrində böyük
uğurlar qazanmışdılar.
Neft sahəsində böyük şöhrət
qazanan alimlərimiz Akademiyanın yetirmələri
olmuşlar. “Dağlıq
Qarabağ”la bağlı
erməni iddialarına
ilk inkaredilməz cavab
Akademiyada çalışan
tarixçilərimizdən gəldi. Azərbaycan tarix elmində əvəzsiz xidmətləri
olan Ziya Bünyadov Akademiyada Şərqşünaslıq İnstitutuna
rəhbərlik edirdi.
Doğrudur, bu gün Akademiya əvvəlki gücündə
deyil. Sovet dövlətinin süqutundan
sonra bir çox keçmiş müttəfiq respublikalarda
Akademiya ləğv olundu, bəziləri statusunda dəyişikliklər
etdilər. Azərbaycanda
da bu istiqamətdə
köklü işlər
aparılır. Azərbaycan
Milli Elmlər Akademiyası
deyiləndə Azərbaycanın
dövlət başçısının
sərəncamında adıçəkilən
institutlar yoxdur. Akademiya ictimai və humanitar sahə üzrə məşğul olan institutlardan ibarətdir.
- Azərbaycan niyə
elmdən pul qazana bilmir? Səbəblərini nədə
görürsünüz?
- Ədalət naminə qeyd etmək lazımdır ki, sovet dönəmində müttəfiq
respublikaların sahə
institutları arasında
güclü inteqrasiya
mövcud idi. Bu əlaqələr qırılandan
sonra sahə institutlarının özlərini
saxlamaq imkanları tükəndi. Azərbaycan
müharibə girdabına
salındı. Torpaqlarının
20 faizi işğal olundu. Gələcəkdə
sahə institutlarının
özlərini maliyyələşdirməsi
üçün yeni yol
xəritələri işləməli
və yeni hədəflər
müəyyən etməlidirlər.
- Bu gün azərbaycanlı
elm adamlarının, alimlərinin
orta yaş həddi çox yüksəkdir. Bu nə ilə bağlıdır?
Belə qeydlər də var ki, bu, gənclərin elmə marağının olmamasının,
yaxud başqa amillərin təsirinin nəticəsidir?
- Bəli, mən də sizinlə razıyam ki, elm adamlarının
orta yaş həddi yuxarıdır. Mövcud statistika bunu təsdiq edir. Amma gənclərin elmə marağı azalıb fikri ilə razı deyiləm. Bu gün Azərbaycanın gəncləri
dünyanın ən nufuzlu ali məktəblərində
təhsilin bakalavr və magistr pillələrində böyük
uğurlara imza atır. Dünyanın inkişaf etmiş ölkələrində minlərlə
azərbaycanlı gənc
çalışır. Bunları
da dilə gətirmək
lazımdır. 44 günlük
Vətən Müharibəsində
nəyə qadir olduğunu bütün dünyaya sübut edən Azərbaycan gəncliyi, elm sahəsində
də özünü
sübut edəcək.
- Dünya təcrübəsində
elmi laboratoriyalar, mərkəzlər universitetlərin
daxilində fəaliyyət
göstərir. Bu gün
Azərbaycan universitetlərinin
belə bir imkanı, potensialı varmı?
- Bəli, Azərbaycanda da dünya təcrübəsinə
istinadlar mövcuddur. Gələcəkdə elmi
tədqiqatların Universitetdə
cəmlənməsi prosesi
başlayıb. Prezidentin
sərəncamında Sumqayıt
və Gəncə şəhərlərində sahə
institutlarının Universitetlərə
birləşdirilməsi buna əyani misaldır.
- Elmi adların verilməsi də həmişə aktual mövzu olaraq qalır. Bəzən, hətta dosent adını almaq üçün illərlə
gözləməli olursan.
Necə fikirləşirsiniz,
elmi adların verilməsi qaydalarının
dəyişdirilməsinin vaxtı
çatmayıbmı?
- Elmi adların verilməsi ilə bağlı heç bir problem yoxdur. Azərbaycan Respublikasının
Prezidenti yanında Ali
Attestasiya Komissiyasının
Tarix və Antropologiya ixtisası üzrə Ekspert Şurasının sədri
kimi deyirəm - elmi adların və elmi dərəcələrin
verilməsində heç
bir problem yoxdur, hər şey şəffafdır. Buna şübhəniz
olmasın.
- Büdcədən elmin inkişafına ayrılan
məbləğ də
deputatlar arasında müəyyən vaxtlarda narazılıq yaradıb.
Bu məsələdəki mövqeyiniz
də maraqlı olardı...
- Elmə və təhsilə ayrılan büdcə müzakirə
olunarkən narazılıq
yaratmır. Əksinə,
elm və təhsilə
ayrılan büdcənin
yetərliyinə əmin
olmaq üçün
müzakirələr uzun
çəkir. Elm və
təhsil komitəsinin
sədri kimi daha çox maraqlıyam ki, daha çox məktəb, bağça tikilsin, daha çox elmi-tədqiqat laboratoriya qurulsun və sair.
Anar
İsgəndərov
Müsahibəni apardı:
Tahirə Qafarlı
Həftə
içi.- 2025.- 10-16 aprel, ¹13.- S.5.