"Əgər
indi sussaq, uduzacağıq"
Lalə Abbasova:
"Bilirik ki, Milliyyətçi Hərəkat
Partiyası Ermənistanla
sərhədlərin açılmasına
qarşıdır"
Türkiyənin Ermənistanla
sərhədlərini açacağı
ilə bağlı
son günlər yayılan
məlumatlar artıq azərbaycanlı millət
vəkillərini də
hərəkətə gətirib.
Milli Məclisin son iclasında spiker Oqtay Əsədov xanım deputatların türkiyəli həmkarlarının
dəvəti ilə bu ölkəyə səfər edəcəklərini,
bu məsələnin
onlarla da müzakirə olunacağını
bildirdi.
Qeyd olunan məsələ ilə bağlı suallarımızı
isə Türkiyəyə
gedəcək nümayəndə
heyətinin üzvü,
millət vəkili Lalə Abbasova cavablandırdı:
- Bizi Ankaraya Türkiyənin Milliyyətçi Hərəkat
Partiyası dəvət
edib. Əsas məqsəd qadın problemləri ilə bağlı qarşılıqlı
fikir mübadiləsi aparmaqdır. Biz aprelin 14-dən
17-nə kimi Ankarada olacağıq. Ayın
15-də Atatürkün məzarını
ziyarət edəcəyik,
daha sonra isə bizim Türkiyə Böyük
Millət Məclisinin
rəhbərliyi tərəfindən
qəbulumuz planlaşdırılır.
Daha sonra isə Milliyyətçi Hərəkat Partiyasının
qərargahında görüşümüz
olacaq. Aprelin 16-da isə türkiyəli həmkarlarımızla müzakirələr
apararaq mətbuat konfransı keçirəcəyik.
- Spiker bu səfər çərçivəsində Türkiyə - Ermənistan
sərhədlərinin açılması
ilə bağlı məsələnin də müzakirə olunacağını
bildirib...
- Bəli,
keçirəcəyimiz görüşlərdə
bu məsələni də qaldıracağıq.
Bilirik ki, Milliyyətçi Hərəkat
Partiyası Ermənistanla
sərhədlərin açılmasına
qarşıdır. Bizim
də məqsədimiz
orada bu partiyaya sözügedən
məsələ ilə
bağlı dəstəyimizi
göstərməkdir. Əgər
bir millət - iki dövlətik deyiriksə, bir-birimizin mənafeyini qorumalıyıq.
Müəyyən qrupların
dövlətlərimiz arasında
dostluq münasibətlərini
korlamasına imkan verməməliyik. Biz siyasətin
dərinliklərinə dalarkən
Azərbaycanın mənafeyini
qoruyan və bir millətin digər dövlətinə
xələl gəlməsini
istəməyən partiyanı
dəstəkləyirik. Bununla
bağlı mövqeyimizi
ortaya qoyacağıq.
Türkiyə hökuməti
tərəfindən sərhədlərin
açılması yanlış
qərar olardı. Bu bizim münasibətlərimizə
də mənfi təsir göstərə
bilər. Sərhədlər
açılsa, Ermənistanın
iqtisadi vəziyyətinin
düzəlməsinə güclü
təsir göstərəcək,
müəyyən əlaqələr
qurulacaq. Lakin bu gün Ermənistan
çox pis vəziyyətdədir. Hazırda
bu gün onlara dəstək verən Rusiya da öz hayındadır.
Sərhədlər açılsa,
ermənilər bundan yaxşı istifadə edəcəklər. Qarabağ
məsələsi isə
olduğu kimi qalacaq və münaqişənin həlli
uzanacaq. Hətta Azərbaycan və Ermənistan prezidentlərinin
görüşləri də
nəticəsiz qalacaq.
- Niyə
qadın millət vəkillərimiz kişi həmkarlarından fərqli
olaraq bu məsələylə bağlı
ümumi bəyanat vermirlər, hansısa fikirlər səsləndirmirlər?
- Bu fikirlə
razı deyiləm. Biz
qadın millət vəkilləri olaraq Türkiyəyə gedib fikirlərimizi birbaşa çatdıracağıq. Həmçinin
mətbuata açıqlamalarda
da onlar bu məsələylə bağlı narahatlıqlarını
dilə gətirirlər.
Sərhədlərin açılması
ehtimalı qadın millət vəkili kimi məni də çox narahat edir. Çünki
türk dövlətləri
kimi bir olmasaq, böyük dövlətlər bizi çox tez əzə bilərlər.
- Türkiyə
parlamentində sərhədlərin
açılmasına etiraz
edən siyasi qüvvələr arasında
Cümhuriyyət Xalq Partiyası MHP-dən daha güclüdür. Səfəriniz zamanı bu partiyanın millət vəkilləri ilə də görüşəcəksiz?
- Nümayəndə
heyətimizə neçə
qadın millət vəkilinin daxil olduğu aydınlaşdıqdan
sonra öz aramızda bu məsələ ilə bağlı müəyyən
müzakirələr aparacağıq.
Həmçinin səfər
proqramından kənar
kimlərlə görüşə
biləcəyimizi də
müəyyənləşdirəcəyik.
Yəni biz Ankaraya müəyyən plan quraraq
gedirik.
- Bu məsələni
AKP hökuməti ortaya
atıb. Niyə qadın millət vəkilləri sərhədlərin
açılması yönündə
danışmaq üçün
bu partiyadan olan həmkarlarını Bakıya dəvət etmir?
- Bu da mümkündür. Səfər
reallaşdıqdan sonra
vəziyyət barədə
tam təsəvvürümüz yaranacaq. Məhz nəticələr aydınlaşdıqdan
sonra sonrakı addımlarımızın nədən
ibarət olacağını
müəyyənləşdirəcəyik.
Hələliksə bu
barədə danışmaq
bir qədər tezdir.
- Necə
fikirləşirsiniz, səfərinizin
hansısa nəticəsi
olacaq?
- Yəqin
ki, hə. Ancaq bu, çox
çətin olacaq. Əgər biz indi sussaq, uduzacağıq. Etiraz səsimizi qaldırsaq, daha ciddi mövqe ortaya qoysaq, müəyyən şeyləri
həll edə bilərik. Əfsuslar olsun ki, bir
qədər səhlənkar
millətik. Yəni çox vaxt gec hərəkətə keçirik. Məsələn,
martın 31-də soyqırımı
qeyd etdik. Ancaq bu günü
daha ciddi qeydə almalıyıq. Xalq özü buna etiraz səsini
ucaltmalı, soyqırımla
bağlı mitinqlər
keçirməliydi.
- Sizcə,
bu gün Türkiyədə Ermənistanla
sərhədlərin açılmasına
bu qədər meylin olması öz günahımız deyil?
- Məsələnin belə şəkil alması Azərbaycanın bəzi siyasətçilərinin səhlənkarlığıdır. Bu gün Türkiyədə yaşayan çox azsaylı, lakin millətçi ermənilər öz işlərini aparırlar. Biz isə bu gün duraraq öz sözümüzü deyirik. Sabah isə yaddan çıxarırıq. Lakin onlar heç bir şeyi unutmurlar. Ermənilərin qisas meylləri hər zaman beyinlərindədir. Düşünmək istəmirlər ki, heç bir valideynə görə uşaqları günahkar deyil. Artıq XXI əsrdir və insanlar daha qlobal səviyyədə düşünməlidir. Həmişə müsbət cəhətlərimizdən yararlanan digər millətlər istəyiblər bizi əzsinlər. Bu, dövlətlərarası münasibətlərə aiddir. Ermənilər çox iddialıdırlar. İddiaları tək bizə deyil, eyni zamanda Türkiyəyə və digər ölkələrədir. Əgər beynəlxalq birlik onları yerlərinə oturtmasa, başqa dövlətlər arasında da çox böyük faciələrə yol açıla bilər.
- Ermənistanla
əlaqələrin yumşaldılması
istiqamətində addımların
atılması indiki türk hökumətinin qorxaqlığı kimi dəyərləndirilir. Siz
necə fikirləşirsiz?
- Orada müəyyən qüvvələr
bu istiqamətdə çox ciddi səy göstərirlər.
Buna qorxaqlıq deməzdim,
sadəcə, uzaqgörənlikləri
yoxdur. Bu xalqda hardasa islam dövlətlərinə
xas avamlıq və məsələyə
dar çərçivədə baxmaq var.
Azad Əliyev
Həftə içi.- 2009.- 7 aprel.- S. 1-2.