Böhranın müəssisələrə təsiri

 

Bəzi zavodlar tam gücü ilə işləyə bilmir

 

Bütün dünya son 64 ilin ən ağır iqtisadi böhranı ilə üzləşib və əksər inkişaf etmiş ölkələrdə belə iqtisadi inkişafın səviyyəsi aşağı düşüb. Bir aydan artıqdır isə böhranın ikinci mərhələsinin başladığı deyilir.

 

 Mütəxəssislərin fikrincə, vəsait çatışmazlığı ilə müşahidə olunan maliyyə böhranı səngiyir və öz yerini daha ağır olan istehsal böhranına verir. Başqa sözlə, böhran maliyyə sektorundan istehsala keçib ki, bu da ciddi problem yaradır. Bu səbəbdəndir dünyanın əksər ölkələrində avtomobil, elektrotexnika, yüngül sənaye müəssisələrinin müflisləşməsi, daşınmaz əmlak bazarında baş verən durğunluq kütləvi işsizliyə gətirib-çıxaran amillər sayılır. Təsadüfi deyil ki, böhran daha çox əməktutumlu sahələrə təsir edir kütləvi işsizlik qeydə alınır. Avropada vəziyyət daha gərgindir. Xüsusilə Avropa iqtisadiyyatının aparıcı ölkələri - Almaniya, Fransa İtaliyada geriləmə gözləniləndən çox olub. Amma "böyük yeddilik" ölkələrinin liderləri hesab edir ki, qlobal maliyyə böhranı ən azı bu ilin sonuna kimi davam edəcək. "Köhnə qitə" iqtisadi artım yalnız ilin sonunda bərpa edilə bilər.

 Bütün bunların fonunda bəzi mütəxəssislər Azərbaycan iqtisadiyyatının böhranın ikinci mərhələsindən qorunduğunu bildirir. Amma bir müddət əvvəl Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyindən uzunmüddətli perspektivdə Azərbaycanın da bu böhranın təsirindən kənar olmayacağı bildirildi.

 

Kimya sənayesində artım var

 

Azərbaycanda qeyri-neft sektorunda canlanma daha çox tikintidə özünü göstərməyə başlasa da, böhran bu sahəyə də təsirini göstərməkdədir. Məsələn, ötən il ölkədə mənzil tikintisi 2007-ci illə müqayisədə 3,7 faiz azalıb. Bu sektorda görülən işin həcmi hətta 2005-ci ildəki səviyyədən aşağı düşüb. Belə ki, ötən il ölkədə mənzil tikntisi 2005-ci illə müqayisədə 50 min kvadratmetr az olub.

Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, ötən il məhsul istehsalında azalma qeyri-neft sektorunun bir çox sahəsində qeydə alınıb. Məsələn, televizor istehsalında 10 faiz, avtomobil yığımında 6 dəfə, tütün emalında 14 faiz, pambıq mahlıcının istehsalında 44 faiz azalma baş verib. Komitənin hesablamalarına görə, 2007-ci ildə 946 ədəd avtomobil yığılmışdısa, ötən il bu rəqəm 135-ə düşüb.

Kimya sənayesində isə əksinə, artım var. Komitədə deyirlər ki, 2007-ci ildə polietilen istehsalında kəskin azalma baş verdiyi halda, ötən il bu sahədə xeyli irəliləyiş olub. Belə ki, ötən il polietilen istehsalı əvvəlki illə müqayisədə 30 faizdən çox artıb. Halbuki 2007-ci ildə polietilen istehsalı 70 min tondan 47 min tona düşmüşdü. 2008-ci ildə bu göstərici 65,2 min tona çatıb. Bütövlükdə isə ötən il emal sənayesi məhsullarında ciddi azalma var. 2008-ci ildə hətta elektrik enerjisinin istehsalı 2 faiz azalıb. Qida məhsulları sənayesində artım olmayıb. Komitədə təsdiqləyirlər ki, 2008-ci ildə ölkədə qida istehsalı demək olar dəyişməz qalıb.

 

Fəaliyyətdə olanlarda vəziyyət

 

Ekspertlər emal sənayesində məhsul istehsalının azalmasını qeyri-neft sektorunda iqtisadi durumun ağırlığı ilə izah edirlər. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyir ki, hazırda neft məhsulları da daxil olmaqla Azərbaycanın emal sənayesində 70 adda məhsul istehsal olunur. Onun sözlərinə görə, son 4 ildə onun 37-də azalma baş verib. Hətta 2005-ci ildən fəaliyyətə başlayan Şamaxı Avtomobil Zavodunda 2007-ci ildə 946 avtomobil istehsal olunmuşdusa, ötən il bu göstərici 135-ə düşüb. Bu, faktik olaraq həmin müəssisənin işləməməsi deməkdir.

Ekspert bildirir ki, Şamaxıdakı televizor istehsalı zavodu da tam gücü ilə işləyə bilmir. Belə ki, bu müəssisədə 2007-ci ildə 8800, ötən il isə 7900 televizor istehsal olunub. Bu isə son 1 ildə 10 faiz azalma deməkdir. Halbuki bu müəssisənin illik gücü 51 min televizor istehsal etməyə imkan verir. Deməli, Şamaxıdakı televizor zavodu real gücünün 15 faizindən istifadə edə bilir. Mingəçevirdəki "Kür" kompüter istehsalı zavoduna gəlincə isə ötən il orada cəmi 800 ədəd kompüter istehsal olunub. Amma həmin zavodun gündəlik istehsal gücü 140 ədəd kompüter istehsal etməyə imkan verir. Bu o deməkdir həmin zavod ildə cəmi bir həftə işləyib.

 

Xalça istehsalı azalıb

 

Rövşən Ağayev son illər qeyri-neft sənayesində məhsul istehsalının azalmasının xroniki hal aldığını deyir. Onun sözlərinə görə, Azərbaycanda neftdən kənar emal sənayesində məhsul istehsalı barmaqla sayıla biləcək qədər azdır. Bu isə ölkədə qeyri-neft sektorunun ildən-ilə geriləməsi təəssüratı yaradır: "Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, Azərbaycanda iqtisadi geriləmə hələ qlobal iqtisadi böhrandan əvvəl başlayıb. Məsələn, Azərbaycanda xalça istehsalı 2005-ci ildən bu yana az qala 200 dəfədən artıq azalıb. Bu isə ölkədə xalça istehsalının faktik olaraq dayanması deməkdir".

Son 3 ildə Azərbaycanda xalça istehsalının sürətlə azaldığını Dövlət Statistika Komitəsində təsdiqləyirlər. Komitədən verilən məlumata görə, 2005-ci ildə ölkədə 630 min kvadratmetr xalça istehsal olunduğu halda, 2006-cı ildə bu rəqəm 269 minə, 2007-ci ildə 3,2 minə düşüb. 2008-ci ildə ölkədə hansı həcmdə xalça istehsal olunduğu hələ tam müəyyənləşməyib.

Ekspertlər bildirirlər ki, 2008-ci ildə Azərbaycanda ümumi daxili məhsulda sənayenin ümumi payı 64 faiz olub. Bunun 61 faizi isə neft sektorunun payına düşür. Bu isə o deməkdir qeyri-neft sənayesinin ümumi daxili məhsulda payı cəmi 3 faiz təşkil edib. R.Ağayev bunun əsas səbəbini qeyri-neft sektorunun maliyyələşməsinə ciddi önəm verilməməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, 2000-ci ildən sonra qeyri-neft sənayesində məhsul istehsalının kəskin şəkildə azalması əsas diqqətin neft sektoruna yönəldilməsinin nəticəsidir: "Çünki 2000-ci ildən dünyada neftin qiyməti kəskin şəkildə bahalaşıb məhz bunun sayəsində ölkənin neft gəlirləri artıb. Bunun əvəzində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı azalıb. Məsələn, 2006-cı ildə 12 min ton duz istehsal edildiyi halda, 2007-ci ildə bu rəqəm 7 min tona düşmüşdü. Yodlaşdırılmış duz istehsalı isə 50 faizə qədər azalıb".

  

  

Naibə

 

Həftə içi.- 2009.- 3 aprel.- S. 5.