Faşizm üzərində qələbədə
Azərbaycan
mühüm rol oynadı
Azərbaycan dövləti, xalqımız
keçdiyi böyük
qəhrəmanlıq tarixini
qürurla vərəqləyir.
Həmin tarixi gün minlərlə azərbaycanlının II Dünya
müharibəsində keçmiş
olduğu hərb yolu, dəyanətli duruşu və faşizm üzərində
qazanılan zəfərə
atdığı imza ilə 80 il sonra bir
daha qeyd olunur. Hitler Almaniyasının 1939-cu ildə
Polşaya hücumu ilə başlanan II Dünya müharibəsinin
1941–1945-ci ilində Azərbaycanın
iştirakı və göstərdiyi qəhrəmanlıq
ayrıca anılır. Bu istiqamətdə “Həftə
içi” qəzetinə
müsahibə verən
Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədri
Cəlil Xəlilov mühüm məqamlara diqqət çəkib.
Bakıya
“Qəhrəman şəhər” adı verilməlidir
- İkinci dünya müharibəsi –
9 May Qələbə
Günü Azərbaycanın
tarixində necə anılır?
- İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixində mühüm yer tutur. Hər dövrün öz igidləri, hər zəfərin isə öz daşıyıcıları olur. Tarix bir millətin yaddaşını zaman-zaman vərəqləyir. Bəzən bu yaddaş unudulmağa üz tutur. Amma elə anlar var ki, o yaddaş yenidən dirçəlir, çağdaş dünyaya qürurlu bir səslə ucalır. Azərbaycan SSRİ-nin tərkibində olsa da, müharibədə göstərdiyi rəşadət yalnız sovet tarixində deyil, ümumilikdə dünya müharibələri tarixində də mühüm iz qoyub. 700 mindən çox azərbaycanlının döyüşlərə yollanması, könüllülərin qısa zamanda 25 min nəfərə çatması və ümumilikdə əhalinin üçdə birinin cəbhəyə səfərbər olunması bu xalqın vətənpərvərlik ruhunun göstəricisidir. Bu insanlardan bəziləri Berlinə qədər irəlilədi, digərləri Qafqaz dağlarında, Volqa sahillərində, ya da Şərqi Avropa şəhərlərində canlarını torpağa əmanət etdi. Hər bir halda onların hər biri tarixə qəhrəman kimi düşdü. Formalaşdırılmış 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Xüsusilə 416-cı diviziya Berlinə qədər irəliləyərək, Reyxstaqa hücum edən qoşunlar arasında yer aldı. Bu diviziyanın 8 əsgəri Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə döyüşçüsü isə müxtəlif orden və medallara layiq görüldü.
Azərbaycan təkcə əsgəri gücü ilə deyil, həm də öz nefti ilə döyüşürdü. Bakı müharibə dövründə Qələbənin neft paytaxtına çevrilmişdi. Bakı neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin, eləcə də yüksək oktanlı təyyarə yanacağının 90 faizini göndərmişdi. Burada “Katyuşa” qurğularından tutmuş, zirehli texnikaya və geyimə qədər 130-dan çox silah və sursat növü istehsal olunurdu. Arxa cəbhədə, xüsusilə Azərbaycan qadınlarının qəhrəmanlığı diqqətəlayiq idi. 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü cəbhəyə göndərildi. Sənaye sexlərində, zavodlarda, kənd təsərrüfatında və hospitallarda çalışan minlərlə qadın müharibənin görünməyən, amma həlledici cəbhəsində döyüşürdü. Ölkədəki 70-dən artıq hospitalda 441 min yaralı əsgər müalicə olundu. Azərbaycanın alim və mühəndisləri, o cümlədən akademik Yusif Məmmədəliyev yüksək keyfiyyətli aviasiya benzininin istehsalında mühüm rol oynadı. Azərbaycan xalqı bununla da kifayətlənmədi. Müdafiə Fondu üçün 311 milyon manat, 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 125 vaqon isti paltar və 1,6 milyon müxtəlif əşya toplanaraq cəbhəyə göndərildi.
Müharibədə Bakı nefti nəhəng sovet hərb maşınının fasiləsiz fəaliyyətini təmin etmiş, qələbəyə misilsiz töhfə vermişdir. Bu baxımdan, Bakıya “Qəhrəman şəhər” adının verilməsi vacibdir. Bakı öz fədakarlığı ilə bu ada layiq olduğunu müharibə dönəmində artıqlaması ilə sübut edib.
- İkinci Dünya Müharibəsində
qələbənin qazanılmasında
Azərbaycan xalqının
igid oğullarının
iştirakı necə
anılır?
- 1941–1945-ci illərin qanlı-qadalı Böyük Vətən müharibəsi bu xalqın hünər salnaməsinə çevrildi. Mayın 8-dən 9-na keçən gecə imzalanan təslim aktı ilə faşist Almaniyasının diz çökdürülməsi təkcə silahın gücü ilə deyil, həm də zəhmətin, sədaqətin və fədakarlığın gücü ilə mümkün oldu. O qələbənin qazanılmasında böyük rolu olan Azərbaycanın Vətən övladlarının çoxu geri dönmədi. Amma adları tarixə yazıldı. İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Həzi Aslanovun və onlarla qəhrəmanın igidliyi bu xalqın iradəsinin, döyüş ruhunun təcəssümüdür. Onlar bir millətin qürur rəmzinə çevrildilər. Qafqazdan Berlinə qədər uzanan döyüş yolu ilə keçən Azərbaycan diviziyaları, şəhər və kəndlərdə yaradılan minlərlə özünümüdafiə dəstəsi göstərdi ki, bu xalqın zəfərə inamı sonsuzdur. Azərbaycan xalqı bu müharibədə təkcə silahla deyil, həm də ürəyi, ruhu və varlığı ilə döyüşdü. Bu gün həmin tarixi yadda saxlamaq, qəhrəmanlarımızın xatirəsini uca tutmaq bizim borcumuzdur. Qələbənin 80 illiyini qeyd etdiyimiz bu günlərdə Azərbaycanın İkinci Dünya müharibəsində göstərdiyi misilsiz xidmətləri bir daha xatırlamaq, gələcək nəsillərə çatdırmaq ən ali vəzifələrimizdən biridir. Bu çətin illərdə Azərbaycanın yetirdiyi fədakar oğullardan biri də Həmid Əliyev idi. Həmid Əliyevin həyat yolu, sadəcə, bir şəxsin karyerası deyil, bütöv bir xalqın mübarizə və zəfər tarixinin aynasıdır. Hərbi xidmətlərinə görə və Böyük Vətən müharibəsində iştirakı ilə əlaqədar olaraq “Almaniya üzərində Qələbəyə görə” 2-ci dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif edilmişdir. Eyni zamanda o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 1 may tarixli Fərmanı ilə 1944-cü ilin dekabrında “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir.
Bu müharibədə milyonlarla insan həyatını itirmiş, dünya siyasi, iqtisadi və mənəvi baxımdan dərin dəyişikliklərə məruz qalmışdır. Bu müharibədə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür ki, onlardan biri də Cəmil Əhmədov idi. Cəmil Əhmədov təkcə düşmənə qarşı deyil, qorxuya, ümidsizliyə və təslimiyyətə qarşı döyüşürdü. Onun timsalında Azərbaycan gəncinin müharibəyə münasibətini, torpağa, xalqa və azadlığa olan sədaqətini görmək mümkündür.
- Azərbaycanın 44 günlük müharibədə
işğal olunmuş
ərazilərin azad olunmasına II Dünya müharibəsindən baxsaq, necə paralellər aparmaq olar?
- Faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan həlledici rol oynadı. İgid oğullarımız babalarının yolunu ləyaqətlə davam etdirərək, 2020-ci ildə erməni faşizminə qarşı rəşadətlə döyüşdü, Vətən müharibəsində tarixi qəhrəmanlığını təkrarladı. Xalqımız həm İkinci Dünya müharibəsi, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərib.
Bizim üçün qürurvericidir ki, Azərbaycan gəncliyi atalarının, babalarının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində də təkrarladı, respublikamızın ərazi bütövlüyünü təmin etdi.
Azərbaycan gəncliyi öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etdi ki, əcdadlarının qəhrəmanlıq ənənəsinə sadiqdir. Unutmayaq ki, Ümummilli Lider Heydər Əliyev də, Prezident İlham Əliyev də çıxış və tövsiyələrində hər zaman ölkə gəncliyini milli-mənəvi dəyərlərə bağlı olmağa səsləyib, yüksək vətənpərvərlik ruhuna malik olmağın vacibliyini vurğulayıb. Biz bütün bu tövsiyyələri daim diqqət mərkəzində saxlamalı, əməli fəaliyyətimizlə dövlətimizə, Prezidentimizə dəstək olmalıyıq.
- Ermənistanda – İrəvanın mərkəzində
faşist cəlladı
və satqın, Qaregin Njdeyə abidənin ucaldılmasını
necə izah etmək olar?
- Qaregin Njdenin qəhrəman kimi qələmə verilməsi faktı ortadadır. Ermənilər Rusiyada da Qaregin Njdeyə abidə qoymuşdular. Rusiya Dumasının deputatlarının təkidi ilə o abidəni sındırıb ləğv elədilər. Erməni separatçıları Njdeyə işğal altında olan Qarabağda da abidə qoymuşdu. Qarabağ işğaldan azad olunan kimi dağıdıldı. Bu qədər cinayətləri olan şəxsin abidəsini qoymaq yolverilməzdir. Bu fakt göstərir ki, ermənilər faşizmi təbliğ edirlər. Azərbaycan Prezidenti də həmişə MDB dövlətlərinə və ictimaiyyətə Azərbaycanın üzləşdiyi tarixi gerçəkliklərlə bağlı geniş məlumatlar verib. Azərbaycan Prezidenti Aşqabadda keçirilən MDB liderlərinin sammitindəki çıxışı zamanı Ermənistanın faşistləri qəhrəmanlaşdırdığını və əvvəlki hökumət tərəfindən İrəvanın mərkəzində faşistlərlə əlbir olan Qaregin Ter-Arutyunyana abidə qoyulduğunu bildirib.
Prezident Rusiya Xarici İşlər Nazirliyinin may ayında çıxan “Nasizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyət” adlı hesabatından da sitat gətirib: “Xüsusilə bu hesabatda deyilir ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası Qaregin Njde kimi millətçi siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addım atdı. Burada Üçüncü Reyxlə əməkdaşlıq haqqında məlumat var. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”, - deyə Prezident bildirmişdi.
Azərbaycan Cənubi Qafqazda bu gün də erməni faşizmi ilə üz-üzə qalıb. İgid oğullarımız babalarının qəhrəmanlıq tarixini təkrarlayaraq 44 günlük savaşda torpaqlarını işğaldan azad etməklə faşist Njdenin davamçılarının üzərində qələbə qazandı. Nejde hələ 1918-ci ildə azərbaycanlıların Ermənistandan qovulmasında, soyqırımlarda, Azərbaycan insanlarının qətlə yetirilməsində iştirak edib. Müharibə dövründə isə Hitlerin köməkçisi olub, sovet əsgərinin dislokasiya yerlərini öyrənib almanlara məlumat verib, sovet əsgərini məhv edib. Ona görə də müharibədən sonra Stalinin göstərişi ilə ona 25 il cəza veriblər. Njde Vladimir türməsində ölüb. Buna baxmayaraq, Ermənsitanda bu gün ona Baqramyanla yanbayan abidə ucaldıblar. Bu da o deməkdir ki, Ermənistan faşizmi dəstəkləyir, təbliğ edir.
- Azərbaycan Ordusunun, hərbi gücümüzün bugünkü
səviyyəsi haqqında
nələri söyləmək
olar?
- Azərbaycan Ordusu xalqımızın qürurudur. Hərbi qüdrətini davamlı olaraq artıran Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlər bunun sübutudur.
Azərbaycan Ordusunun qüdrəti gündən-günə artır, qələbələr, nailiyyətlər bir-birini əvəzləyir.
- Bu gün
müharibə veteranlarına
dövlət qayğısı
necədir və bunu gənclərin vətənpərvərlik ruhuna
təsiri baxımından
necə dəyərləndirmək
olar?
- Veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin əsas diqqət mərkəzində olub və bu gün də diqqət mərkəzindədir. Bu yöndə silsilə addımların atılması bir daha göstərir ki, ölkə başçısının apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Veteranların təminatına dövlət başlıca məsələ kimi yanaşır, onların sosial rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Xatırladım ki, bu günə qədər müharibə əlilləri üçün çoxlu sanatoriyalar, reabilitasiya mərkəzləri inşa edilib. Bu müəssisələr müasir avadanlıqlarla təmin edilib. Veteran və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir. Ölkə başçısının verdiyi son sərəncamlar da müharibə veteranı və əlillərinə olan qayğının təzahürüdür.
Dünyanın heç bir ölkəsində veteranlara bizdə olduğu qədər diqqət və qayğı göstərilmir. Bir müddət bundan öncə ölkə başçısının müxtəlif təbəqə və kateqoriyalardan olan vətəndaşların müavinətlərini artırması, onların mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi istiqamətində atdığı addımlar cəmiyyətdə böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılandı.
Prezident Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi veteranları və əlilləri, Çernobıl hadisəsi, Əfqanıstan müharibəsi iştirakçıları ilə bağlı bir neçə sərəncam imzaladı. Bu sərəncamlarda veteranların sosial şəraitinin yaxşılaşdırılması, onların ev, avtomobil təminatının həyata keçirilməsi, sosial müdafiəsinin gücləndirilməsi, aldıqları müavinətlərin artırılması və s. kimi məsələlər öz əksini tapıb. Təbii ki, bütün bu addımlar insanların sosial rifahının yüksəldilməsinə hesablanıb. Hansı ki, həmin addımlar cəmiyyət tərəfindən, eləcə də respublikamızda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən Respublika Veteranlar Təşkilatı tərəfindən rəğbətlə qarşılanıb.
Dövlətimizin sosial yönümlü çoxsaylı layihələri mövcuddur və bu yeniliklər də həmin layihələrin davamıdır.
Azərbaycanda bu, çox yüksək səviyyədədir. Veteranların pensiyasına diqqət edin. Bizdə veteranlar dövlətdən çox yüksək məvacib alır. Veteran ailələrinə dövlət tərəfindən ciddi yardımlar edilir. Digər dövlətlərdə veteranlara qayğı elə də yüksək deyil. Qonşu ölkələrə səfər edəndə və ya onların təmsilçiləri Azərbaycana gələndə, ölkəmizdə veteranların aldığı məvacibi eşidəndə, bizə açıq-aşkar qibtə və həsədlə yanaşırlar. Mən fürsətdən istifadə edərək ölkə başçısına veteranlara yaratdığı bu şəraitə görə bir daha öz minnətdarlığımı bildirirəm. Onlar burada müxtəlif tədbirlər keçirmək, öz asudə vaxtlarını səmərəli dəyərləndirmək imkanı əldə edirlər. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Bu gün bizim təşkilatda çalışan hüquqşünaslar son dövrdə qanunda edilən dəyişiklikləri, yeni qəbul edilən qanunları veteranlara çatdırır, hüquqi məsləhətlər verir, onların hüquqi problemlərinin həllinə yardımçı olurlar. Bütün bunlar veteranlara olan dövlət qayğısının bariz nümunəsidir.
Gənclərimiz, ordumuzda xidmət edən zabitlər, hərbi məktəblərimizdə təhsil alan kursantlar ölkə başçısının veteranlara göstərdiyi qayğını alqışlayırlar. Onlar görürlər ki, Vətən üçün çalışan, Vətən uğrunda sağlamlığını itirən şəxslərə dövlət tərəfindən böyük qayğı var. Dövlət heç bir vətəndaşını diqqətsiz qoymur. Onun dövlət qarşısındakı xidmətləri həm dövlət təltifləri ilə qiymətləndirilir, həm də sosial yardımlarla təqdir edilir. Onların ailə üzvləri də müəyyən imtiyaz və yardımlardan istifadə edirlər. Bütün bunlar isə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir.
Prezident İlham Əliyevin bütün kateqoriyadan olan veteranlar kimi, İkinci Dünya müharibəsi veteranlarına da böyük qayğı göstərdiyini vurğulamalıyıq. Azərbaycanlı döyüşçülərin xatirəsinin Rusiya və digər ölkələrdə əbədiləşdirilməsi vacibdir. Azərbaycanlılar, sadəcə, keçmiş SSRİ ölkələrinin deyil, bir çox Şərqi Avropa ölkəsinin faşist işğalından azad edilməsində mühüm rol oynayıb. Bu baxımdan, onların adının bu ölkələrdə əbədiləşdirilməsi tarixi ədalətin təmin edilməsi, mənəvi borcun yerinə yetirilməsi baxımından zəruridir.
Bu gün veteranların təcrübəsi və döyüş xatirələri gənc nəslin vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayır. Bir xalq öz qəhrəmanlarını unudursa, gələcəkdə yeni igidlər yetişmir.
Cəlil Xəlilov
Müsahibəni
apardı:
Tahirə Qafarlı
Həftə
içi.- 2025.- 8-14 may, ¹17.- S.3.