İlham Əliyev xalqa xidmət etmək yolunu seçib"

 

Ramazan Abdulatipov: "Qafqaz dördlüyü" komitəsinin yaranmasına mane olublar"

 

"İlham Əliyevin necə işlədiyini gördükdən, onunla danışdıqdan sonra Heydər Əliyevin bu məsələdə haqlı olduğunu başa düşdüm". Bu sözləri Rusiyanın Tacikistanda səfiri, bölgədə yaranmış münaqişələrin həlli ilə bağlı 1992-1995-ci illərdə "Qafqaz dördlüyü" komitəsinin (Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan) yaradılması təşəbbüsü ilə çıxış edən Ramazan Abdulatipov bildirib.

 

Onun sözlərinə görə, "Qafqaz dördlüyü" artıq yaranmışdı, Rusiya prezidenti B.Yeltsini bunun effekt verəcəyinə inandırmışdılar, Azərbaycan və Gürcüstan prezidentləri H.Əliyev və E.Şevardnadze ilə danışıqlar aparılmışdı. 2000-ci ilin əvvəllərində artıq bu komitənin yaradılacağı və yuxarıda adları çəkilən hər bir dövlətin nümayəndəsinin burada təmsil olunacağı planlaşdırılmışdı. Səfir hətta komitənin rəhbəri kimi ali komissar vəzifəsinin müəyyənləşdirilməsi ilə bağlı razılaşmanın da əldə olunduğunu söyləyib: "Mən bu layihəni bir neçə şəxsə təqdim etdim. Ancaq çox təəssüf ki, kimlərsə onun yaranmasına mane oldular". R.Abdulatipov onu da qeyd edib ki, bütün bunlara baxmayaraq Qafqazda yaranmış münaqişələrin həllinə nail ola bilməsələr də, onları nəzarətdə saxlaya biliblər. Diplomat bu kimi münaqişələrin həllində maraqlı olmayan qüvvələrin konkret adlarını çəkə bilməyib. Sadəcə, onu deyib ki, onlar mövcuddurlar. Səfir bu gün Ermənistan - Azərbaycan, Gürcüstan - Abxaziya münaqişələrinin nəyə görə həll olunmamasının mümkünsüzlüyünü sual verib. O bunu bu və ya digər aspektlərdən izah edib. Diplomat Cənubi Qafqazın hazırkı durumu, Türkiyənin Ermənistanla sərhədlərini açmaq fikrində olmasına münasibətini də bildirib. Onun sözlərinə görə, münaqişələrdən əzab çəkən insanların sosial rifahının yaxşılaşması barədə düşünmək lazımdır. Münaqişənin həlli ilə bağlı elə məsələləri gündəmə gətirmək lazımdır ki, bu məqamlarda insan faktoru olsun: "Biz problemin məntiqi həlli ilə bağlı layihələri həyata keçirməliyik".

Diplomat mərhum prezident H.Əliyevlə dəfələrlə görüşdüyünü də deyib: "Mən onu özümə müəllim hesab edirəm. Ən başlıcası isə bir-birimizə xoş münasibətlərimiz olub. Məsləhətə ehtiyacım olanda ona müraciət edərdim. Hələ Siyasi Büronun üzvü olarkən onu Qafqazın təmsilçisi bilirdik". R.Abdulatipov Azərbaycanın mövcud iqtidarı ilə də sıx əməkdaşlıq etdiyini vurğulayıb. Azərbaycanda aparılan iqtisadi islahatların əhalinin sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndiyini söyləyib. Onun sözlərinə görə, ötən il Azərbaycanda olarkən köməkçi vasitəsilə dövlət başçısı İ.Əliyevə xoş arzularını çatdırıb: "O isə maşın göndərdi və biz görüşdük. Mən İlham Əliyevi çoxdan tanıyıram. Atasının yanına gedərkən görmüşdüm, onda o, hələ prezident deyildi. İndi mən qarşımda başqa insanı görürəm. O insanı ki nə etdiyini yaxşı bilir. Onun iki yolu var idi - azad yaşamaq və xalqına xidmət etmək. İlham Əliyev ikinci yolu seçdi. Mən gəzdim, gördüm ki, prezident Azərbaycanda hansı uğurlara imza atıb. Olimpiya kompleksləri, hər rayonda diaqnostika mərkəzi və s. obyektlər əhalinin ixtiyarına verilib. Bundan başqa, biz milli azlıqlarla bağlı məsələ barədə danışarkən prezident çox düzgün qeyd etdi ki, Azərbaycanda bütün millətlər bərabərhüquqlu yaşayır. Bildirdi ki, birinci növbədə milli azlıqların yaşadıqları bölgələri abadlaşdırmaq, onların sosial rifahını yaxşılaşdırmaq istiqamətində addım atır". Diplomat İ.Əliyevlə danışarkən onun uzaqgörən siyasətə malik və xalqı üçün çalışan bir lider olduğunu gördüyünü bildirib: "İlham Əliyevin necə işlədiyini gördükdən, onunla danışdıqdan sonra Heydər Əliyevin bu məsələdə haqlı olduğunu başa düşdüm".

 

 

Elnur

 

Həftə içi.- 2009.- 15 aprel.- S. 2.