Kosmopolitin Şərq miniatürlərinə vurğunluğu
Addis Hacıyev: "Qafqazlı üçün
Rusiyada yaşamaq böyük məsuliyyətdir"
Moskvada yaşayan həmyerlimiz quruluşçu-rəssam
Addis Hacıyev "www.vestikavkaza.ru"
saytına müsahibə
verib.
Müasir Azərbaycan
təsviri sənətinin
görkəmli nümayəndəsi
Altay Hacıyevin ailəsində
dünyaya gələn
A.Hacıyev 1983-cü ildə
Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirdikdən
sonra 1991-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunu da bitirib. Və elə
həmin vaxtdan da kino, teatr
və televiziya sahəsində quruluşçu-rəssam
kimi çalışmağa
başlayıb. Müsahibədə A.Hacıyev peşə seçimi, təsviri sənətin onun həyatında tutduğu yer və çağdaş
dövrdəki vəziyyəti,
müxtəlif mətləblərlə
bağlı düşüncələrini
açıqlayıb.
A.Hacıyev: "Valideynlərim
rəssam olduqları üçün mənim də arzum təsviri
sənətlə məşğul
olmaq idi. Özü də mütləq tanınmış rəssam
olmaq istəyirdim.
Təəssüf ki, qəbul imtahanları ərəfəsində avtomobil
qəzasına düşdüm
və beləliklə
də Surikov adına Rəssamlıq
İnstitutuna sənədlərimi
verə bilmədim. Təcili olaraq başqa ali
məktəbi seçməli
oldum. Çox düşünmədən Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna
imtahan verdim və qəbul olundum. Əvvəlcə
bu ali
kino təhsil ocağını bəyənmədim.
Amma ünsiyyətdə olduğum
maraqlı insanlar məni də kinoya aludə etdilər".
A.Hacıyev 30 yaşına qədər təsviri sənətin dəzgah rəssamlığı
növü ilə çox intensiv şəkildə məşğul
olub. Və kifayət qədər
məşhurlaşa bilib.
Onun bəzi əsərlərini
dövlət və şəxsi rəsm qalereyalarında görmək
mümkündür.
A.Hacıyev: "Sonra
mən kino rəssamı kimi fəaliyyət göstərməyə
başladım. Bu, çox dar çərçivəli ixtisasdır.
Lakin bununla belə, kino rəssamı olmağım
mənə fərqli,
yeni tərzdə yaradıcılıqla məşğul
olmaq imkanı verdi".
A.Hacıyevin kinoda
ilk işi 1986-cı ildə
quruluşçu rejissoru
Murad İbrahimbəyov
olan və C.Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyası
və ÜDKİ-nin studiyasının birgə
istehsal etdikləri
"Dundukley" filmi
olub. Qəhrəmanımız həmin işi
yalnız nəsə yaratmağa cəhd kimi qiymətləndirir.
Əsl kinoya gəlişini isə 1991-ci ildə "Mosfilm" kinostudiyasında
Yevgeni Ginzburqun çəkdiyi "Sadəlövh"
filmi ilə bağlayır. Filmin
ərsəyə gəlməsindən
ötrü ayrılmış
vəsait və axtarışlarla zəngin
olan iş prosesi A.Hacıyevə kino rəssamının vəzifəsini tam dolğunluğu
ilə açıb. O
həmçinin ABŞ-da,
rejissor Roland Joffenin çəkdiyi "Captivyty"
filminin də quruluşçu rəssamı
olub.
A.Hacıyev: "Rusiya
prokatında bu film
"Qaçırılma" adı ilə ekranlara çıxmışdı.
Film psixoloji triller
janrındadır. Amerikalılar bu janrı çox
sevirlər. Rus adamlarını
isə psixoloji problemlər demək olar maraqlandırmır.
Onlar quldurluq, haqq-hesab çürütmə, qətl
və bu kimi məqamlarla dolu olan filmlərə
üstünlük verirlər.
1990-cı illərin ab-havası sovet adamlarının hələ
də başındadır.
Bütün bunlar isə
kino istehsalına, kino sənayesinin inkişafına təsir edir. Başqa sözlə, bu
və ya digər ölkənin vətəndaşları hansı
meyarlarla tərbiyə
olunublarsa, bu, incəsənətə münasibətdə
də mütləq üzə çıxır.
Təəssüf ki, indi Rusiyada təzə
dəb meydana çıxıb: "mövsümün
ən yaxşı blokbasteri", ya da "bizim Hollivuda cavabımız".
Bax, bütün bu anormal qarşıdurmalar sona çatanda əsl ekran əsərləri yaranmağa
başlayacaq. Bir
iş görəndə
işin hansı səviyyədə meydana çıxacağı barədə
fikirləşmək lazımdır,
kiməsə hansısa
cavabı vermək barədə yox". Həyata və sənətə baxışı etibarilə
özünü Şərq
və Qərb mədəniyyətinin simbiozu
hesab edən A.Hacıyev bu müxtəlifliyi yaradıcılığında
ehtiva etməkdən məmnunluq duyur. Uşaqlığı Botiçelli,
Rafael kimi təsviri sənətin dahi, klassik fırça ustalarının yaradıcılığı
ilə təmasda keçən A.Hacıyev Şərq miniatürləri
ilə də yaxından maraqlanırmış.
A.Hacıyev:
"Diplom işimdə
bu miniatürlərin güclü təsiri aşkar görünürdü.
Hamının çox xoşuna
gəlsə də, heç kəs, hətta mən özüm də anlaya bilmədim ki, məni nə
ilhamlandırıb. Bu,
tamamilə qeyri-şüuri
baş vermişdi.
Mən heç vaxt Şərq incəsənətinə
köklənməmişəm. Diplom işimin bu üslubda meydana çıxması tam instinktiv
oldu. Çünki
mənim üçün
incəsənət daxili
işığın kətan,
kağız və s. üzərinə köçürülməsi
deməkdir. Artıq yenidən rəngkarlıqla
məşğul olmağı
düşünürəm. Əvvəllər bunun üçün
vaxt və məkan məhdudluğu var idi. İndi isə belə problemim yoxdur. Amma indi də həvəsim
əvvəlki səviyyədə
deyil. Atam da bundan çox narazıdır.
Əlbəttə, yaxşı rəssam
olmaqdan ötrü zəngin biliyə malik olmaq, bütün
cərəyanlardan xəbərdar
olmaq vacibdir.
Lakin bu da əsas
amil deyil. Əsl yaradıcı
insan olmaqdan ötrü bütün bunları özündən
keçirməli və
çox incə şəkildə bu biliklərdən istifadə
etməyi bacarmalısan".
Rusiya kinematoqrafında
ksenofobiya probleminin olub-olmaması barədə
suala isə A.Hacıyev belə cavab verib: "Özümə qarşı
belə münasibətlə
rastlaşmamışam. Məncə, hər şey insanın özündən
asılıdır. Əgər sən
qafqazlısan və Rusiyada yaşayırsansa, bu, çox böyük məsuliyyətdir.
Axı sən öz xalqının nümayəndəsisən,
buna görə də hər addımını ölçüb-biçməlisən.
Mən bakılıyam və təmiz azərbaycanlı
ailəsində böyümüşəm.
Amma ruhən kosmopolitəm.
Müslüm Maqomayev kimi
insanları xatırladıqca,
belə şəxsiyyətlərlə
ünsiyyətdə olduqca
azərbaycanlı olmağınla
fəxr edirsən".
Samirə
Həftə içi.- 2009.-
3 aprel.- S. 7.