Qan yaddaşımızın sağalmayan yarası

 

Xocalı şahidi danışdı

 

Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş bu faciə erməni silahlı birləşmələri tərəfindən amansızlıqla qətlə yetirilən uşaq, qadın, qoca və gənclərin yarımçıq qalmış ömürlərinin, sağalmayan ağrılarının sözlə ifadəsidir. Bu dəhşəti yaşamış insanlar üçün həmin hissləri dilə gətirmək son dərəcə ağırdır. Xocalıda baş verənlər təkcə bir tarixi hadisə deyil, hər ailənin taleyinə yazılmış silinməz iz, yaddaşlara həkk olunmuş açıq yaradır.

Hafta.az o müdhiş gecədə ağır itkilər vermiş, doğmalarını və doğma yurdunu itirmiş şahid – Pərvanə Məmmədova ilə birlikdə illər öncəyə, yaddaşlardan silinməyən o qanlı gecəyə qayıdır, xatirələri yenidən vərəqləyir.

– Özünüzü təqdim edərdiniz.

– Mən, keçmiş məcburi köçkün, Xocalı şəhər sakini, iki şəhid ailəsinin üzvü Məmmədova Pərvanə Süleyman qızıyam. Həmin gecə həyat yoldaşım Məmmədov Oktay Şüküroğlu 35 yaşında qətlə yetirildi. Üç övladım – iki oğlum və bir qızım atasız qaldı.

Qaynım Məmmədov Vaqif Şüküroğlu və onun həyat yoldaşı Məmmədova Afilə İbrahim qızı mehriban, nümunəvi bir ailə idilər. Onların üç oğlu vardı: Azər – 18 yaş, Ceyhun – 16 yaş, Niyaməddin – 14 yaş. Həyatın bahar çağında olan bu gənclər həmin gecə amansızlıqla qətlə yetirildilər.

Bu gün Vaqifin ocağında bir çıraq yandıran belə yoxdur. Bir ailənin beş üzvü bir gecənin içində məhv edildi. Onların nəslindən heç kim qalmadı. Sanki o ailə heç mövcud olmayıb.

Deyirlər ki, Xocalıda tamamilə məhv edilən yeddi ailə olub. Lakin həmin ailələrdən ən azı bir nəfər sağ qalıb. Qaynımın ocağında isə bir nəfər də sağ qalmayıb.

Yoldaşım mühəndis idi. Qaynım ali təhsilli, vətənpərvər insan idi. Qaynımın həyat yoldaşı müəllimə idi. Qaynımın böyük ustalığı vardı, müdafiə üçün müəyyən vasitələrin hazırlanmasında iştirak edirdi. Üç gül kimi övladı vardı.

Bizim çox gözəl günlərimiz olub. Həyətlərimiz, qonşuluq münasibətlərimiz, sevinc dolu anlarımız… Sanki hər şey dünən idi. Lakin həmin xoş günlərin yerini şəhid və itkin xəbərləri aldı.

Xocalıda törədilmiş soyqırımdan 34 il keçir. O dəhşətli günləri necə xatırlayırsınız?

– Sizin də qeyd etdiyiniz kimi, Xocalı yüzlərlə ailənin yaddaşında açıq yaradır. O yaraya toxunanda yenidən qanayır. Xocalıdan danışmaq, o yaranı yenidən qanatmamaq üçün insanın özünü ələ alması, həyəcanını cilovlaması deməkdir. 34 ildən sonra yenə danışırıq. Bu dəfə ailəsində altı şəhid və itkin olan, bir ailəsi tamamilə məhv edilən bir insan kimi danışırıq. Hər söz yaralarımızın qaysağı kimidir – bağlanır, sonra yenidən qopur.

Məmmədovlar nəslində altı itkin-şəhid var. Onlardan birinin nəşi bu günədək tapılmayıb. Dəfn edə bilməmişik, ziyarətə gedəcəyimiz bir məzarımız yoxdur. Bu ağrı illər keçsə də dəyişmir. Zaman ötür, amma yara olduğu kimi qalır.

34 il ötməsinə baxmayaraq, fevralın 25-dən 26-na keçən o gecə hər bir Xocalı sakininin yaddaşında yenidən canlanır. O faciəni yaşayanlar üçün zaman anlayışı sanki dayanıb. Həmin gecə hər il yenidən yaşanır.

O vaxt balaca oğluma hamilə idim, Bərdədə qalırdım. Fevralın 26-da qardaşım gəlib dedi ki, Xocalını yerlə-yeksan ediblər. Əvvəl inanmadıq. Elə bilirdik belə bir dəhşət mümkün deyil. Lakin xəbər təsdiqləndi. Həmin an yaşadıqlarımı sözlə ifadə etmək çətindir. Qardaşım maşını işə salana qədər gözləmədim, evdən yolun kənarınadək qaçdım. Birlikdə Ağdama getdik.

Ağdam məscidinə gətirilən meyitləri gördüm – başı kəsilmiş, əzaları kəsilmiş insanlar... Yer-göy sanki lərzəyə gəlmişdi. Bu, insan ağlının qəbul edə bilməyəcəyi vəhşilik idi.

Həmin gecə Xocalının içində olmamışam. Hamilə olduğum üçün atam məni Bərdədə saxlamışdı. Lakin Xocalıdan çıxarılan insanların vəziyyətini öz gözlərimlə gördüm. O mənzərə ömrüm boyu yaddaşımdan silinməyəcək.

Bizim ailə də ağır itkilər verdi. Halbuki Xocalıda çox gözəl günlərimiz keçmişdi. Hər dəfə fevral ayı gələndə gözlərimizdən qanlı yaş axır. O gecə yaddaşımızda yenidən dirilir.

Övladlarınız o faciəni necə yaşadı?

– Hadisələr baş verəndə övladlarımdan birinin səkkiz, digərinin altı yaşı vardı. Kiçik oğlum isə 1992-ci il yanvarın 1-də Bərdədə anadan olub. Atasının üzünü görməyib. Bəzən sosial şəbəkələrdə atasına aid paylaşımlar edir, “ata” deyə yazır. Lakin atasını tanımadı.

İki böyük övladım isə atalarını az da olsa xatırlayırlar. Acı ilə yaşamaq asan deyil. Amma biz yaşamalı və xatırlamalıyıq.

– Xocalıya qayıdış sizin üçün nə ifadə edir?

– Mənim üçün bu, doğma yurda dönüş deməkdir. Lakin Xocalılar üçün bu sözün özü qan yaddaşıdır. Üzümüz gülsə də, ürəyimiz qan ağlayır. O faciəni unutmaq mümkün deyil.

Xocalıya ilk dəfə gedib evimizi görəndə çox sarsıldım. Evimiz yerində idi, lakin içində yad adam yaşamışdı. İkimərtəbəli evimiz işğal dövründə zərər görmüşdü. Sonradan yerində yeni tikintiyə başlanılıb, lakin hələ tamamlanmayıb.

Bir müddət sonra xəbər gəldi ki, ev qəzalıdır və söküləcək. Bu xəbər mənə ikinci bir itki kimi təsir etdi. Qızım ev söküləndə dedi: “Ana, mən atamı istəyirəm”. Bu söz ürəyimə güllə kimi dəydi.

Evimizin sökülməsi bizə ikinci bir Xocalı faciəsi kimi təsir göstərdi.

Mən bütün varlığımla Xocalıya qayıtmaq istəyirəm. Həyat yoldaşımın çırağını onun doğma yurdunda yandırmaq istəyirəm. Onun üç övladı var. O çıraq öz yurdunda yanmalıdır.

1992-ci ildən əvvəlki xoş günləri yenidən yaşamaq, övladlarıma və nəvələrimə yaşatmaq istəyirəm. Allah ömür versə, mütləq Xocalıya qayıdacağam.

– İtirdiyiniz yaxınlarınız haqqında nə demək istərdiniz?

– Həyat yoldaşım mərd, qayğıkeş insan idi. 35 yaşında qətlə yetirildi. Bu günə qədər nəşi tapılmayıb.

Qaynım savadlı, vətənpərvər insan idi. Üç oğlu ilə birlikdə bir gecədə məhv edildi. Bu gün onların adını yaşadan bir nəfər belə yoxdur.

Şükür edirəm ki, mənim üç övladım və altı nəvəm var. Şükür ki, torpaqlarımız azaddır. Çətin və əzablı olsa da, Xocalının hər qarışı bizim üçün əzizdir. O torpaq şəhidlərimizin qanı ilə yoğrulub. Biz orada yaşamalı, qurmalı və yaratmalıyıq.

– Zaman ağrını azalda bildimi?

– Zaman dərdi azaltmır, əksinə, daha da artırır. Xocalıya hər gedəndə ağrılarımız yenilənir. Sanki itirdiklərimizin ruhu ilə üz-üzə qalırıq. Bu dərd ömür boyu unudulmaz. Fevral ayı gələndə həmin gecəni yenidən yaşayırıq.

Xocalı indi necədir?

– Son iki ildə Xocalı tamamilə dəyişib. Əvvəlki Xocalının zahiri görünüşündən əsər-əlamət qalmayıb. Bu Xocalı 34 əvvəlki xocalı deyil, evlər yaxın-yaxına tikilib, yəni başqadır. Təksə qəbiristanlığa qalxıb şəhərə baxanda deyirəm: “Ohh…Xocalı, sən bizim canımızsan, qan yaddaşımızsan.” Bu dərd ömür boyu unudulmaz.

– Bu gün təsəllini nədə görürsünüz?

– Kaş ki, altı itkinimizdən heç olmasa birinin nəşi tapılaydı. Allahdan arzum budur ki, heç olmasa birini tapıb dəfn edə bilək. Bu, bizim üçün böyük təsəlli olardı.

Şəhidlərimizin ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İtkinlərimizdən tezliklə xəbər gəlsin, gözümüz yollardan yığılsın.

 

Tahirə Qafarlı

 

Həftə içi.- 2026.- 20 fevral-4 mart, ¹8.- S.3.