Tramvaylar Bakıya qayıdır
Bu
gün dünyanın əksər ölkələrində
tramvaylara rast gəlmək mümkündür. Tramvaylar həm
rahat, həm də ekoloji baxımdan təmiz nəqliyyat vasitəsi
hesab edilir. Bakıda da vaxtilə tramvaylar fasiləsiz olaraq
işləyirdi. 1924-cü il fevralın 3-də Bakı
küçələrində Dəmiryol Vağzalı ilə
Azneft meydanını birləşdirən ilk tramvay
göründü. İlk dəfə tramvayın idarə
olunması at sürücüsü Aleksandr Lisovskiyə həvalə
edilib. O, bunu belə xatırlayırdı: “İlk bir neçə
saat sərnişinləri pulsuz daşıyırdıq. Bu,
bütün insanlar üçün əsl böyük bayram
idi”.
1924-cü
ilin sonunda Bakı tramvayı 72
vaqonla uzunluğu 35,9 km olan xətdə işləyib. 1939-cu
ildə isə Bakıda tramvay sisteminin uzunluğu 117 km.-ə
çatıb. 1960-cı illərdə Bakıda tramvay sisteminin
inkişafı ictimai nəqliyyatın digər növlərindən
zəif inkişaf edib, əsas diqqət metro tikintisinə,
avtobusların artırılmasına yönəldilib. Beləliklə,
şəhərin tramvay şəbəkəsi tədricən
azalıb. 1980-ci ildə Bakı tramvay şəbəkəsinin
uzunluğu 70 km.-ə düşdü. XX əsrin 90-cı illərindən
Bakının ictimai nəqliyyat sistemindən tramvay intensiv surətdə
sıxışdırılmağa başlanıb. 2004-cü
ilin yanvarında Bakı tramvayı “Xətai” metrostansiyası
- “Montin bazarı” marşrutu ilə sonuncu dəfə hərəkət
etdi. Bununla da paytaxtımızın ayrılmaz hissəsi olan
Bakı tramvayı tarixə qovuşdu.
Amma yaxın gələcəkdə
paytaxt küçələrində
yenidən tramvaylar hərəkət edə bilər. Bununla
bağlı artıq müfaviq ərazilər müəyyənləşdirilib.
"Nəqliyyat sahəsində 2024-cü ildə həyata
keçirilən tədbirlər və 2025-ci il
üçün planlar" barədə mətbuat
konfransında rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini Rəhman Hümbətov deyib ki, tramvay cari
avtobuslardan fərqli olaraq kütləvi daşımalar
üçün nəzərdə tutulur:
"Bu gün Bakıda tramvay xəttinin
inşasının faydalı ola biləcəyi ərazilər
müəyyənləşdirilib. Ümumi baxsaq, şəhər
mərkəzində insanların hərəkəti
üçün ən səmərəli vasitə ilk növbədə
metronu görürük. Prezidentin verdiyi
tapşırığa uyğun olaraq metrostansiyaların yerləri
və digər məsələlərlə bağlı planlar
hazırlanıb. Bu istiqamətdə işlər gedir.
İkinci məsələ insanların şəhər ətrafından
mərkəzə və şəhər ətrafında hərəkətini
təşkil etməkdir. Bu, həm də mövcud dəmir
yolu xətləri ilə mümkündür. Dəmir yolu xətlərində
sovet dövründə mövcud olmuş və hazırda
müəyyən qədər modernizasiyasına ehtiyac olan hissələr
var. Təkliflər ondan ibarətdir ki, onların da bərpa
olunmasına ehtiyac var. Nəticədə, həmin hissədə
ehtiyac dəmir yolu vasitəsilə ödəniləcək.
Metro stansiyaları ilə digər məntəqələr
arasında avtobus daşımalarının daha effektiv
olmasını düşünürük. Burada əlavə
komponent tramvay xəttidir. Bizim metro və ya dəmir yolu
imkanımızın olmadığı yerlərdə, məsələn,
Mehdiabad istiqamətindən Azadlıq prospekti boyu Binəqədidən
keçməklə, “28 May” istiqamətində tramvay xəttinin
çəkilməsi effekt verə bilər. İkinci belə
istiqamətlərdən biri son dövrlərdə əsas
cazibə mərkəzlərindən birinə çevrilən
"Seebreze" zonasıdır. Hansı ki, əsasən bu
bölgədə yenidən salınan bir bölgə kimi
tramvay xəttinin inşası effektiv ola bilər. Bu istiqamətlərdə
də araşdırmalarımız davam edir. Məqsəd
yalnız hansısa nəqliyyat növünün inşası
yox, mövcud resurslarımızın ən effektiv istifadəsinə
yönəlməkdir. Tramvay xəttinin çəkilməsi
üçün zonalar müəyyənləşdirilir və
bu istiqamətdə işlərimiz davam edir".
Bəs,
görəsən, Bakıda
tramvayın bərpası tıxac probleminə
necə təsir edə bilər?
Mövzu
ilə bağlı bizimlə fikirlərini bölüşən nəqliyyat
məsələləri üzrə ekspert Rauf Ağamirzəyev
deyib ki, bu gün böyük şəhərlərdə
tıxac ənənəvi hallardandır: "Lakin onun ciddi
alternativləri olmalıdır. Bu alternativlərin də məsafəyə
uyğun təklifləri olmalıdır. Ötən ildən
başlayaraq Bakıda mikromobillik zolaqları, avtobus
zolaqlarının təşkili həyata keçirildi.
Sevindirici haldır ki, bu ildən yeni metro stansiyalarının
tikilməsi, həmçinin, tramvay xəttinin çəkilməsi
kimi layihələr elan olunub”.
Onun fikrincə, bu istiqamətdə ciddi təhlillər aparmaq
lazımdır: “Tramvayın özünün yeni şəbəkəsi
yaradılmalıdır. Bizdə 21 il bundan öncə tramvay xətləri
ləğv olunub. İndi isə yeni reallığa uyğun xətlər
qurulmalıdır. Burada kontakt şəbəkəsi yenidən
qurulmalı, depo, hərəkət tərkibi
formalaşmalıdır. Marşrut boyu kommunikasiyalar
köçürülməlidir. Yəni bu kompleks tədbirlər
planıdır və ciddi təhlillər əsasında ilk
marşrut xətti bəlli olacaq. Sonradan xətlərin
genişləndirilməsi baş verə bilər”.
Mövzu
ilə bağlı nəqliyyat məsələləri üzrə
ekspert Aslan Əsədov deyib ki, tramvay xətlərinin
çəkilməsi təqdirəlayiq hadisədir: “Amma burada
bir məsələ var – şəhər infrastrukturu buna imkan
verəcəkmi? Yəni bu, mümkün olduğu təqdirdə,
müəyyən addımlar atmaq olar. Məsələn, hər
hansı bir ərazidən yenidənqurma, söküntü
işlərinin aparılması, yolun genişləndirilməsi,
istiqamətin ayrılması hesabına olacaqsa, burada sərnişinlərin
kütləvi axınını təyin edəcək
addımların atılması məmnuniyyət hissi yaradacaq.
Yox, əgər bu məsələlər kifayət qədər
öz həllini tapmayacaqsa, istiqamət üzrə sərnişinlərin
daşınması və avtomobil yolları, yeni zolaq
hesabına tramvay xətləri çəkiləcəksə,
yolların bir zolaq itirilməsi ilə nəticələnəcəksə,
bu, təbii ki, avtobusların daşınmasına da mane ola bilər”.
Onun sözlərinə görə,
hazırda Pirşağı avtomobil yolunun
davamı olaraq Pirşağı hissəsindən “Seebreze” ərazisinə
tramvay xətlərinin çəkilməsi daha real
görünür: “Həmin ərazidə hazırda yolun kənarında
məskunlaşma azdır, yolun genişləndirilməsi
tramvay-trolleybus xəttinin inşa edilməsi məkan
baxımından sərfəli görünür. Hər
hansı tikinti-söküntü işlərinin
aparılmasına isə zərurət olmadıqca ehtiyac
olmayacaq. Mehdiabad istiqamətində mənzillərin
köçürülməsi, evlərin sökülməsi
problem ola bilər, bura kifayət qədər böyük ərazidir.
Evlərin plana düşməsi, sakinlərə
dotasiyaların ayrılması, kompensasiyaların verilməsi
iqtisadi cəhətdən də səmərəli olmalı, həmçinin,
prosesləri özündə ehtiva etməlidir ki, vətəndaşlar
da narazı qalmasın. Orada elə bir imkan da yoxdur ki,
Azadlıq prospekti boyunca əlavə zolaq ayırasan və ya
istifadə edəsən. Bu nöqteyi-nəzərdən proses
çətinləşir. Məsələnin necə tənzimlənəcəyini
isə zaman göstərəcək”.
Sevinc
Həftə içi.- 2025.- 16-22 yanvar,
¹2.- S.8.