1,6 milyon ton buğda ehtiyatımız var

 

Murtuzəli Hacıyev: "Buğda, un və düyü idxalına ƏDV aprelin 30-da bərpa ediləcək"

 

İstehlak üçün nəzərdə  tutulmuş ərzaq buğdanın adambaşına düşən illik norması 180 kiloqram təşkil edir. Ümumi tələbatın əsas hissəsi təxminən1 milyon 530 min tondur.

Son illər taxıla olan tələbatın artması, eləcə də buğda istehsalçılarına dövlət tərəfindən kompensasiyaların verilməsi səbəbindən pambıq istehsalına maraq azalmaqdadır.

Hətta mütəxəssislər analoji durum üzündən cari ilin aprel ayının ortalarından etibarən başlanılacaq pambıq səpininin 50 faiz azala biləcəyi barədə proqnoz verirlər.

Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov da respublikanın qərb bölgəsində pambıq səpininin 50 faiz azalacağını bildirib. Onun sözlərinə görə, bu il sözügedən bölgə üzrə cəmi 1500 hektarlıq sahəyə pambıq səpilməsi ehtimal olunur. Çünki fermerlər əkin sahələrinin əksər hissəsini taxıl üçün ayırırlar: "Taxıl sahələrini əkib-becərmək üçün dövlət tərəfindən kompensasiyalar verildiyindən fermerlər daha çox taxıl əkininə maraq göstərirlər. Bu səbəbdən də hər il pambıq üçün ayrılan sahələr azalır".

 

Taxıl sahələrinin ərazisi artıb

 

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına istinadən, pambıqçılığın inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması həmin sahənin daha da canlanmasına təsir etsə də, 2006-cı ildən başlayaraq bəzi səbəblərə görə yenidən geriliyə yol verilib. 2008-ci ildə xam pambığın istehsalı 2007-ci illə müqayisədə 44,7 faiz azalaraq 55,4 min ton olub. Səbəbi əkin sahəsinin 2007-ci ildəki 75,6 min hektardan 2008-ci ildə 48,5 min hektara qədər azalması olub. Ancaq "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" ölkə rəhbərinin 23 yanvar 2007-ci il tarixli sərəncamı ilə sözügedən istehsalçıların məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə buğda istehsalçılarının maddi marağının artırılması buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektara görə 40 manat yardımın verilməsi müsbət nəticələnib. Eyni zamanda məhsuldarlığa təsir göstərən reproduksiyalı toxum materialının satışına görə hər kiloqramda 30 - 40 qəpik əlavə maliyyə vəsaitinin ayrılması, həmçinin həftənin şənbə bazar günləri kənd təsərrüfatı məhsullarının satışı üzrə yarmarkaların təşkili yetişdirilən məhsulun itkisiz yığılmasına müsbət təsir göstərib. Bu səbəbdən 2007-ci illə müqayisədə ötən il kənd təsərrüfatı məhsullarının istehsalında artım əldə edilib. Bütün bunlar 2008-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyərinin 2007-ci ildəkinə nisbətən 6,1 faiz, o cümlədən bitkiçilik məhsullarının 7,2 faiz, heyvandarlıq məhsullarının isə 4,1 faiz artmasını təmin edib.

 

1 milyon hektarda taxıl əkilib

 

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də "ağ qızıl"a marağın azaldığını təsdiqlədi. Onun dediyinə görə, taxıla tələbat ilbəil artdığı halda, pambığa tələbat azalır: "Yəni pambıq məhsulunun satış qiyməti xeyli aşağı olduğundan taxıl buğda istehsalı ondan daha sərfəlidir. Bu səbəbdən fermerlər pambıqçılıqdan daha çox taxılçılığa meyllənirlər. Digər tərəfdən azad sahibkarlıq olduğundan fermerləri hər hansı bir məhsul əkməyə məcbur etməyə nəinki bizim, kimsənin ixtiyarı səlahiyyəti yoxdur. Yəni fermerlər məhsul əkinində azad seçim hüququna malik olduğundan onların hüquqlarını pozmaq yolverilməzdir".

Müsahibimiz qeyd etdi ki, taxılçılığın inkişaf etdirilməsi üçün buğda istehsalı ilə məşğul olan fermerlərə dövlət tərəfindən lazımi diqqət və qayğının ayrılması, həmin sahibkarlara maddi yardımların, yanacaq və gübrələrin verilməsi qaydalarının sadələşdirilməsi hesabına payızlıq buğda bitkiləri əkilən sahələrin əraziləri xeyli çoxalıb: "Bildiyiniz kimi, prezident İlham Əliyevin imzaladığı "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 2007-ci ilin dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılıb. Bundan başqa, Maliyyə, Kənd Təsərrüfatı nazirlikləri haqqında sözügedən yardımların verilməsini, "Aqrolizinq" ASC, həmçinin digər hüquqi fiziki şəxslər istehsalçılara mineral gübrələrin güzəştlə satılmasını təşkil ediblər. 80 milyon manat respublika ərazisində fəaliyyət göstərən 862 min ailə təsərrüfatı arasında bölünüb. Yəni siyahıya alınmış buğda istehsalçılarının hər birinə hər hektar üçün 40 manat məbləğində yardım verilib. Onu da deyim ki, verilən yardımlar hesabına payızlıq buğda bitkiləri əkilən sahələrin əraziləri xeyli çoxalıb. Yəni 2007-ci ildə 603.960 hektar sahədə payızlıq buğda əkilmişdisə, 2008-ci ildə bu göstərici 800 min hektar təşkil edib. 1 milyon hektarda isə taxıl əkilib. Bütün bunlar da onu göstərir ki, taxılçılığa maraq getdikcə yüksəlir indiyədək əkin-biçin aparılmamış sahələrdə belə taxıl əkilməsi reallaşdırılacaq. Taxılçılığın xüsusi diqqət mərkəzində saxlanılmasının növbəti illərdə daha bol məhsul götürməyimiz üçün zəmin yaradacağına əminəm".

 

"Xaricdən taxıl almayacağıq"

 

Sonra M.Hacıyev diqqətimizə çatdırdı ki, ötən ilin aprelin 30-da Nazirlər Kabineti Azərbaycana buğda, un və düyü idxalına dair əlavə dəyər vergisinin (ƏDV) 1 illik müddətə götürülməsinə dair qərar qəbul edib. Artıq cari ayın 30-da qoyulan müddət tamamlanacaq: "Qeyd olunan 1 il müddətində ölkəmizə Qazaxıstandan, Ukraynadan Rusiyadan 1 milyon 400 min ton buğda, 3 min tondan artıq un idxal edilib. Əsas idxalçı isə Qazaxıstan olub. Hazırda 1,6 milyon ton buğda, 400 min tondan artıq un ehtiyatımız var. Onu da bildirim ki, istehlak üçün nəzərdə tutulmuş ərzaq buğdanın adambaşına düşən illik norması 180 kiloqram təşkil edir. Ümumi tələbatın əsas hissəsi təxminən 1 milyon 530 min tondur. Qeyd etdiyim kimi, əvvəlki illərlə müqayisədə buğda taxıl sahələrinin kifayət qədər artması bizim taxıla olan tələbatımızı ödəyəcək bizim xarici ölkələrdən taxıl almağımıza ehtiyac qalmayacaq. Ona görə aprelin 30-da sözügedən ƏDV-nin götürülməsi ilə bağlı hökumətin qərarı ləğv ediləcək".

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2009.- 7 aprel.- S. 5.