"Vahid komanda kimi mübarizə aparmaq lazımdır"

 

Azərbaycan şahmatçıları onu sözün həqiqi mənasında sevirlər. Daim onların yanında olan Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov bazar günü olmasına baxmayaraq, dünən başında idi.

 

LİVESPORT.az saytına verdiyi müsahibədə bir çox maraqlı məqamlara toxunan federasiya rəsmisi şahmatsevərlərə möhtəşəm sürpriz hazırlandığını da bildirdi.

- Azərbaycan şahmatının hazırkı vəziyyətini necə qiymətləndirərdiniz?

- Azərbaycan şahmatı dedikdə 70-ci illərə qayıtmaq gərəkdir. Çünki həmin dövrdən mərhum prezidentimiz Heydər Əliyevin bünövrəsini qoyduğu şahmatımızın inkişaf yolunun bəhrəsini bu gün görməkdəyik.

Bu gün birdən-birə üç həmyerlimiz - Teymur Rəcəbov, Vüqar Həşimov Şəhriyar Məmmədyarov - dünya reytinq sıralamasında ilk 20-liyə daxildir. Belə bir nəticəylə bizdən başqa yalnız Rusiya öyünə bilər. Özü bu şahmatçılarımız "TOP-20" müvəqqəti sakin yox, daim orada qərarlaşan idmançılardır. Gənc nəsildən isə Eltac Səfərliyə böyük ümidlər bəsləyirəm.

İlk baxışdan dünya reytinq xəritəsində aparıcı rollarda olmayan qadın şahmatımız barədə nikbin fikirdəyəm. Son illərdə tərəzinin gözündə böyük üstünlük əldə edən kişi şahmatçılarımız, mənim qənaətimə görə, bir müddət sonra perspektivli zərif cins nümayəndələrinin onlarla rəqabət aparacağının şahidi olacaqlar.

- Ancaq fərdi qaydada əla nəticələri ilə bizləri sevindirən kişi şahmatçılarımız komanda yarışlarında heç də uğurlu nəticələrə imza atmırlar...

- Bəli, son Şahmat Olimpiadasında hamımız onlardan medal gözləyirdik. Lakin orta reytinqə görə 4-cü olan Azərbaycan komandası yekunda 6-cı yerlə kifayətləndi. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Hesab edirəm komanda ilin yarışları öncəsi təlim-məşq toplanışları keçməlidir. Bu, liderlərimizə bir-birlərinin çiyinlərini hiss etməyə kömək edər. Eyni zamanda komanda yarışlarına 1 ay qalmış qrafiklərinə də ciddi nəzarət edilməlidir. Əlbəttə, biz fərdi yarışlara qatılan həmyerlilərimizi başa düşürük. Onlar da pul qazanmaq istəyirlər. Lakin hansısa yarışa komanda naminə göz yummaq olar. Biz də gərək öz növbəmizdə həmin turnirlərdə iştirak etmədiklərinə görə şahmatçılarımıza müəyyən kompensasiya ödəyək.

Daha bir məqam isə liderlərimizin yaşlarıyla bağlıdır. Onlar güclü şahmatçı olsalar da, şəxsiyyət kimi hələ tam püxtələşməyiblər və bu onların gənc olmaları ilə əlaqədardır. Komanda yarışlarında hansı lövhədə, hansı rənglə oynamağı unudub vahid kollektiv kimi mübarizə aparmaq lazımdır. Qeyd etdiyim kimi, bunun üçün həyat təcrübəsi zəngin olmalıdır. İnşallah, yaxın zamanlarda bütün çatışmazlıqlar aradan qalxar və komanda yarışlarında da zirvələri fəth edərik.

- Sizə elə gəlmir ki, şahmatçılarımızın psixoloqa ehtiyacı var?

- İyirmi il öncəki şahmatla bugünkü arasına yerlə-göy qədər fərq var. Bu səbəbdən də düşünmürəm fərdi yarışlarda şahmatçılarımızın psixoloqa ehtiyacı olsun. Ancaq komanda yarışlarında belə bir mütəxəssisə ehtiyac olduğunu düşünürəm.

- Mahir müəllim, ölkəmizdə şahmat olduqca populyardır. Ancaq şahmatsevərlərimiz nadir hallarda dünyaşöhrətli zəka sahiblərini canlı görə bilirlər. Bu yöndə hansısa addım atmaq yaxın planlarınıza daxil deyil?

- Biz şahmatsevərlərimizi artıq may ayında sevindirəcəyik. Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "Prezident kuboku" fərqli formatda təşkil olunacaq. Belə ki, bu dəfə Azərbaycan - dünya yığması matçını təşkil edəcəyik. Dünya çempionu Vişvanatan Anand (Hindistan), ona həlledici görüşdə məğlub olan Vladimir Kramnik (Rusiya) və dünyada ilk iyirmiliyə daxil olan şahmatçılardan qurulmuş heyət yığmamıza qarşı "Şeveningen" sistemiylə mübarizə aparacaq. Turnir 3 gün davam edəcək. Vaxt limiti 25 dəqiqə + hər gedişə 10 saniyə olacaq.

Hesab edirəm bu turnir ölkəmizdə şahmatın daha da populyarlaşmasına xeyli təkan verəcək və şahmatsevərlərimiz bu 3 gün ərzində böyük şahmat bayramının iştirakçılarına çevriləcəklər.

 

 

Həftə içi.- 2009.- 14 aprel.- S. 8.