“Axıdılmış
qanın izi ilə”
(Nigar Səttarzadənin
eyni adlı kitabı haqqında)
Salam olsun, çox dəyərli oxucum! Yurdumuzun şanlı (hərb) tarixində qurumuş qan rəngində heç vaxt silinməyəcək,
ləkə kəsmiş
bir iz var. Zaman-zaman “qanlı yanvar”, “20 yanvar”, “hüzn günümüz”, “qürur
günümüz” kimi
xatırladığımız bu gün (günlər)
yaxınlaşmaqdadır. Həmin
müdhiş günlərin
ərəfəsindəyik. Aşağıda yuxarıda
böyük əminliklə
vurğuladığım “heç
vaxt silinməyəcək”
məsələsinə bir
daha aydınlıq gətirəcəm. O barədə
bir az sonra...
Mətləbə keçməzdən
əvvəl həmin günlərə (1990-cı ilin
20-si yanvar və ondan sonrakı günlərə) qısa
tarixi ekskurs etmək istəyirəm. Həmin vaxt mən Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbində X sinfdə
oxuyurdum (Artıq
“Lenin yolu” qəzetində
demək olar ki, müntəzəm dərc
olunduğum vaxtlar idi).
19-undan
20-sinə keçən gecə
Bakıda baş vermiş qanlı qırğından 20-si sübh
tezdən kəndə
gələnlərdən şifahi
məlumatla xəbər
tutduq. Həmin gün dərs olmadı. Müəllim və şagirdlər, bütün kənd camaatı kəndin Ağdam tərəfdən
girişində toplaşıb
xeyli müzakirə (mitinq) etdilər.
Bakıdan gələn
şahidlər danışdı
biz dinlədik. O gün
həmin yerdə 20 yanvar şəhidlərinin
xatirəsini əbədiləşdirmək
məqsədi ilə abidənin bünövrəsi
qoyuldu (şəhidlərin
40-na qədər abidə
hazır olmuşdu
40-da abidənin önündə
yenə mitinq oldu – mitinqdə tanınmış
hərbi foto-reportyor mayor Nağı
Yusifcanlı tərəfindən
çəkilmiş foto
indi də şəxsi arxivimdə qalmaqdadır). Bir müddət
sonra kəndin girişindəki post da orada
qurulacadı... İndi də
həmin yerə “Abidə”, “Abidənin yanı” deyirik... Sonrakı günlərdə Şuşadan
televiziya qısa yayımlar etməyə başladı (Bakıda baş verənlərdən
hamının xəbəri
var idi)... Şəhidlərin 40-na qədər
və ondan sonra qısa
bir müddət ərzində çox saylı fotolarla qəzet məqalələri (xüsusilə
“Vətən” cəmiyyətinin
orqanı olan “Odlar yurdu” qəzetini
vurğulamaq istəyirəm)
ilə yanaşı tərtibçilərindən biri
Azərbaycanın Xalq yazıçısı
Çingiz Abdullayev olan,
fotolarla müşayət
olunan publisistik yazılardan ibarət rus dilində “Черный январь Баку - 1990” kitabı və Azərbaycanın Xalq şairi rəhmətlik Bəxtiyar Vahabzadənin şeirlərdən ibarət
ana dilimizdə “Şəhidlər”
kitabı nəşr olunmuşdu. Sonrakı illərdə həm televiziya və radio efirlərindən, həm də müxtəlif mətbuat orqanlarından çoxlu sayda şahidlərin xatirələri
ilə tanış olduq... Hər il təkrar-təkrar baxdıq,
dinlədik, oxuduq... Nəhayətdə “20 yanvar”
qurumuş qan rəngində qapqara qan yaddaşımıza çevrildi... Yuxarıdakı
“HEÇ VAXT SİLİNMƏYƏCƏK” körpüsü
üzərindən mətləbə,
söhbərimizin məğzinə,
görüşümüzün səbəbinə keçmək
istəyirəm.
HEÇ
VAXT SİLİNMƏYƏCƏK “AXIDILMIŞ QANIN İZİ
...”
Yuxarıdakı qısa haşiyədə
qeyri-adi heç nə yoxdur. Bu qeydlər həmin günləri yaşamış
canlı şahidin – yeniyetmənin gördüklərinin,
eşitdiklərinin təzahürü-inkasıdır.
Ancaq haqqında söhbət açacağım
“Axıdılmış qanın
izi ilə” kitabının mövcudluğu
artıq hadisə, tarix, milli kimlik, qan yaddaşı, genefond məsələsidir.
Kitabın müəllifi
Nigar Səttarzadə
7 iyul 1991-ci ildə Bakı şəhərində
anadan olub. Atası Nazim (Allah rəhmət
eləsin) müəllim
də tanınmış
qələm adamı olub. Hətta atasının da yazıçı
olması belə Nigarın qəhrəmanlıq
göstəricisinə xələl
gətirmir, onun gördüyü işin miqyasını kiçiltmir,
əhəmiyyətini azaltmır.
20 yanvar hadisələrindən
bir il sonra həmin hadisələrin baş verdiyi şəhərdə (şəhərin
mərkəzində) dünyaya
göz açan Nigar Səttarzadə eşitdikləri, gördükləri
(lent yazıları və
filmlərdə) əsasında
özündə formalaşdırdığı
milli təəssübkeşlik ruhundan güc alaraq belə bir məsuliyyətli işin öhdəsindən
böyük ustalıqla
gəlmişdir. Bu məqamda
yuxarıdakı qeyidlərimə
daha bir nümunəni əlavə
etmək istəyirəm.
Mərhum Qələndər
Xaçınçaylının “Güllə işığında”
məlum hadisələrdən
bəhs edən povestilə də tanışam və rəhmətliyin sağlığında
(AYB-nin “Natəvan” zalında təqdimat zamanı da) kitab barədə
özü ilə söhbətimiz – müzakirəmiz
olub. Yəqin ki, mənim hələ rastlaşmadığım başqa
nümunələr də
var. Bu qəbildən olan
demək olar ki, bütün mətnlərdə
publisistikanın təsiri
hiss olunur, izləri aydın görünür...
Məhz bu baxımdan “Axıdılmış
qanın izi ilə” başqa izlərə qarışmır.
Nigar Səttarzadənin
əsəri bütün
məziyyətləri ilə
sırf bədii əsərdir. Məncə
gənc yazar bir az da irəli
gedərək oxucunu ələ almaq üçün kitabçılıq
sənayesinin və oxucu bazarının tələbləri ilə
vacib fəndlər işlədib.
KİTABIN
ÜSTÜNLÜKLƏRİ
Müəllif böyük təvazökarlıq
göstərərək, özünü
hər vəchlə gənc yazar kimi təqdim etməyə çalışsa
da, Nigar Səttarzadə
imzası Azərbaycan
və Türkiyə oxucusuna kifayət qədər tanışdır.
Bu fikrimi təkcə
son 20-25 gün ərzində
ən azı 3-4 dəfə fərqli məkanlarda olduqca müxtəlif auditoriyanın
iştirakı ilə təşkil
olunmuş imza günləri, müzakirələr,
görüşlər də
təsdiqləyir. Məncə,
Nigar Səttarzadə kitabçılıq sənayesində
ilk uğurlu addımlarını
atan, oxucu bazarı uğrunda istənilən müasir yazıçı ilə ədalətli rəqabət
apara biləcək gücdə olan püxtələşmiş (və
ya püxtələşməkdə
olan) yazıçıdır.
Müəllifin və
şübhəsiz ki, kitabın
ərsəyə gəlməsində
əməyi olan yaradıcı heyətin qərarı ilə bədii-tarixi roman kimi səciyələndirilərək təqdim olunmuş “Axıdılmış qanın
izi ilə” əsəri sözün əsl mənasında həm bədiilik, həm də tarixilik baxımından böyük nümunəvi,
eyni zamanda tərbiyəvi əhəmiyyət
kəsb edir. “Kitabçı” nəşriyyatında
nəfis şəkildə
çap olunmuş kitabın fiziki göstəriciləri demək
olar ki, müasir tələblərə tam cavab
verir. Əsas məsələyə - kitabın
içindəkilərə gəlincə, əsərin
qayəsi insan, insanlıq, ayrı-ayrı
fərdlər, onların
özünü cəmiyyətdə
necə aparması, ailə, ailədaxili münasibətlər, uşaqlar,
böyüklər, xalqlar,
onların fərqli dilləri, müxtəlif zümrədən olan fərqli peşə sahibləri və s. və il. ... bu siyahını kifayət qədər uzatmaq olar. Ancaq xüsusilə
indiki dövrdə belə uzunçuluğa ehtiyac yoxdur. Çünki, qoyulmuş problemdən, qaldırılmış
məsələdən asılı
olmayaraq mərkəzdə
insan, onun milliyətindən,
dilindən, dinindən,
mənsəbindən asılı
olmayaraq səhvləri,
yalnış qərarları,
sonra aradan qaldırılması mümkün
olmayan nəticələr
dayanır.
Nigar Səttarzadə nəql edəcəyi hekayətə
birbaşa mərkəzdən
– kuliminasiya nöqtəsindən
başlayır ki, bu
da zamanın tələbi
ilə ayaqlaşmanı
göstərən daha
bir təqdirəlayiq addım kimi qeyd olunmalıdr. Oxucunu ilk sözdən, cümlədən
ələ almaq olduqca önəmlidir. Əgər, diqqətli oxucu, izləyici, dinləyici fikir versə görər ki, xüsusilə
son 5-6 il ərzində əksər
filimlər, hətta cizgi filmləri, hekayətlər, əhvalatlar
kəskin və qızğın hərəkətlə
başlayır. Bu başlanğıcda
yeganə məqsəd
oxucunu, dinləyicini, izləyicini, tamaşaçını
sonra nə olacağın ardınca aparmaqdan ibarətdir.
Nigar Səttarzadə də dünyanın harsında yaşayıb-yaratmasından asılı
olmayarq öndə
olan müasirləri kimi hadisənin “ən hərəkətli”
(qəhrəmanı yartaqda
uzanıqlı olsa belə) yerindən – ortasından (“0” nöqtəsindən)
Miladdan Öncə, Milladdan Sonra prinsipi ilə öz hekayətini nəql etməyə başlayır
və böyük ustalıqla (yazıçı
peşəkarlığı ilə) olduqca müxtəlif zaman və məkanlarda baş vermiş hadisələri bir-birilə bağlayır.
Olduqca fərqli və ibrətamiz insan talelərini əlaqələndirir. Keçidlər
edir. Demək olar ki, əsər boyu zamanın itməsi və qəfildən peyada olma halları ilə rastlaşmırıq.
Rüstəm doktorun daxil edilməsindən tutmuş, Qədirin ailə hekayətinə kimi bütün hallar “qanlı izi” sürməyə xidmət edir. Məncə, müəllifin
hayqırarq demək istədiyi bircə fikir var: İNSAN OLUN!
XIRDA
NÖQSANLAR
Əlbəttə, ümumi işin
xeyirinə olaraq belə bir gözəl
və faydalı nümunənin növbəti
nəşrlərdə daha
da təkmilləşməsi üçün gördüyü
hər bir xırda nöqsanı göstərmək yaxşı
dostun, qələm yoldaşının vəzifə
borcu olmalıdır. Yuxarıda qeyd etdiyim kimi kitab demək olar ki, poliqrafik məhsul kimi ideal – müasir bazarın tələblərinə
tam cavab verə biləcək səviyyədə
çap olunub. Mövzu seçimində,
əhatəlilikdə, faydalılıqda,
məzmunda, ifadə tərzində heç bir problem yoxdur. Əksinə yüksək
peşəkarlıq, ustalıq
hiss olunur. Eyni zamanda xırda texniki qüsurlar da var. Belə ki, bütün
kitab boyu bir neçə eyni orfoqrafik xətanın davamlı şəkildə
təkrarlanması halı
var. Ümidvaram ki, növbəti
nəşrlərdə bu
xırda nöqsanlar
da aradan qaldırılacaq.
KİTABIN
FAYDASI VƏ ƏHƏMİYYƏTİ
Nigar bu əsəri yazmaqla qanlı yanvar hadisələrinin silkələyib oyatdığı
şəhərin, məmləkətin
övladı olduğunu
həm mənəvi, həm də fiziki baxımdan sübut edir, təsdiqləyir. Digər
maraqlı məqam ondan ibarətdir ki, hələ neçə belə Nigarlar doğulacaq. Nigar Səttarzadənin bu kitabı gələcək
nəsillərə gözəl
bir nümunə olmaqla yanaşı, müəyyən dairələr
üçün də
tutarlı ismarıcdır. Tomrislər, Saray xatunlar, Nüşabələr, Həcərlər
var olduqca bu izi itməyə qoymayacağıq! Axıdılmış
qanın izi ilə sona qədər
gedəcəyik!
TÖVSİYƏ
20 yanvar hadisələrinin növbəti il dönümü
ərəfəsində 1990-cı il qanlı yanvarın 19-undan
20-sinə keçən gecəsinin
qaranlıq küçələrinə
işıq salan “Axıdılmış qanın
izi ilə” kitabını mən bu Yurdun övladıyam
deyən hər bir kəs mütləq
oxumalıdır. Nigar
Səttarzadənin “Axıdılmış
qanın izi ilə” kitabını oxumaq istəyənlər Bakı
şəhərinin mərkəzində,
28 may metro stansiyası yaxınlığında,
M.Qaşqay 8 ünvanında
yerləşən “Kitabçı”
kitab evindən əldə
edə bilərlər.
Kitabı əldə edib oxuduqdan sonra fikirlərinizi bizimlə bölüşməyi
unutmayın. Kitab haqqında
resenziyalar ilboyu “Yazarlar” jurnalında və “yazarlar.az” saytında
dərc olunacaq. Seçilmiş məqalələr
2025-ci ilin sonunda
“İZ SÜRƏNLƏR” adı altında toplu kimi çap olunacaq. Bu yazı sənin ilk məqalən,
bu kitab sənin ilk kitabın ola bilər. Niyə də olmasın. Kitab haqqında
irili-xırdalı rəylərinizi
zauryazar@mail.ru ünvanına göndərməyi unutmayın.
İşıtırakçılar üçün sürpriz
hədiyyələr nəzərdə
tutulub. Sona qədər
həmsöhbət olduğunuz
üçün təşəkkür
edirəm. Sağ olun.
Zaur
USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü
Həftə içi.- 2025.- 16-22 yanvar, №2.- S.7.