Cüzamın müalicəsi varmı?

 

Belə xəstələrlə işləmək qorxuludur

 

Həmişə cüzamın çox qorxunc, dəhşət doğuran bir mərəz olduğunu eşitmişik. Çünki cüzama düçar olanların dərisi yeyilir, sifətlərində qorxunc yaralar əmələ gəlir, qaşları tökülür, üstəlik, xəstəlik keçicidir.

 

Hətta bu xəstəliyin daşıyıcılarını çox zaman valideynləri, ən yaxın qohumları belə qəbul etmir, adi təmasdan da çəkinirlər. Əslində, cüzam nədir? Adi söhbət zamanı keçəcək qədərmi qorxulu xəstəlikdir? Bu mərəzdən qurtulmaq mümkündürmü? Bu digər suallarımızı Respublika Cüzam Xəstəxanasının baş həkimi Vidadi Əliyev cavablandırdı:

- Cüzam infeksion xəstəlikdir. Müalicəsi olsa da, fəsadsız keçmir. Yoluxma selikli qişa vasitəsilə hava-damcı üsulu ilə baş verir, ya da dərinin tamlığı pozulmuş hissəsindən xəstəliyin törədicisi orqanizmə daxil ola bilər. Bu mərəz təkcə dərini deyil, sinirlərdən tutmuş sümüklərə qədər bütün dayaq-hərəkət sistemini zədələməklə daxili orqanlarda da müəyyən dəyişikliklər yaradır. İlkin mərhələdə dəridə müəyyən ləkələr, şişkinliklər əmələ gəlir, hissiyyat itir, həmin nahiyələrdə tər ifrazı yox olur. Ağrılar o dərəcədə olur ki, xəstələr tərkibində narkotik maddə olan dərman preparatlarından istifadə edirlər. Bu xəstəliyi adi insanların aşkarlaması çətindir.

HHV. Əliyev belə xəstələrlə işləməyin riskli oldugunu bildirdi: "Amma müalicəyə cəlb edilmiş xəstələr bir neçə həftədən sonra ətraf üçün təhlükəsiz olurlar. Onu da deyim ki, elə adamda bu xəstəlik özünü 5, bəzən 15, 20 ildən sonra büruzə verir. Çox vaxt cüzamı törədən mikrobun daşıyıcıları bunu özləri ilə qəbrə qədər aparırlar. Bir sözlə, xəstəliyin üzə çıxması insanın immun sistemindən asılıdr".

Həkimdən üöyrəndik ki, cüzamlı xəstələr dərmanla pulsuz təmin edilir: "Belə xəstələrin dərman təminatını dövlət öz üzərinə götürüb. Eyni zamanda onların xəstəxanada müalicəsi pulsuz aparılır. Qeyd edim ki, belə xəstəlikdən əziyyət çəkənlərin psixikasında da dəyişikliklər olduğundan onlara qulluq etmək çox çətindir. Amma biz əlimizdən gələni edirik. Elə xəstələrimiz var ki, onlara 2 nəfər qulluq göstərir".

"Azərbaycanda qədər cüzamlı xəstə var" sualımıza cavab olaraq V. Əliyev onların sayının 70 - 73 arasında olduğunu söylədi: "Bunlardan stasionarda, dispanser nəzarətində olan da, başqa ölkələrdə müalicəsini davam etdirənlər var. Bildirim ki, Respublika Cüzam Xəstəxanasında daimi olaraq 20 xəstə qalır. Amma bu rəqəm tez-tez dəyişir. Biz orada qalan daimi xəstələrlə yanaşı, dispanser nəzarətində olan digər cüzamlı xəstələrə xidmət göstəririk."

Bu xəstəliyin qadınlar, yoxsa kişilər arasında daha çox yayıldığı məsələsinə gəldikdə isə mutəxəssis statistikaya əsaslanaraq vurğuladı ki, cüzamlı xəstələr arasında qadınlar çoxluq təşkil edir: "Bəlkə qadınların orta ömrü kişilərə nisbətən bir qədər çox olduğundan, yəni kişilər tez vəfat etdiklərindən belədir".

  

       

Xatirə

 

Həftə içi.- 2009.- 11-13 aprel.- S. 6.