Bəbirlər barədə qeyri-adekvat fikir formalaşdırılır

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyilənlərlə razılaşmır

 

Son vaxtlar yırtıcı heyvanların ev heyvanlarına, bəzən isə adamlara hücumlarından bəhs edilən məlumatlar yayılır. Son vaxtlar isə adı "Qırmızı kitab"a düşmüş bəbirin Cəlilabad rayonu ərazisində insanlara hücumundan bəhs edən xəbərlər yayılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda isə bildirildi ki, bu məlumat şişirdilərək əhaliyə təqdim edilir. Bu isə əhalidə Azərbaycanın nadir fauna növləri barədə daha bir qeyri-adekvat fikir formalaşdırır: "Qeyd edək ki, tarixən və aparılan elmi-tədqiqatların nəticələrinə əsasən bir sıra vəhşi heyvan növləri, o cümlədən bəbir insanlara çox nadir hallarda hücum edir. Yırtıcı heyvanların duyğu orqanları insandan daha güclü olduğundan onlar insanı uzaqdan hiss edir və onunla qarşılaşmaqdan yayınırlar. Əksər hallarda isə bu hücumların səbəbkarı bilavasitə insanın davranışı və ya "təxribatı" olur. Adətən belə hallar insanın yırtıcıya uğursuz atəş açması nəticəsində baş verir. Yaralı heyvanlar uzun müddət keçdikdən sonra da təhlükəli olurlar. Belə ki, ov etmək qabiliyyətini itirmiş bu heyvanlar aqressivləşərək bəzi hallarda insana da hücum edirlər. Nəticədə həmin heyvanların ovuna başlanılır. Məhz bu cür səbəblərdəndir ki, respublikamızın faunasına daxil olan bir çox vəhşi heyvan növlərinin nəsli artıq tükənmək üzrədir. Hazırda bir sıra yırtıcı növlər - bəbir, vaşaq, zolaqlı kaftar və otyeyən belə bir təhlükə qarşısındadır.

Sözügedən insidentlə əlaqədar isə müəyyən edilmişdir ki, yırtıcı heyvanın hücumunun səbəbkarı növbəti dəfə insan olub. Hətta şahidlərin dediklərinə və hücumun xüsusiyyətinə görə, həmin yırtıcının bəbir olması da şübhə doğurur.

Bununla belə, məlumat dəqiqləşdirilmədən və təxirəsalınmadan bəzi KİV-lər tərəfindən əhaliyə çatdırılır. Bu isə ölkəmizin nadir bioloji sərvətlərindən olan bəbir növü haqqında yanlış fikir formalaşdırır".

Qurumdan o da bildirildi ki, pişikkimilər fəsiləsinin nümayəndəsi olan bəbir dartılmış, güclü qamətli bədənə, dəyirmi, iri başa, uzun quyruğa və güclü ayaqlara malikdir: "Bədəninin uzunluğu 91 - 180, quyruğu 75 - 110 santimetrdir. Bəbirlər gecə heyvanlarıdır. Əhali məskunlaşan ərazilərə yaxın yerlərdə tək-tək yaşayır gecələr ova çıxır. Lakin gündüz, əsasən tutqun havalarda da ova çıxması halları qeydə alınıb. Bəbirlər təbiətdə zəif xəstə heyvanları ovlamaqla xəstəliklərin qarşısının alınması ekoloji tarazlığın qorunmasında xüsusi rol oynayır. Azərbaycanda bəbirin keçmiş arealı Böyük Kiçik Qafqazı, Alazan çayı vadisini, Talış Araz çayının orta hissəsini (Naxçıvan MR), bu yaxınlara qədər isə Talışın Azərbaycan hissəsi daxil olmaqla demək olar bütün Kiçik Qafqazı əhatə edirdi. Daha sonra Azərbaycanda bəbirin arealı sürətlə kiçilməyə başladı. Hazırda bu növ yalnız Talış dağlarında (Lənkəran, Astara Lerik rayonlarında), Zəngəzur (Kiçik Qafqazın cənub-şərq hissəsində (Zəngilan, Qubadlı rayonlarında), Qarabağ Naxçıvan dağlarında (Zəngəzur mahalının Naxçıvana aid hissəsində), son məlumata görə isə Acınohur ərazisində qeydə alınıb".

Nazirliyin mətbuat xidmətindən həmçinin bildirildi ki, Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli 176 saylı qərarı ilə təsdiqlənmiş "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmiş qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr haqqında" qərarın 3.1-ci maddəsinə əsasən 1 baş bəbirin ovlanmasına görə dəyən ziyanın miqdarı şərti maliyyə vahidinin 3000 mislinə bərabərdir: "Yəni 1 baş bəbirin ovlanmasına görə cərimə 3300 manat təşkil edir. Əgər bu heyvan xüsusi mühafizə olunan təbiət ərazilərində ovlanarsa, bu ziyan 2 3 qat ölçüdə hesablanır. Nazirlik vətəndaşları nadir fauna növü olan bəbir digər unikal bioloji sərvətlərin mühafizəsinə dəvət edir".

  

     

Mirvari

 

Həftə içi.- 2009.- 16 aprel.- S. 6.