Zəfərin iqtisadi yolu

 

2020-ci ilin payızında Azərbaycan tarixi bir dönüş yaşayır. Otuz ilə yaxın işğal altında olan Dağlıq Qarabağ düşməndən azad olunur və bu qələbə ölkənin yalnız siyasi yox, iqtisadi həyatında da yeni dövrün başlanğıcını qoyur.Müharibədən dərhal sonra dövlətin qarşısında iki böyük vəzifə dururdu: dağıdılmış əraziləri yenidən qurmaq və azadlıqdan doğan fürsətləri real iqtisadi gücə çevirmək. Uzun illər işğal altında qalmış torpaqların tamamilə viran vəziyyətdə olması ilkin mərhələdə bərpa və quruculuq prosesini prioritet etdi. Eyni zamanda Azərbaycan iqtisadiyyatının strukturunda da dönüş baş verdi.

 

Aktual

 

Dövlət uzunmüddətli asılılığı azaltmaq üçün neftdənkənar sahələrin inkişafını sürətləndirdi, büdcə xərcləmələrini rasionallaşdırdı və maliyyə sabitliyini qorumağa çalışdı. Zəfərdən sonra ölkədə bərpa, quruculuq və inteqrasiya prosesi sürətləndi, iqtisadi mənzərə tədricən yeniləndi və yeni imkanlar ortaya çıxdı.

 

İqtisadiyyatın coğrafiyası dəyişib

 

Artıq iqtisadiyyatın coğrafiyası dəyişib. Dünən xarabalığa çevrilmiş Füzuli, Cəbrayıl, Zəngilan və Ağdam bu gün böyük tikinti meydanına dönüb. Yollar, hava limanları, sənaye parkları, “ağıllı kəndlər” – bütün bunlar təkcə Qarabağın deyil, Azərbaycanın ümumi iqtisadi mənzərəsini yenidən formalaşdırır.

Müharibədən sonrakı beş il bərpa ilə yanaşı, sabitlik və modernləşmə illəri kimi də tarixə düşür. Beş il ərzində iqtisadi rəqəmlər də bunu təsdiqləyir. Azərbaycan iqtisadiyyatı pandemiya və müharibənin yaratdığı sarsıntılara baxmayaraq, öz dayanıqlığını qoruyur. Büdcə gəlirləri 2020-ci illə müqayisədə 50 faizdən çox artaraq 37 milyardı ötür. Belə ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təxminən 24 milyard 681,7 milyon manat təşkil edib. 2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37 164,2 milyon manat civarında olub. 2025-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat təşkil edir. Bu məbləğ 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 faiz çoxdur. Gələn ilin büdcə gəlirləri isə 38 milyard 609 milyon manat proqnoz edilir. Bu illər ərzində ölkənin ümumi dövlət borcu da azalıb. 2020-ci ildə dövlət borcu ÜDM-ə nisbətdə 23,4 faizə bərabər olmuşdusa, 2025-ci ilin oktyabrın 1-nə olan məlumatlara görə, dövlət borcu 25,36 milyard manatdır. Bu  ÜDM-in 19,5 faizini təşkil edir. 2020-ci ildə büdcə gəlirlərinin 43 faizi neftdənkənar sahələrdən gəlirdisə, 2024-cü ildə bu göstərici artıq 52 %-ə çatır. Neftdənkənar ixrac 2020-ci ildə 1,85 milyard dollar idi, 2024-cü ildə isə 3,4 milyard dollara qədər yüksəlib. Qeyri-neft sektoru iqtisadi fəallığın əsas dayağına çevrilir və artıq dünya bazarlarında “Made in Azerbaijan” yalnız xam neftlə deyil, həm də kənd təsərrüfatı məhsulları, qida emalı, alüminium, tekstil və tikinti materialları ilə tanınır.

Qarabağın iqtisadi dirçəlişi beş ilin ən strateji hadisəsi olaraq davam edir. Füzuli, Şuşa, Ağdam, Cəbrayıl və Zəngilan rayonlarında sənaye və kənd təsərrüfatı parkları qurulur, beynəlxalq hava limanları fəaliyyət göstərir, turizm infrastrukturu genişlənir. Enerji təminatı “yaşıl enerji” konsepsiyasına uyğun formalaşır. Ötən il Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” tərəfindən 550 milyon kilovat saatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq “Yuxarı Vəng”, 4,3 MVt-lıq “Zar”, Laçın rayonunda 2,8 MVt-lıq “Zabux”, 4,6 MVt-lıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib. Bununla da, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığının icrası üzrə işlər ardıcıllıqla görülməkdədir. Belə ki, 4 il ərzində 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə, növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” layihələrinin genişləndirilməsi çərçivəsində Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün yarımstansiya tikilir. Paralel olaraq “Nobel Energy” şirkəti tərəfindən 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisinə də start verilib. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 500 MVt-a yaxın hidroenerji və 300–400 MVt gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

 

İqtisadi diplomatiya güclənib

 

Ölkənin iqtisadi diplomatiyası da güclənir. Azərbaycan enerji və nəqliyyat layihələrində regional lider mövqeyini möhkəmləndirir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması tranzit gəlirlərini artıracaq və ixrac coğrafiyasını genişləndirəcək. Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq iqtisadi əhəmiyyətini yüksəldir. Beynəlxalq reytinq agentlikləri də ölkəmizin iqtisadi göstəricilərini müsbət qiymətləndirir. “Fitch Ratings” bildirir ki, azad edilmiş ərazilərin bərpası və dövlət investisiyaları ölkənin real ÜDM artımına uzunmüddətli təsir göstərir. “Moody’s” isə maliyyə sabitliyini “möhkəm” səviyyədə saxlayır. Bu da xarici sərmayənin cəlbini stimullaşdırır.

Əlbəttə, risklər hələ qalır. Qarabağda geniş minalanmış sahələr bərpa prosesini ləngidir, bəzi bölgələrdə xərclər yüksəkdir və qlobal enerji bazarında qiymət dəyişkənliyi iqtisadi sabitliyə təsir edə bilər. Dövlət bu riskləri minimuma endirmək üçün maliyyə yastığını gücləndirir və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl addımlar atır.

İqtisadiyyatın texnoloji tərəfi sürətlə inkişaf edir. Startaplar və rəqəmsal platformalar artmaqda davam edir, elektron xidmətlər genişlənir, dövlət elektron hökumət sistemlərini gücləndirir, bürokratiya sadələşdirilir və investisiya mühiti şəffaflaşdırılır. Bu proseslər həm daxili iqtisadi fəallığı artırır, həm də xarici sərmayəni cəlb edir.

Beş il ərzində Azərbaycan iqtisadiyyatı həm sınanır, həm də güclənir. Müharibənin ağır nəticələrindən doğan vətənpərvərlik, bərpa iradəsi və dövlətin uzaqgörən siyasəti nəticəsində iqtisadiyyat yeni mərhələyə qədəm qoyur. Qarabağda inşa edilən yollar, açılan məktəblər, qurulan zavodlar təkcə bir regionun deyil, bütün ölkənin inkişafına təkan verir. Zəfərdən keçən beş il Azərbaycanın yalnız torpaqlarını deyil, həm də iqtisadi gələcəyini azad etdiyini göstərir. İndi məqsəd o gələcəyi davamlı etməkdir. Elə bir gələcək ki, orada neftdən asılılıq deyil, innovasiya, texnologiya, bərpa olunan enerji və insan kapitalı baş rolda olsun.

 

Azad olunmuş ərazilər yalnız

siyasi qələbənin simvolu deyil

 

İqtisad elmləri doktoru, professor Əli Əlirzayev hesab edir ki, azad edilmiş ərazilər yalnız siyasi qələbənin simvolu deyil, həm də ölkənin iqtisadi inkişafında vacib dayağa çevrilir: “Bu qələbə iqtisadiyyatın strukturunda yeni bir qat yaradıb. O təkcə torpaqları bərpa etməkdən ibarət deyil, bölgənin iqtisadi aktivliyini artırmaq, investisiyaları cəlb etmək və özəl sektorla birgə dayanıqlı istehsal yaratmaqdır. Statistik göstəricilər də bunu təsdiqləyir. 20252028-ci illərdə bu zonaya dövlət büdcəsindən planlaşdırılan 14,6 milyard manat investisiya ayrılır ki, bu, kapital xərclərinin təxminən 28,9  faizini təşkil edir. Eyni zamanda, Zəngəzur dəhlizi bu ərazilərin iqtisadi potensialını həm regional, həm də beynəlxalq səviyyədə artırır. Bu yolun istifadəyə verilməsi tranzit gəlirlərini yüksəldir, ixrac coğrafiyasını genişləndirir və azad edilmiş ərazilərin iqtisadi inteqrasiyasını sürətləndirir. Zəngəzur dəhlizi yalnız nəqliyyat dəhlizi deyil, eyni zamanda ölkənin iqtisadi strukturunda strateji bir faktor kimi çıxış edir və regionun iqtisadi fəallığını gücləndirir”.

 

Sevinc Osmanova

 

Həftə içi.- 2025.- 13-19 noyabr, ¹43.- S.5.