Səhiyyə günü qeyd olundu
Könüllü təlimçilər
hazırlanıb
Dünən bütün dünyada olduğu kimi, Azərbaycanda da Ümumdünya Səhiyyə günü qeyd edildi. Ötən gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən "AÇQUERE reproduktiv sağlamlıq və ailə planlaşdırılması" layihəsinin icma inkişaf modeli ilə bağlı Abşeron rayonunun Məhəmmədi kəndində tədbir keçirilib. Layihənin rəhbəri Mövcudə Babamuradova iştirakçılara məlumat verərək bildirib ki, 2008-ci ilin yanvar ayından başlayaraq Bakı şəhərində və Abşeron rayonu icmalarında 37 nəfər qadın və kişi könüllü təlimçi kimi hazırlanıb: "Təlimlərdə 500-ə qədər icma sağlamlıq sessiyası keçirməklə təxminən 3 min qadın və 1500 kişi mövzu üzrə maarifləndirilib".
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi isə USAİD-in Azərbaycan hökuməti ilə sağlamlıq sahəsində əməkdaşlıq etdiyini söyləyib: "Bu gün dünyada 200 milyon qadın ailə planlaşdırılmasından istifadə etmək istəyir. Lakin məlumatların əldə edilməsində yaranan problemlər, həmçinin onların bu istəyinin ailə və icmalar tərəfindən dəstəklənməsinə görə buna nail ola bilmirlər. Qeyd edim ki, reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işləri indən sonra da davam etdiriləcək". Tədbirdə reproduktiv sağlamlıq üzrə milli koordinator Faizə Əliyeva, Abşeron rayon səhiyyə şöbəsinin müdiri Mehriban Qaralova, USAİD-in ölkə üzrə koordinatoru Skot Teylor və digərləri də çıxış edib.
Mirvari
Həftə içi.- 2009.- 8 aprel.- S. 6.