DİN insanları internet fırıldaqçılarından qorunmağa çağırır

 

Telekommunikasiya şəbəkələri vasitəsilə hüquqazidd əməllərin törədilməsi halları çoxalıb

 

Daxili İşlər Nazirliyi (DİN) telekommunikasiya şəbəkələrindən istifadə etməklə hüquqazidd əməllərin törədilməsi halları barədə açıqlama yayıb.

 

Açıqlamada qeyd edilir ki, son dövrlər telekommunikasiya şəbəkələrindən istifadə edilməklə müxtəlif hüquqazidd əməllərin törədilməsi hallarının çoxalması müşahidə olunur: "Əslində aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi daşıyan və qanunvericiliyə görə dələduzluq sayılan belə hüquqazidd əməllərin törədilməsi üsullarından biri də elektron əqdlərin bağlanması barədə internet şəbəkəsində qəsdən həqiqətəuyğun olmayan məlumatların yerləşdirilməsidir. Əsas etibarilə ayrı-ayrı xarici dövlətlərin vətəndaşları tərəfindən internet saytlarında bahalı avtomobillərin, müxtəlif növ texnikanın, məişət əşyalarının və sair alğı-satqısına, habelə işədüzəltmə və təhsilə göndərilmədə vasitəçiliyə dair elanlar yayılır. Elektron lotereya oyunlarında, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, müvafiq mükafatın rəsmiləşdirilməsi üçün uduşun müəyyən hissəsinin təqdim olunan bank hesabına köçürülməsinin zəruriliyi kimi hallar, sadəlövh insanları aldatmağa hesablanmış məlumatlar daha geniş xaraker almaqdadır".

DİN təəssüflə qeyd edir ki, Azərbaycan vətəndaşları da kibermühitdə törədilən belə cinayətlərin qurbanına çevrilir, malların alğı-satqısı, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi barədə internetdə gedən elanlara inanaraq onları hərtərəfli yoxlamadan külli miqdarda pullarını cinayətkarların bank hesablarına köçürür və yalnız müəyyən müddətdən sonra aldandıqlarını başa düşüb kömək üçün rəsmi dövlət orqanlarına müraciət edirlər.

Belə ki, vətəndaş Akif Əliyev Daxili İşlər Nazirliyinə müraciətində bildirib ki, 2007-ci ilin noyabrında Portuqaliyada yaşayan Antonio Pedro adlı şəxsə məxsus internetdə satışa qoyulmuş 2004-ci il istehsallı "Range Rover" markalı avtomaşını almaq qərarına gələrək bu məqsədlə tələb olunan hesaba 14 min dollar vəsait köçürüb, lakin bu günə kimi nə avtomaşının, nə də pulun aqibətindən heç bir xəbər çıxmayıb.

Vətəndaş Cavid Abdullayev isə guya 2008-ci ildə "Microsoft" şirkətində 250 min funt-sterlinq məbləğində uduş kampaniyasının qalibi olması barədə elektron poçt vasitəsilə londonlu Karlos Sandos adlı vəkildən məktub, eləcə də Londondakı bankların birindən məbləğin onun hesabına köçürüləcəyi ilə bağlı zəmanət məktubu alsa da və vəkil ilə anlaşma sənədləri əsasında onun hesabına 5.845 dollar köçürülsə də, müəyyən olunmuş müddətdə və sonralar uduş barədə heç bir məlumat almayıb.

Bakı şəhər Müşfiqabad qəsəbəsinin sakini Babək İsmayılov da 2008-ci ilin aprel və may aylarında Avstraliyada yerləşən şirkətlərin biri tərəfindən guya internet vasitəsilə keçirilən lotereya oyununda qalib olması barədə aldığı məktub əsasında sənədləşmə işləri üçün müvafiq bank hesabına 4 min dollar məbləğində vəsait köçürüb. Zərərçəkmişin müraciəti İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən araşdırılarkən Avstraliyada həmin adda şirkətin fəaliyyət göstərmədiyi və bu hadisənin internet fırıldaqçılığı olması müəyyən edilib. Həmçinin vətəndaş Nizami Ələmşahovun internet saytlarının birində satışda olan kompüteri almaq məqsədilə köçürdüyü 1200 dollar, Xatirə Xakidanın isə mobil telefon almaq üçün köçürdüyü 370 dollar da dələduzlar tərəfindən mənimsənilib.

Araşdırma göstərir ki, dələduzların tələsinə düşən yüzlərcə vətəndaş bu və buna bənzər üsulla törədilən analoji cinayətlərin qurbanı olub. DİN vətəndaşları sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa çığıraraq eyni zamanda diqqətə çatdırır ki, elektron əqdlər bağlamazdan əvvəl qanunla müəyyənləşdirilmiş bütün tədbirlər görülməli, o cümlədən "Elektron ticarət haqqında" qanuna uyğun olaraq satış, xidmət və ya iş görmək təklif edən hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı, əlaqə məlumatları (telefon, faks, internet və elektron poçt ünvanı), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və s. məlumatların mötəbərliyi mütləq qaydada yoxlanılmalı, şübhə doğuran hər bir halda pulköçürmələri həyata keçirilməməlidir.

  

 

   Sevil

 

  Həftə içi.- 2009.- 15 aprel.- S. 5.