Çay istehsalımız niyə artmır?!
2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın
çay idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
həcm baxımından
3.3 faiz artaraq 12 893.4 ton, dəyər baxımından isə 4.5
faiz artaraq 67 milyon 715.5 min dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin
hesabatı əsasında
aparılan hesablamalara
görə, hesabat dövründə Azərbaycanın
çay ixracı illik müqayisədə həcm baxımından
4.5 faiz artaraq 679.4 ton, dəyər baxımından isə 1.6
faiz artaraq 5 milyon 998.4 min dollar təşkil edib.
Beləliklə, həcm ifadəsində idxal ixracı 19 dəfə üstələyib.Bu
dövrdə çayın
bir kiloqramının orta idxal qiyməti
8.9 manat, orta ixrac qiyməti isə 15 manat təşkil edib.Qeyd edək ki, ötən
ilin yanvar-noyabr ayları ərzində ölkə ərazisində
çay istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
8.9 faiz artaraq 11 min 528 ton təşkil
edib. Hesabat dövründə çay
ixracı Azərbaycanın
ümumi ixracının
0,02 faizini, çay idxalı isə ölkənin ümumi idxalının 0,36 faizini təşkil edib.
Məlumat üçün
bildirək ki, ölkəmizdə çay
bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib. Çayın elmi əsaslarla becərilməsinə
1929-cu ildən, sənaye
miqyaslı plantasiyaların
salınmasına isə
1932-ci ildən başlanılıb.
Araşdırmalara görə,
əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə
21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının
mövcud vəziyyəti
çay bitkisinin becərilməsinə imkan
verir.
Bununla belə,
1990-cı illərdən etibarən
ölkədə çay
sahələri və istehsalı tədricən
azalmağa başlayıb
və 2010-cu ildə çay plantasiyalarının
sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşüb.
2018-ci ildə isə "Azərbaycan Respublikasında çayçılığın
inkişafına dair
2018–2027-ci illər üçün
Dövlət Proqramı"
qəbul edilib. Məqsəd ölkədə
quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay
emalı müəssisələrinin
xammal təminatının
yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının
ixracının artırılması
və kənd əhalisinin məşğulluq
səviyyəsinin yüksəldilməsi
üçün çayçılığın
inkişafını stimullaşdırmaqdır.
Dövlət Proqramının
icrası nəticəsində
2027-ci ilədək əkin
sahələrinin 3000 hektara,
yaşıl çay yarpağı yığımının
8,5 min tona çatdırılması nəzərdə
tutulur.
Bəs, görəsən,
ölkəyə idxal
olunan çayın həcminin artmasına səbəb nədir?
Mövzu ilə
bağlı bizimlə
fikirlərini bölüşən
kənd təsərrüfatı
üzrə ekspert Vahid Məhərrəmov
deyib ki, Azərbaycanda çay istehsalı kəskin şəkildə aşağı
düşüb:”Azərbaycan vaxtilə
36 min ton yaşıl çay istehsal edib. İndi isə cəmi min ton
yaşıl çay istehsal edir. Yəni, Azərbaycanın
istehsal etdiyi yaşıl çayın
həcmi o qədər
azdır ki, nə idxala, nə ixraca heç bir təsiri yoxdur. Sadəcə, Azərbaycan
hansısa ildə daha çox çay idxal edir. Və həmin
çayın daxildə
qablaşdırılması həyata keçirilərək
digər ölkələrə
ixrac edilir. Beləliklə, digər ölkələrdə tələbat
artanda çay daha çox ixrac olunur, tələbat
azalanda isə əksinə ixrac azalır”.
Ekspert vurğulayıb
ki, Azərbaycanın çay tələbatının
95 faizi idxal hesabına təmin edilir: “Baxmayaraq ki, ölkəmizdə çayçılığın inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib, bu sahədə
hansısa irəliləyiş
əldə olunmayıb.
Məsələn, dövlət
proqramının qəbulundan
altı il keçsə də, yaşıl çay istehsalı lazımi səviyyəyə çatmayıb.
Həmin dövlət
proqramının icrası
nəticəsində 2027-ci ildə çayın əkin sahələrinin 3
min hektara çatdırılması nəzərdə
tutulsa da, sənədin qəbulundan
altı il keçəndən sonra əkin sahəsi cəmi min hektardır.
Çox güman ki, bundan sonra
da bu, artmayacaq,
çünki bu istiqamətində hər hansı bir iş görülmür. Çayın istehsalı da qeyd etdiyim
kimi ildə min tondur. Yəni,
proqramın qəbulundan
əvvəl istehsal necə olubsa, elə də qalıb".
Onun fikrincə,
iki il ərzində
istehsalın səkkiz
dəfə artacağı
inandırıcı deyil:
"Müqayisə üçün,
1988-ci ildə Lənkəran-Astara
bölgəsində çay
plantasiyalarının sahəsi
13.4 min hektar olub. İndi isə əkin sahələri əhəmiyyətli
dərəcədə azalıb.Burada ciddi problemlər süni olaraq yaradılıb. Çayçılıqla məşğul
olan fermerlər su təminatından şikayət edirlər. Belə olan halda, əlbəttə, istehsaldan söhbət gedə bilməz".
Ekspertin sözlərinə
görə, digər tərəfdən, zərərvericilərin,
xəstəliklərin yayılması
tələb edir ki, keyfiyyətli pestisidlər ya ölkədə istehsal olunsun, ya da
xaricdən gətirilsin:
"Burada monopoliya aradan qaldırılmalıdır
ki, nəticədə
bu keyfiyyətli pestisid fermerlərə əlçatan olsun. Hələlik isə tam tərsinədir. Üstəlik də, gübrələr də keyfiyyətsizdir, qiyməti
yüksəkdir. Nəticədə
məhsuldarlıq artmır".
Məsələ ilə bağlı Liberal İqtisadçılar
Mərkəzinin sədri
Akif Nəsirli də bildirib ki, Azərbaycanda çay istehsalı daxili tələbatı ödəyəcək səviyyədə
deyil: ”Düzdür,
statistik rəqəmlər
son illər çay idxalında müəyyən irəliləyişlərin
olduğunu göstərir.
Amma məsələ burasındadır ki, bu Azərbaycanın çay istehsalı potensialının 10-15 faizi
həcmindədir. Əslində
bu sahədə potensialımız yüksəkdir.
Sovetlər dönəmində
həm daxili bazarı təmin edirdik, həm də bütün sovet ölkələrinə
Azərbaycan çayı
ixrac olunurdu. Hazırda bununla bağlı hökumətin
stimullaşdırıcı addımları var. Həmin addımlar nəticəsində ildən-ilə
çay plantasiyaları
genişlənir. Amma hesab edirəm ki, hökumət bu istiqamətdə daha effektiv dəstək
verə bilər. Məsələn, yalnız
cənubda deyil, həm də şimalda çay yetişdirilməsinə cəhd
göstərilməlidir. Zaqatalada
sovetlər dönəmində
çay yetişdirilib
ki, o çay heç vaxt daxili istehlaka yönəldilməyib. Həmin
çay Darcilinq çay istehsalçılarının
məhsulundan da üstün keyfiyyətlərə
malik olub. Yəni, Zaqatalada yetişdilən çay cənub bölgəsində
yetişdirilən çaydan
dəfələrlə keyfiyyətli
olub. Lakin indi heç kimin yadına düşmür ki, Zaqatalada çay plantasiyaları salmaq lazımdır”.
Sevinc
Həftə
içi.- 2025.- 16-22 yanvar, №2.- S.7.