Asəf Zeynallı –
100
"Onun gələcəyi irimiqyaslı,
orijinal və dərin düşüncəli
bəstəkarın həyatı
ola bilərdi"
Bu il
Azərbaycanın musiqi
ictimaiyyəti görkəmli
bəstəkar Asəf
Zeynallının 100 illik
yubileyini qeyd edir. Əslində ömrünün 23-cü baharında
dünyasını dəyişmiş
Asəf Zeynallı o sənətkarlardandır
ki, onun adı dünya musiqi ictimaiyyətinə çox yaxşı tanış olmalıdır.
Amma qəribədir bəstəkarın
həyat və fəaliyyəti ilə bağlı məqamlar, mərhələlər heç
Azərbaycanın da geniş ictimaiyyətinə
bəlli deyil. Özü
də burda Asəf Zeynallının dünyasını erkən
dəyişməsi arqument
ola bilməz. Coğrafi və tarixi bağlılıq baxımından
bizə ən yaxın və ən uzaq ölkələrin
mədəniyyət və
incəsənətində o
qədər cavan yaşında vəfat etmiş şairlər, bəstəkarlar, ifaçılar
var ki onların
heç olmasa adını eşitməyən
kəsi tapmaq çətin olar. Biz isə
Asəf Zeynallının
adını Musiqi Məktəbinə (indiki Musiqi Kolleci) verməklə kifayətlənmişik.
Hətta
belə bir faktdan xəbərsizik ki, 1948-ci ildə peşəkar musiqimizin banisi Üzeyir Hacıbəyli vəfat edənə qədər Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) məhz konservatoriya təhsili görmüş ilk bəstəkar olan Asəf Zeynallının adını daşıyırmış.
Asəf Zeynallı
1909-cu il aprelin 5-də Dərbənd
şəhərində, bağban
Zeynal Abdinin və xalçaçı
Əsbənd xanımın
ailəsində dünyaya
gəlib. O, ailədə
üçüncü oğlan
uşağı idi. Yeri gəlmişkən, Şubert
də ailəsinin
3-cü oğlan uşağı
olub. Əsbənd xanım özü də gecə-gündüz çalışaraq
uşaqlarını kiçik
yaşlarından əməyə
cəlb etmiş, onların təhsil almasına şərait yaratmışdı. Balaca
Asəf xalq mahnılarını özgün
gözəlliklə
ifa edən və hətta qarmonda çalmağı
bacaran anasından ilk musiqi dünyagörüşünü
əxz etmişdi. Hələ Bakıya köçməzdən əvvəl
1920-ci ildə Əsbənd
xanım Asəfi Dərbənd Realnı Məktəbinə qoymuşdu.
Bu məktəbdə gələcəyin böyük
bəstəkarı klarnet
çalğısına yiyələnir
və məktəbin nəfəsli orkestrində
ilk orkestr təcrübəsi qazanır.
Bakıya köçəndən
sonra isə o, Hərbi Məktəbin
nəzdində fəaliyyət
göstərən nəfəsli
orkestrin üzvlərindən
biri olur. Və elə burda da not
bilgisini və truba alətində çalğını öyrənir.
Musiqişünas Rauf Fərhadovun bəstəkarın yubileyi
münasibətilə qələmə
aldığı məqalədə
açıqladığı fikirlər çox maraqlıdır. O qeyd
edir ki, "həm Asəf Zeynallının, həm də Frans Peter
Şubertin yaradıcılığında
subyektiv-romantik başlanğıc
dominantlıq edir. Əgər Şubert yüksəkkeyfiyyətli mahnı
janrının banisi kimi musiqi tarixinə
daxil olubsa, A.Zeynallı milli romans janrının əsasını qoyub. Əgər avstriyalı ilk dəfə olaraq
romantik sonata formasını və fortepiano miniatürlərini
dinləyicilərə bəxş
edibsə, azərbaycanlı
müəllif musiqi tariximizdə ilk dəfə olaraq kamera-instrumental tendensiyaya həyat verib. Əgər Şubert Avropa musiqi yaradıcılığı
ənənələrinə proqram anlayışını
gətiribsə, Zeynallı
"Bakı" adlı
proqram simfoniyasını
bəstələmək niyyətində idi. Bundan savayı, Asəf Zeynallı da Frans Şubert kimi özünün vokal musiqisində melodiya ilə deklamasiyanı vəhdətdə
çatdırmağa və
fortepiano müşayiətinin
funksiyasını gücləndirməyə
çalışırdı. Onların hər ikisinin bəstəkarlıq
təbiətinin ümumi
cəhəti ondan ibarət idi ki, birinci yerdə
musiqi istedadı
dayanırdı, daha sonra isə kompozisiya qurmaq texnikası ilə davranmaq bacarığı
gəlirdi. Bu isə bəstəkarlıqda
başlıca cəhətdir".
Beləliklə, Hərbi Məktəbin nəzdindəki nəfəsli
orkestrdə gənc musiqiçinin uğurları
o səviyyəyə çatır
ki, artıq konsertlərdə solist kimi çıxış etməyə başlayır. Onun
bəstəkarlıq yaradıcılığının
ilk aləti isə truba olur. Məhz trubada ifa üçün
o, "Rast" muğamı üstündə
"Mahnı" əsərini
bəstələyir və
marş tipli mövzuya xarakterik-milli keyfiyyətlər verməyə
çalışır.
1923-cü ildən A.Zeynallı sonradan Türk - Azərbaycan Musiqi Texnikumu adlanmağa başlamış Türk
Musiqi Məktəbində
təhsil almağa başlayır. Burda o, professor Okorokovun
sinfində violonçelin
sirlərini öyrənir.
Bu vəzifənin də öhdəsindən uğurla
gələn A.Zeynallı
artıq 15 yaşında
orkestr-adam kimi tanınmağa başlayır.
1923-cü il Asəfin
həyatına ümumiyyətlə
taleyüklü il kimi daxil olur
- həmin ildə o, Üzeyir bəylə tanış olur və onun
rəhbərliyi altında
nəzəri əsasları və Azərbaycan musiqisinin lad özəlliklərini öyrənməyə başlayır.
Məhz bu tanışlıq sayəsində Asəf Zeynallı milli musiqimizin spesifikasını,
onun Avropa musiqi sistemindən fərqini və bununla belə, onların üzvi sintezini yaratmaqdan ötrü axtarışların
labüdlüyünü öz
üzərinə götürməyi
və deməli, özünün musiqi aləmindəki yeganə yolunun bəstəkarlıq olduğunu dərk edir.
1926-cı ildə yenicə yaradılmış konservatoriyada
imtahanları uğurla
verəndən sonra Asəf üçün violonçel dərsləri
və kompozisiya ilə paralel məşğul olmaq adi hal kimi
qəbul edilir. Onun müəllimləri
olan Karagiçeva, Abba, Yablonko və Asəfə fortepiano dərsləri vermiş Jenetskayanın adları bütün
SSRİ-də tanınırdı.
Amma onun ən böyük intizarla gözlədiyi məşğələlər Üzeyir bəyin dərsləri idi. 1925-ci ildə o, ustadının
yaratdığı "Arşın
mal alan" operettasının tamaşaya
qoyulmasında iştirak
edərək Səid Rüstəmov, Əfrasiyab
Bədəlbəyli, Əşrəf
Həsənovla bir orkestrdə çalır.
Həyat və yaradıcılıq yolunda
mifik və rəmzi anlamların gerçək faktlara üstün gəldiyi Asəf Zeynallı Azərbaycan romans və kamera musiqisi janrının inkişafını çox
illər öncədən
müəyyənləşdirmişdi. Onun "Seyran", "Çadra", "Sual",
"Ölkəm", "Sərhədçi" romanslarının
nüfuzedici duyğusallıqdan
qaynaqlanan musiqisi sonrakı dövrdə yaşayıb-yaratmış
bəstəkarların yaradıcılığına
güclü təsir etmişdi. A.Zeynallının
fortepiano üçün
bəstələdiyi "Uşaq
süitası", fortepiano,
violonçel və skripka üçün yazdığı "Lay-lay",
skripka və royal üçün bəstələdiyi "A lya
muğam", iki violonçel və royal üçün yazdığı "Günlər"
pyesi, "Çahargah"
və musiqimizin lad və melodiya
xüsusiyyətlərini Avropa
forma və quruluşu ilə birləşdirən "Durna"
əsəri kamera musiqisi üçün yeni yol açmış
oldu. Bu siyahıya simfonik
orkestr üçün
"Fraqmentlər"i,
xalq mahnılarının
simfonik işləmələrini,
Türk İşçi
Teatrında tamaşaya
qoyulan "Hindistanın
qızı", "İnqa",
"Qanlı səhra",
"Çılğınlıq",
"Sevil", "Küləklər
şəhəri" səhnə
əsərlərinə yazdığı
musiqi parçalarını
da əlavə etsək və onun tələbəlik illərindən həmin teatrın musiqi rəhbəri vəzifəsində
çalışdığını nəzərə alsaq, çox dolğun bir mənzərə alınır. Asəf Zeynallı, görünür,
həm də menecer kimi çox
bacarıqlı imiş.
O, 1930-cu illərin əvvəllərində
maestro Niyazi ilə birlikdə Leninqradda Azərbaycan bəstəkarlarının əsərlərindən
ibarət konsert təşkil etmişdi. Üzeyir Hacıbəylinin
xatirələrində oxuyuruq
ki, həmin konsert Rusiyanın mədəni paytaxtı olan Leninqrad musiqiçiləri tərəfindən
böyük maraqla qarşılanmış, bəstəkarlarımızın,
xüsusən də Asəf Zeynallının əsərləri böyük
əks-səda doğurmuşdu. Və bütün bunlar, üstəgəl, özünəxas
dəst-xəttini müəyyənləşdirmək fəhmi cəmi-cümlətanı 23 illik
həyata sığmışdı.
Onun musiqisi şəffaf, tərtəmiz
bulaq suyunun damlalarını xatırladır.
Bu musiqi nəinki böyük konsert salonlarından, həm də evlərdən səslənir.
Çünki bu musiqi xalq musiqisi
qədər qədim və qəlbə yaxın təsirdədir. Asəf Zeynallının
"Şur", "Segah"
və "Şüştər"
muğamları üstündə
bəstələdiyi "Ölkəm"
romansı isə məmləkətimizi bizə
bir daha və ilk növbədə
ata yurdu, ana Vətən anlamında sevdirir.
23 yaşlı gəncin
baxışlarındakı təkamül də heyranlıq və heyrət doğurur. Öncə Rusiya Proletar Musiqiçiləri
Assosiasiyasının klassik
və xalq irsini inkar edən
radikal-bolşevik ideyaları
ilə maraqlanan A.Zeynallı sonralar milli zəminə dayaqlanaraq özünün
"Şopeni kütlələrə
çatdırmaq" şüarını
yaradır.
1932-ci ildə A.Zeynallı
Bülbüllə birlikdə
Qarabağa folklor ekspedisiyasına yollanır.
Bu səfərdə əldə edəcəyi melodiya və mövzuları o, bəstələyəcəyi simfoniyaya
daxil etmək fikrində idi. Lakin geri qayıdarkən
o dövrdə tüğyan edən yatalaq xəstəliyinə
tutulur və 1932-ci il oktyabrın 27-də vəfat edir.
Üzeyir bəyin yazdığı kimi, "Asəf Zeynallının gələcəyi irimiqyaslı,
orijinal və dərin düşüncəli bəstəkarın həyatı ola bilərdi".
Samirə Behbudqızı
Həftə içi.- 2009.- 8 aprel.- S. 6.