"Ronahi" aldığı qrantı dilin inkişafına xərcləyəcək

 

Kamil Həsənov: "Layihəyə uyğun olaraq kürd dilində əlifba və lüğət çap edəcəyik"

 

Prezident yanında QHT-ləərə Döövlət Dəstəyyi Şurası tərəfindən "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin təqdim etdiyi layihəyə vəsait ayrılması layihələri qəbul olunmayan bir sıra QHT-ləri narazı salıb. 5600 manat qrant udan "Ronahi" KMM-in sədri Kamil Həsənov isə həmin narazıların mövqeyindən narahatdır. O, "Həftə içi"nə açıqlamasında bildirib ki, bu günə kimi hər hansı xarici donor təşkilatına layihə təqdim etməyiblər. Onlar QHT Şurasına ilk dəfədir layihə veriblər və nəticədə də qrant alıblar: "Biz layihəyə uyğun olaraq kürd dilində əlifbanın, danışıq dilinin çapını həyata keçirəcəyik. Eyni zamanda 2009-cu il ölkədə uşaq ili elan edildiyindən biz də layihəyə uyğun olaraq kürd uşaqları ilə görüşlər, onlarla bağlı müəyyən tədbirlər keçirəcəyik. Bundan başqa, layihə çərçivəsində kürd "Yallı"sının canlandırılmasını istəyirik". K.Həsənov kürd dilində əlifba buraxmalarının, danışıq dili kitabının çapının Azərbaycanda hər hansı problem yaratmağa xidmət etmədiyini də dedi. Onun sözlərinə görə, ölkədə yaşayan kürdlər azərbaycanlıdırlar və konstitusiyaya uyğun olaraq Azərbaycan vətəndaşıdırlar: "Biz Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə öndə olmuşuq və qanımızla vətən torpağını sulamışıq, şəhidlər vermişik. Düşmən tapdağında evlərimiz qalıb, dağıdılıb. Bəs onda bu ağzıgöycəklər niyə demirdilər ki, Kamil müəllim, problem yaratmırsınız, evləriniz dağıdılır. Bütün bunları mən təxribat sayıram". K.Həsənov onu da bildirdi ki, prezidentin qərarına əsasən kürd məktəblərində 4-cü sinif şagirdlərinə ana dili tədris olunması nəzərdə tutulurdu. "Ronahi" KMM də bir dəfə bu qərara uyğun olaraq əlifba çap edib, indi isə onu yeniləşdirəcək: "Bununla yanaşı, özümüzün ansamblımız var ki, onun fəaliyyətini gücləndirmək istəyirik". Mərkəz rəhbərinin sözlərinə görə, ölkədə kürd məktəbləri fəaliyyət göstərir ki, bunlar da əsasən Laçının Qarakeş, Ağbulaq, Şeylanlı, Katos, Atcakənd, Kamallı, Çıraqlı, Kəlbəcərin Ağcakənd kəndində yerləşirlər: "Bunlar hamısı Azərbaycan məktəbləridir və orada oxuyan kürd uşaqlarına öz dillərində "Ana dili" dərsi də keçilir".

  

  

Nahid Canbaxışlı

 

Həftə içi.- 2009.- 7 aprel.- S. 4.