Namizədlərin əksəriyyəti gənclərdir

 

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bu, Azərbaycanda bələdiyyələr üçün keçiriləcək sayca 6-cı seçkidir. Seçkilər ölkədə fəaliyyət göstərən 685 bələdiyyə qzrə 118 dairəni əhatə edəcək. Səbəb ölkədə bələdiyyələrin birləşdirilməsidir. Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadədir:

- Bələdiyyələr bütün ölkələr üçün ənənəvi yerli idarəetmə orqanıdır. Azərbaycan üçün bu yeni institutdur. Dövlət müstəqilliyini bərpa edəndən sonra ilk konstitusiyamızda dövlət idarəetmə sistemində bələdiyyələrin mövcudluğunu da təsdiq etdik. Ötən 25 il ərzində Azərbaycanda bələdiyyələr yerli məsələləri həll edən, insanların gündəlik məsələlərini diqqətdə saxlayan orqan kimi qəbul edildi. Əlbəttə, bələdiyyələrdən gözləntilər çoxdur. Hər region digərlərindən bəzən köklü surətdə fərqlənir. Bununla belə, təcrübə yaranıb artıq işinə məsuliyyətlə yanaşan bələdiyyə işçiləri formalaşıb. Artıq neçənci dəfədir ki, etimadı doğruldaraq bələdiyyə üzvü seçilənlər var. Hesab edirəm ki, zamanla bələdiyyələr öz səlahiyyətlərini daha geniş daha mükəmməl yerinə yetirə biləcəklər. Bunun üçün artıq əldə edilmiş təcrübə, cəmiyyətdə bu struktura hörmət gözləntilər çoxdur. Yanvarın 29-da keçiriləcək seçkilərdə bələdiyyələrin tərkibinin xeyli dəyişəcəyini, yeni gənc qüvvələrin, seçiciyə daha yaxın olanların fəaliyyətə başlayacağını gözləyə bilərik.

- Bələdiyyə seçkiləri bələdiyyə sisteminin ümumi mənzərəsinə fikir versək, bu seçki prosesi Azərbaycan cəmiyyətinə yerli özünü idarəetmə orqanı forması kimi hansı imkanı qazandıracaq?

- Artıq bələdiyyələr oturuşub. Bələdiyyələrin vəzifələri, konkret gözləntilər cəmiyyətin hər bir üzvündə var. Bələdiyyələr öz fəaliyyətlərində zaman-zaman yeni mərhələyə keçirlər. Əgər birinci dövrdə bu torpaqların satılması icarəyə verilməsi idisə, artıq yeni dövrdə qarşıda yeni məsələlər durur. Məsələn, son dövrlərdə bələdiyyələr öz bələdiyyə ərazisində parkların, uşaq istirahət mərkəzlərinin yaradılmasına böyük diqqət edirdilər. Bununla bağlı çoxlu sayda nümunələr var - yaşayış kvartallarının abadlaşdırılması, yaşıllaşdırılması, istirahət guşələrinin yaradılması bu qəbildən olan məsələlər idi. Eyni zamanda, kiçik sahibkarlığa diqqət bələdiyyələrin diqqətində idi. Bununla belə, bələdiyyələr artıq böyük işlərə yönəldilər. “Bələdiyyələr haqqındaqanunda bələdiyyələrin orta məktəblər, uşaq bağçaları açmaq, istehsalat müəssisələri yaratmaq hüququ var. Ancaq bələdiyyələrin resursları az olduğuna görə bu layihələrə girişə bilmirdilər. Zamanla bələdiyyələrin birləşdirilməsi barədə qərarlar qəbul edildi. Əgər ilk dövrdə Azərbaycanda 3000 bələdiyyə vardısa, indi 800 bələdiyyə qalıb. Bu, resursların bir araya toplanmasına, böyük layihələrə başlanmasına imkan verəcək. Hesab edirəm ki, 2025-ci ildə seçilən bələdiyyələrin fəaliyyətində biz daha möhtəşəm nəticələr görəcəyik.

- “Bələdiyyələrin statusu haqqındaqanun bələdiyyələrə hansı imkanı qazandırdı?

- Qanun bələdiyyələrə böyük səlahiyyətlər verir. Onların görəcəyi işlərin əhatəsini genişləndirir. Ötən sessiyada Milli Məclis bələdiyyələrin qrant almaq hüququnu təsbit etdi. Bu o deməkdir ki, artıq böyük bələdiyyələr hansısa layihəni həyata keçirmək üçün dövlətdən ya hansısa bir iri təşkilatdan qrantlar ala biləcəklər. Bu isə artıq bələdiyyələrin yeni mərhələdə daha böyük layihələr həyata keçirməsinə imkan verəcək. Eyni zamanda, banklar da bələdiyyələrin imkanlarını, ambissiyalarını görərək onlara uzunmüddətli aşağı faizli kredit verə biləcəklər.

- Bələdiyyələrin birləsdirilməsi hansı zərurətdən yarandı?

 - Bələdiyyələr birləşdirilməli idi. Cəmi 100 evi olan kəndin bələdiyyəsi aydın məsələdir ki, həmin kənddə yol çəkə, imkansız ailə üçün ev tikə, müəssisə yarada, məktəb aça bilər. İlk dövrdə bələdiyyələrin böyük əksəriyyəti dövlətdən dotasiya alırdı. Artıq bələdiyyələrin özlərinin öz resurslarını yaratması vaxtıdır dövlətdən yardım almasına son qoyulmalıdır. Bu baxımdan, bələdiyyələrin birləşdirilməsi, bələdiyyələrin qarşısında böyük imkanlar açır - resursları bir araya yığmaq, böyük layihələrə girişib konket görünən işlər görmək. Yenə bələdiyyələr yollar çəkmək, abadlıq işləri aparmaq işlərini görəcəklər. Lakin bələdiyyələr artıq sahibkarlıq üçün şərait yaratmalıdırlar, sahibkarlıq strukturları ilə birgə görməyə maraqlı olmalıdırlar. Birləşdirmə daha böyük layihələrin həyata keçirilməsinə imkan verəcək.

- Bələdiyyələrin fəaliyyətində daha hansı yeniliyə ehtiyac var?

- Hər seçki irəliyə doğru bir addım, yeni layihələrin artıq reallaşması üçün güc toplamaqdır. Hər bələdiyyə seçkilərində bələdiyyələrin tərkibi dəyişir - gənclər, adamları, müxtəlif təbəqələrin nümayəndləri seçilirlər. İndinin özündə bələdiyyə üzvləri namizədləri siyahısına baxsaq, böyük bir hissəsinin ilk dəfə bələdiyyə üzvü olmaq istəyini görürük. Bu o deməkdir ki, öz fikirləri, öz təşəbbüsləri ilə yeni qüvvələr gələcək, təkliflərini verəcəklər, cəmiyyətdə seçicilərdə olan əhval-ruhiyyəni bələdiyyə binalarına gətirəcəklər. Buna görə bu seçkilərdən gözləntilər çoxdur.

Zaman, cəmiyyət dəyişir. Ona görə əlbəttə ki, hər şeydə yeniliyin olması mümkündür. Zamanla bələdiyyələrin statusunda dəyişikliklər edilir, onlara daha çox səlahiyyətlər verilir. Buna görə tələbat artdıqca, günün əsas məsələsinə çevrildikcə, bələdiyyələrin statusunda dəyişikliklər edilə bilər.

- İcra hakimiyyəti qurumları ilə bələdiyyələr arasında bir-birinin işinə qarışmadan fəaliyyət qurulması necə tənzimlənməlidir?

- Bələdiyyə yerli icra hakimiyyətlərinin səlahiyyətləri fərqlidir. Yerli icra hakimiyyəti Prezidentin yerlərdə nümayəndəsidir, dövlətin icra hakimiyyətinin yerdəki qurumudur. O, dövlətin siyasətinin yerlərdə necə yerinə yetirilməsinə nəzarət edir.  Bələdiyyələr isə yerli özünü idarəetmə orqanlarıdır, bunlar dövlət orqanları deyil. Baxmayaraq ki, bələdiyyələr dövlət idarəetməsinin bir sistemidir. Bunlar qarşılıqlı işləyirlər, bir-birinin işinə qarışmırlar, hər biri müstəqildir. Kifayət qədər nümunələr var ki, yerli icra hakimiyyətləri ilə bələdiyyələr birgə işləyirlər bu da arzuolunandır. Hər iki struktur seçici, yaşayışçı üçün işləyir. Birgə fəaliyyət göstərərək, yerlərdə problemlərin azalmasına, insanların istəklərinin həyata keçirilməsi istiqamətində çox görmək olar. Bu istiqamətdə təcrübə çoxdur bu təcrübənin daha da geniş yayılacağı tamamilə gözləniləndir.

 

Aydın Mirzəzadə

Müsahibəni apardı:

Tahirə Qafarlı

 

Həftə içi.- 2025.- 23-29 yanvar, №3.- S.3.