Aybəniz Haşımova şəhid Xalidi andı

 

Filmin təqdimatı keçirildi

 

 "Xəzər" televiziyasının və "Oskar" Kino Şirkətinin birgə layihəsi olan "Ölümsüzlər"in budəfəki qəhrəmanı 1992-ci ildə vətən uğrunda şəhid olmuş Quliyev Xalid Hüseynxan oğluna həsr olunmuş filmin təqdimatı keçirildi. Filmin süjet xətti real faktlar əsasında qurulub.

 

Filmin quruluşçu rejissoru "Oskar"ın rejissoru Sain Qəhrəmanoğlu, operatorları Sərxan Musayev və Rasim Eyvazov, montajçısı Vüqar Əliyev, rejissor-assistenti Nigar İmranova, qrim ustası Nərminə Novruzovadır. Filmdə bəstəkar Oqtay Kaziminin mahnılarından istifadə olunub. 40 dəqiqəlik filmdə mərhumun həyat yoldaşı - əməkdar artist Aybəniz Haşımova vətən uğrunda şəhid olmuş həyat yoldaşı Xalid Quliyev haqda danışdı. Bədii-sənədli filmdə bəzi maraqlı məqamlar da yer alıb. Real faktlar üzərində qurulan filmdə ən maraqlı məqam odur ki ekran əsərində qəhrəmanın həyat yoldaşı Aybəniz Haşımovanın obrazını məhz Xalid Quliyevin öz qızı Aynişan Quliyeva canlandırıb. Şəhid olmuş Xalid Quliyev obrazını isə gənc şair və musiqiçi Tərlan Növrəsli yaradıb. Filmdə X.Quliyevin silahdaşları mərhum barədə təəssüratlarını bölüşüblər. Filmin çəkilişləri Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, Badamdarda yerləşən Mərkəzi Nəbatat bağında, Şəhidlər xiyabanında, döyüş səhnəsi Xocavənd kəndində aparılıb. Filmin çəkilişləri 10 gün davam edib.

Təqdimat mərasimində media işçiləri ilə yanaşı, tanınmış mədəniyyət, incəsənət, dövlət xadimləri də iştirak edirdilər. Daxili Qoşunların mətbuat xidmətinin katibi Təranə Məmmədovaya söz verilərkən o, Xalid haqqında xatirələrini danışdı: "Döyüşə könüllü getdi. Onun ürəyi vətən sevgisi ilə dolu idi. Xalidə həsr edilmiş bu filmin çəkilişləri onun qulluq etdiyi alayda, hərbi hissədə aparılıb. Bu filmin çəkilişlərində Aybəniz xanımın böyük rolu var. Çünki Xalidi ondan yaxşı tanıyan olmazdı. Bildirim ki, Xalidi "Vətən uğrunda" medalı ilə prezidentimiz İlham Əliyev təltif etdi".

Millət vəkili Qənirə Paşayeva da ürək sözlərini bildirərkən bütün şəhidlərə Allahdan rəhmət dilədi: "Şəhidlərin əksəriyyəti çox gənc yaşda özlərini qurban veriblər. Əslində, onlar xoşbəxt adamlardır. Çünki illər keçdikcə onlar yad edilir, barələrində danışılır. Aybəniz xanım həyat yoldaşını itirəndən sonra çox əziyyət çəkib. Qızı atasız böyüyüb, amma onlar fəxr etməlidirlər ki, Aynişan qəhrəmanlıqla şəhid olmuş bir insanın qızı, Aybəniz xanım həyat yoldaşıdır. Belə filmlər çox çəkilməlidir. Çünki bu təkcə şəhid ailələrinə yox, bütün xalqa lazımdır. Qarabağ müharibəsini görməyən uşaqlarımızı elə böyütməliyik ki, onlar həmin hadisələri görmüş, duymuş kimi olsunlar. Onlar haqqında proqramlar hazırlanmalıdır. Müğənnilərin evi, divanının hansı rəngdə olması, yataq otağı insanlara gərəkli deyil. Zaman gələcək bizə Xalid kimi gənclər lazım olacaq, müğənni olmaq istəyən gənclər yox".

Bəstəkar Tahir Əkbər, bəstəkar Oqtay Kazımi, aktrisa Bəsti Cəfərova qısa olaraq ürək sözlərini bildirəndən sonra filmə baxış keçirildi. Filmə baxılandan sonra Aybəniz Haşımova filmin təmənnasız çəkildiyini bildirdi: "Bu film şəhid ailələrinə təmənnasız olaraq çəkilib. Buna görə də bu filmin çəkilişində əziyyət çəkən hər kəsə mərhumun həyat yoldaşı kimi təşəkkürümü bildirirəm. Daxili Qoşunlar Baş İdarəsi qərargahına, Daxili Qoşunların əsgərlərinə, "Xəzər televiziyası"na, "Oskar"ın rəhbəri Yaşar Əhmədova, polkovnik Təranə Məmmədovaya, şəhid Xalid Quliyevin o vaxtlarda Ağdamda, hazırda isə Bakıda yerləşən hərbi hissənin komandirinə və onun müavininə, mərhumun döyüş yoldaşı polkovnik-leytenant Yavər müəllimə, eyni zamanda bizi təmənnasız olaraq minik avtomobili ilə təmin edən DAEWOO - Bakı Avto Şirkətinə xüsusi minnətdarlığımı bildirirəm.

Xalid rəhmətə gedəndə elə bir vəziyyətdə olub ki, məni ona baxmağa qoymadılar. Amma xəstəxanada olarkən deyib ki, kaş anası, qızı və Aybəniz yanında olaydı. Həmişə fikirləşirəm, görəsən, orada olsaydım, Xalid mənə nə deyəcəkdi? Yəqin, nə vaxtsa ruhlarımız qovuşacaq və mən bu sualı ona verəcəyəm. Bir də elə xalidi torpağa tapşıran günü özümə söz vermişəm ki, ermənidən onun qisasını almayınca ölməyim. Bilsəm ki, erməniyə əsir düşəcəyəm, onlar məni tikə-tikə doğrayacaq, yenə də bu qisas hissindən dönmərəm...".

Qeyd edək ki, "Oskar" Kino Şirkətinin "Ölümsüzlər" layihəsi "Xəzər" televiziyasında ötən ilin noyabrında yayımlanmağa başlayıb. Şirkət Qarabağ torpaqları uğrunda şəhid olmuş 30 mindən artıq Azərbaycan əsgəri haqda sənədli-bədii film hazırlamağı planlaşdırır.

  

 

Xatirə.

 

Həftə içi.- 2009.- 2 aprel.- S. 7.