"Azərbaycanla
Ermənistan münaqişədə
olmağa layiq deyillər"
Armen Cigərxanyan: "Bu
gün Arbatda yaşadığım mənzili Heydər Əliyevin
köməkliyi ilə almışam"
"Elə başa
düşürəm ki, heç kimi, özünü və
başqalarını aldatmaq lazım deyil. Xalqlarımız
arasında yaranmış münaqişəyə gəlincə
isə bu, məsuliyyətsiz insanların işidir. Çox təəssüflər
olsun ki, dünyada "nə qədər pisdirsə, o qədər
yaxşıdır" prinsipi ilə yaşayanlar çoxdur.
Bu insanların öz
maraqları mövcuddur və biz onları başa düşməyə
çalışırıq. Amma bu maraqlar qonşulara və
taleyə sirayət olunarsa, deyə bilərəm ki, Azərbaycanla
Ermənistan münaqişədə olmağa layiq deyillər.
Çoxlu azərbaycanlı dostlarım var. Amma çox
gözəl xatırlayıram ki, Rus teatrında işlədiyim
vaxtlarda bizim Bakıya qastrol səfərlərimiz olurdu. Bu
bizim üçün bayram idi. Nəzərimcə Bakı -
dünyanın teatr şəhərlərindən biridir. Bu
ölkədə böyük ziyalılar var, bu, güclü
dövlətin güclü mədəniyyəti deməkdir. Bu
vaxta qədər yadımdadır ki, Zeynəb Xanlarova bizim
stadionda necə konsert proqramı ilə çıxış
edib". Bunu "1news.az"a müsahibəsində SSRİ
xalq artisti, ermənilərin dünyada tanınmış
ziyalılarından biri Armen Cigərxanyan bildirib. Onun sözlərinə
görə, iki xalq arasında münaqişənin
yaranmasına heç bir əsas olmayıb. O, xalqlar arasında
qohumluq əlaqələrinin mövcudluğunu xatırladaraq həyat
yoldaşının rus olmasını sitat gətirib: "Bu
ona əsas vermir ki, aramızda münaqişə
yaransın".
A.Cigərxanyan milliyyətinə
görə özünə dost seçmədiyini də deyib.
Onu da qeyd edib ki, yaradıcılığı, işi dostlar
arasında seçim etməyə imkan vermir. O, Tahir Salahovla
möhkəm dost olduğunu deyib: "10 il öncə Azərbaycanın
səfiri mənə zəng vurdu ki, gəl görüşək,
birlikdə çay içək. Mən razılıq verdim,
çünki şirin çay içməyi çox
xoşlayıram. Hazırlaşırdım getməyə,
yenidən zəng etdi ki, bəs başqa tədbirə
çağırılıb, görüşümüzü
təxirə salmaq məcburiyyətində qaldıq".
Erməni ziyalısı
ümummilli lider Heydər Əliyevlə də yaxşı
münasibətdə olduğunu söyləyib: "Sovetlərin
vaxtında bir dəfə Bakıda idim. Heydər Əliyevlə
görüşümdə o mənə "bu insana hörmət
edirəm" deyib. Bunun üstündən çox vaxt
keçdi. Mənzil almaq məsələsində problemlərlə
üzləşdim. Mənə məsləhət verdilər
ki, Siyasi Büronun üzvlərindən biri razılıq verərsə,
sən mənzillə təmin olunacaqsan. Mən onda Siyasi
Büronun üzvlərindən yalnız Əliyevi
tanıdığımdan ona müraciət etdim. Mənə
dedi məktub yaz və Qızıl Meydandakı poçt
qutusuna at. Belə də etdim. Amma illərlə gözləməli
olacağımı da düşündüm. Bir gün
Mayakovski teatrında məşq zamanı teatrın direktoru mənə
dedi ki, sizi telefona çağırırlar. Sən demə, mənzil
məsələmə görə zəng vurublar. Bunları mənim
üçün Heydər Əliyev etmişdi. Bundan sonra bir
daha onu görmədim. Bu gün Arbatda yaşadığım
mənzili Heydər Əliyevin köməkliyi ilə
almışam". A.Cigərxanyan Bakıya son dəfə
"Dulsineya Tobosskaya" şəkillərinin çəkilişi
zamanı dəvət olunduğunu deyib. Bu faktın
münaqişədən sonra olduğunu söyləyən erməni
ziyalısı "aeroportda məni müşayiət etmək
təklifini verdilər. Dedim məni orada gözləyən
olacaq, ehtiyac yoxdur. Sakitliklə Bakıya gəldim. Hətta mənə
deyirdilər ki, ehtiyatlı olum. Amma nədən, bilmirdim".
A.Cigərxanyan ermənilərlə azərbaycanlılar
arasında yaranmış münaqişənin həlli
üçün möhkəm və mükəmməl qanunun
qəbul edilməsinin zəruriliyini bildirib. Onun fikrincə, elə
bir qanun qəbul olunmalıdır ki, bu münaqişədə
maraqlı olan qüvvələri öz yerlərində
oturtsun.
Elnur
Həftə içi.- 2009.- 2 aprel.- S. 3.