Qanuna dəyişikliklər məhdudiyyət yaratmır

 

Qənirə Paşayeva: "Sosial reklamlar pulsuz olmalıdır"

 

Milli Məclisin son iclasında "Televiziya radio yayımı haqqında" qanuna edilən dəyişikliklər millət vəkilləri arasında ciddi fikir ayrılıqları ilə yadda qaldı. Bu dəyişikliklərin telekanalların fəaliyyətinə mənfi təsir göstərəcəyi bildirildi.

Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə isə məsələyə bu cür yanaşma düz deyil: "Nəzərə almaq lazımdır ki, qanuna edilən dəyişikliklər vətəndaşların maraqlarının müdafiəsinə hesablanıb. Əslində, mövcud qanunun tələblərində aydın şəkildə göstərilib ki, kimlər özəl teleradio yayımının təsisçisi ola bilməzlər. Bu, ağır xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyatla bağlı olan cinayətlərə görə əvvəllər məhkum edilmiş məhkumluğu ödənilməmiş şəxslərdir". İndi televiziya rəhbərləri bu məsələlərlə bağlı lazımi məlumatları müvafiq qurumlara verəcək. Dövlət orqanları isə bununla bağlı rəy verdiyinə görə məsuliyyəti özü daşıyacaq. Sonradan yaranan problemlərlə bağlı dövlət qurumları televiziyalara heç bir irad tuta bilməyəcəklər. Q.Paşayeva onu da vurğuladı ki, telekanallarda proqramlarla bağlı məhkəməyə müraciət qaydalarına dəyişikliklər onların özü üçün xeyirlidir. Belə ki, hər şeydən ötrü televiziyaların məhkəməyə verilməsi, təbii ki, cəmiyyətdə müsbət qarşılanan bir məsələ ola bilməz: "Amma qanuna dəyişiklik imkan verir ki, nəzarəti həyata keçirən orqan özü inzibati tədbirləri həyata keçirsin. Yəni məhkəməyə getmədən problemlərin həlli istiqamətində addımlar atılsın. Deməli, istənilən məsələ hətta məhkəməyə getmədən belə həll oluna bilər". Müzakirələr zamanı ən çox fikir ayrılığının yarandığı məqamlardan biri reklam müddətinin müəyyənləşdirilməsi ilə bağlı oldu. Millət vəkilinin sözlərinə görə, bu məsələdə ictimai maraqlar nəzərə alınmalıdır. Bu maraqlar isə reklamla bağlıdır. Qanunda reklamla bağlı çox önəmli olan bir məsələ əksini tapmalıdır. Söhbət sosial reklam roliklərindən gedir: "Əslində, sosial reklamlar ümumi reklamlardan fərqlənməlidir. Məlumdur ki ictimai əhəmiyyət kəsb edən, insanların maariflənməsinə xidmət edən reklamlar var ki, onlar sosial reklamlar adlandırılır. Hazırda dünya ölkələrində sosial reklam roliklərinə ciddi önəm verilir. Çünki insanlara əsas təsir vasitəsi hesab olunan televiziyalarda belə reklamların verilməsi əhəmiyyətlidir. İnsanlar, xüsusilə gənclər günün əksər hissəsini televiziya qarşısında keçirir. Mümkündür ki sosial reklamlarla maarifləndirmə təbliğat işləri aparılsın. Artıq belə praktika dünyada geniş yayılıb. Bizdə isə bu sahədə işlər zəifdir". Q.Paşayeva bunun səbəbi kimi sosial reklamlara görə ilk növbədə pul ödənilməli olduğunu göstərdi. Baxmayaraq ki sosial reklamlar şəxsi deyil, ictimai maraqlara xidmət edir. Hələlik isə Azərbaycanda belə reklamların çərçivələri ayrılmayıb. Narkomaniyanın yayılması, SPİD vərəm xəstəliyinə dair məsələlər, irsi qan xəstəlikləri olan talassemiya hemofiliya, siqaretin mənfi təsiri, su ehtiyatlarının qorunması, küçələrin zibillənməsinin ekologiyaya təsiri, yaşıllığın məhv edilməsinin zərəri kimi məsələlərlə bağlı sosial reklamlar vasitəsilə cəmiyyətdə maarifləndirmə aparmaq olar: "Bunun üçün yaxşı olardı sosial reklamlar ümumi reklamlardan ayrılaraq onların efirə pulsuz verilməsi məsələsi həllini tapsın. Mümkündür ki Milli Televiziya Radio Şurası müvafiq icra hakimiyyəti orqanları ilə birgə sosial reklamları müəyyən etsin onun televiziyalarda pulsuz verilməsi həyata keçsin.

  

  

Azad Əliyev

 

Həftə içi.- 2009.- 7 aprel.- S. 3.