Vaqif Sadıqov - 50!..

 

Yüzə qaldı?!

 

 Dünən ölkənin tanınmış futbol mütəxəssisi Vaqif Sadıqovun 50 yaşı tamam oldu. Gülüş günündə yubilyarla qısa müsahibə etmək cəhdlərimiz az qala boşa çıxacaqdı. Çünki 15 - 20 dəqiqəlik söhbət zamanı Vaqif müəllimin telefonu susmaq bilmədi.

 

 Onu təbrik edənlər arasında ölkəmizin müxtəlif bölgələriylə yanaşı, Rusiyadan, Moldovadan, Ukraynadan, Türkiyədən və başqa respublikalardan insanlar var idi.

 - 50 yaşlı Vaqif Sadıqov futbolda atdığı addımları necə xatırlayır?

- Mən də kiçik yaşlarımda Bakının məhəllələrində top qovmaqla məşğul olmuşam. Həmyaşıdlarımla gün ərzində futbol oynamaqdan yorulmazdıq. Bir gün məhəlləmizdəki böyükyaşlı uşaqlardan biri məni gənclər futbol məktəbinə apardı. Sonradan futbolda ilk müəllimim olan Vitali Xluçin topu qarşıma ataraq ustalığımı nümayiş etdirməyimi istədi. İlk imtahandan üzüağ çıxdığım üçün məktəbə qəbul olundum.

- Bəs peşəkar futbolçu olacağınızı nə vaxt hiss etdiniz?

- Qısa müddət ərzində məktəbin fəallarından oldum. Respublikanın müxtəlif yaş qrupları üzrə yığmalarının heyətində çıxış edirdim. 1976-cı ildə məktəbi bitirən perspektivli futbolçular arasında turnir keçirilirdi. Həmin turniri respublikanın bütün mütəxəssisləri izləyir və seçim edirdilər. O vaxt məni "Neftçi"yə dəvət etdilər. Amma 17 yaşlı gəncin komandanın əsas heyətində yer alması çox çətin idi. Müəyyən təcrübə toplamaq üçün Naxçıvanın "Araz" klubunda çıxış etməyə başladım. 1977 - 79-cü illərdə Əhməd Ələsgərovun rəhbərliyi ilə bu komandanın heyətində SSRİ çempionatının 2-ci dəstəsində oynamışam. Bu, artıq peşəkarlıq istiqamətində atılan ilkin addımlar idi.

- Baş məşqçi Əhməd Ələsgərovun "Neftçi"yə getməsi sizin qarşınızda da "yaşıl işıq" yandırdı?                    

- 1979-cu ildə Əhməd müəllimi "Neftçi"yə dəvət etdilər. O mənimlə yanaşı bir neçə futbolçunu da özü ilə respublikanın əsas komandasına gətirdi. Uzun illər "Neftçi"də çıxış etsəm də, heç də futbolçu karyeramdan razı deyiləm. Klubun heyətində cəmi 137 matçda forma geyinmişəm. Arxaya baxarkən buraxdığım səhvləri xatırlayır və təəssüf hissi keçirirəm. Çünki daha uğurlu karyera yaşamaq gücündə idim. Sadəcə, səhvlər üzündən bu imkanı qaçırdım.

- Vaqif müəllim, "Neftçi"nin heyətində keçirdiyiniz ilk matçı xatırlayırsınızmı?

- Əlbəttə. Rostovun OİK klubu ilə matçda start heyətində yer almışdım. Həmin görüşdə başıma maraqlı hadisə də gəlib. Oyunun gedişində zədələndiyimdən həkimlər məni xətdən kənara çıxarmaq istədilər. Amma oynamaq və məşqçinin etimadını qazanmaq üçün kənara çıxmayaraq oyunu davam etdirdim. Bu zaman matçın hakimi Yuri Baskakov simulyasiyaya əl atdığımı düşünərək məni sarı vərəqə ilə cəzalandırdı.

- Bəs Vaqif Sadıqovun "Neftçi"nin heyətində keçirdiyi ən uğurlu oyunlar hansılar olub?

- Yaxşı matçlar çox olub; məsələn, "Spaktak"ın qapıçısı Rinat Dasayevin qoruduğu qapıya uzaq məsafədən vurduğum qolu xüsusilə xatırlayıram. Bundan əlavə, Bakıda Kiyev "Dinamo"su ilə görüşdə rəqib komandaya çempionluq yarışında ağır zərbə vurduğumuz oyunu qeyd etmək istərdim. 1985-ci ildə Daşkənddə "Paxtakor"la matçda qazandığımız 1 xal isə "Neftçi"yə güclülər dəstəsindəki yerini qorumaq imkanı vermişdi. Həmin qarşılaşma gərginliyi ilə yadda qalmışdı.

- Məşqçi karyeranız da zəngindir. Bu peşəni necə seçdiniz?

- 1989-cu ilin sonunda peşəkar karyeramı başa vurdum. Bundan sonra Sumqayıtın "Xəzər" klubunda oynayan-məşqçi funksiyasını yerinə yetirirdim. Bu komanda ilə qazandığım uğurlar sayəsində tezliklə ölkənin aparıcı klubu "Neftçi"yə rəhbərlik etmək təklifi aldım. Gənc olsam də, çətin yükün altına girdim. "Neftçi" mənim başçılığım altında Azərbaycan çempionatının bürünc medallarını qazanıb və kuboka sahib çıxıb. Amma komandada baş verən böhran üzündən öz xoşumla istefa vermək qərarına gəldim. Qeyd edim ki, çempionatın gedişində klub heç bir oyunda uduzmasa da, istefa verməyi məqbul saydım.

- Baş məşqçi kimi ölkə yığmasına üç dəfə rəhbərlik etmisiniz?

- Düz deyirsiniz. Hələ gənc yaşlarımda yığma komandanın Məşqçilər Şurasının üzvü olmuşam. O vaxt Ələkbər Məmmədov, Kazbek Tuayev, Rəşid Özbəyov, Ruslan Abdullayev, Ağasəlim Mircavadov kimi mütəxəssislərlə fikir mübadiləsi aparmış, lazımi təcrübə toplamışam. İlk olaraq ölkənin 21 yaşlı futbolçulardan ibarət yığmasına başçılıq etmişəm. Avropa çempionatının seçmə mərhələsində Slovakiya komandasını məğlubiyyətə uğradaraq müstəqillik dövründə ilk uğura imza atmışdıq. Ölkənin əsas yığmasında isə 1997 - 99-cu və 2002 - 2005-ci illərdə fəaliyyət göstərmişəm. Üçüncü dəfə isə 2005-ci ildə Karlos Alberto Torres istefa verdikdən sonra milliyə üç rəsmi oyunda rəhbərlik etmişəm. Bu müddət ərzində komanda mənim başçılığım ilə müəyyən uğurlara imza atıb.

- Yubiley günündə Vaqif Sadıqovu təbrik edənlər çoxdurmu?

- Belə bir diqqəti gözləmirdim. Çox sağ olsunlar, səhərdən telefonum susmaq bilmir. Bütün sahələrdə işləyən tanışlar yubiley münasibətilə məni təbrik edirlər. Bu cür diqqət və hörmət insanı qanadlandırır və ona mənəvi ruh verir.

   Biz də LİVESPORT.AZ saytının kollektivi olaraq yubilyarı təbrik edir, ona cansağlığı, uzun ömür arzulayırıq.

 

 

 Həftə içi.- 2009.- 2 aprel.- S. 8.