Türkiyə Azərbaycan deputatları bir araya gəldi

 

"Şəhidlər xiyabanında yatan şəhidlər bizim şəhidlərimizdir"

 

Dünən Milli Məclisdə Türkiyə Azərbaycanın millət vəkillərinin birgə iştirakı ilə forum keçirildi. Tədbirin təşkilatçısı sayılan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı vurğuladı ki, bu tədbirlə bağlı hər iki ölkənin mətbuatında müxtəlif fikirlər səsləndirilməkdədir. Bunun keçirilməsi zərurəti isə 2008-ci ilin dekabrında yarandı: "Türkiyə prezidenti Abdulla Gülün keçən ilin sentyabrında Ermənistana səfərindən sonra xüsusilə Türkiyə mətbuatında fərqli fikirlər meydana gəldi.

 

Bununla əlaqədar Azərbaycana yetərincə problemlər yarada biləcək vəziyyət yarandığına görə azərbaycanlı millət vəkilləri olaraq türkiyəli həmkarlarımızla "dəyirmi masa" ətrafında bu məsələləri müzakirə etmək istədik". F.Ağamalı vurğuladı ki, belə bir forumun keçirilməsi üçün Türkiyənin 4 - Ədalət İnkişaf (AKP), Cümhuriyyət Xalq (CHP), Demokratik Sol (DSP), Milliyyətçi Hərəkat (MHP) partiyalarının başqanlarına dəvətnamələr göndərilib. Həmçinin bu məqsədlə azərbaycanlı millət vəkilləri martın 31-dən aprelin 4-nə kimi Ankarada səfərdə olaraq bu partiyaların başqan müavinləri ilə görüşlər keçiriblər: "Lakin biz çox istərdik bugünkü forumda AKP-dən olan millət vəkilləri iştirak edəydilər. Biz inanırıq ki, bu partiyada da Azərbaycan - Türkiyə münasibətlərinin korlanmasını istəməyən dəyərli həmkarlarımız var". Millət vəkili vurğuladı ki, iki ölkə arasındakı dostluq münasibətlərini heç bir qüvvə korlaya bilməz. Bu gün Azərbaycan Ermənistanın işğalı nəticəsində 20 faiz torpaqlarını itirib. Bu məsələdə dünyada güclü olan erməni lobbisinin təsiri nəticəsində Azərbaycan tək Ermənistana qarşı yox, həm bir sıra dövlətlərə qarşı dayanır: "Qarabağ məsələsində Azərbaycanın yanında olan tək dövlət Türkiyədir. Rusiya İran bizim üçün sadəcə, mehriban qonşudurlar. Türkiyə ilə münasibətlər isə fərqlidir. Bu, qardaşlıq münasibətləridir. Əgər işğal altındakı torpaqlar azad olmadan sərhədlər açılsa, Türkiyənin Rusiya İrandan heç bir fərqi qalmayacaq".

F.Ağamalı onu da bildirdi ki, Qarabağ münaqişəsi həll edilmədən Qafqazda barışıq qeyri-mümkündür. Həmçinin azərbaycanlı millət vəkilləri Türkiyə müxalifət partiyalarının bu məsələyə münasibətini iqtidarlarına təsir kimi yox, vətənlərinin, doğma torpaqlarının müdafiəsi kimi qəbul edirlər. Çünki Qarabağ tək Azərbaycanın yox, bütün türk dünyasının bir parçasıdır.

CHP-dən olan millət vəkili Şükrü Ələkdağ isə bildirdi ki, Türkiyə Cənubi Qafqazda barışıq, sabitlik istəyir. Lakin təəssüflər ki, bu yoxdur. Bunun ən başlıca səbəbi isə qanayan yara - Dağlıq Qarabağ münaqişəsidir: "Əgər Türkiyə ilə Ermənistan arasındakı sərhədlər açılsa, Azərbaycanın Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığı danışıqlardakı mövqeyi zəifləyər. Sərhədlər 1993-cü ildə yalnız bir səbəblə, Ermənistanın Azərbaycan torpaqlarını işğalı səbəbiylə bağlanıb. Biz bu addımı həmin zaman Ermənistan üzərinə bir təzyiq olsun deyə atdıq".

Millət vəkili Fazil Mustafa isə vurğuladı ki, bu görüş tarixi əhəmiyyətə malikdir. Hər iki dövlət tarixin müəyyən anlarında bacardıqca bir-birinin yanında olublar. Onun sözlərinə görə, bəzi məsələlərdə Türkiyə Azərbaycanın ayrı-ayrı dövlət kimi maraqlarının olduğu təbii qarşılanmalıdır. Məsələn, Türkiyənin Suriya ilə əlaqələri Azərbaycanın bu ölkə ilə münasibətlərinə təsir göstərməməlidir: "Lakin bizim ortaq maraqlarımız da vardır. Buraya erməni məsələsi daxildir. Hər şeydən əvvəl biz strateji müttəfiq qardaş ölkələrik. Hansısa ehtiyatsız addımlar bu münasibətləri zədələyə bilər. Bunun nəticəsində isə ortaq maraqlarımız naminə atdığımız birgə addımlar zədələnəcək".

MHP-dən olan millət vəkili Atilla Qaya isə çıxışında bildirdi ki, A.Gülün Ermənistan səfəri zamanı Türkiyə prezidentinə açıq etiraz məktubu ünvanladı. Həmin məktubunda qardaş Azərbaycana düşmən mövqeyindən qisas hissindən çəkilməyən Ermənistana dostluq əlinin uzadılmasının düzgün olmadığını vurğulayıb: "Sevindirici haldır ki, Türkiyədə MHP CHP, Azərbaycanda isə bütün siyasi ictimai qüvvələr bu məsələyə sahib çıxdı. Məhz bu güclü təzyiqlər nəticəsində AKP hakimiyyəti Ermənistanla sərhədləri açmaq məsələsində geriyə addım atdı. Mən çox istərdim bugünkü toplantıya Ermənistanla sərhədlərin açılmasını istəyən AKP-li millət vəkilləri qatılaydılar". A.Qaya onu da bildirdi ki, bu gün Çanaqqalada 3000 azərbaycanlı şəhidi məhmətciklə bir yerdə uyuyur. Azərbaycanda isə türk şəhidlərinin məzarları var: "Parlamentin yanındakı Şəhidlər xiyabanında yatan şəhidlər bizim şəhidlərimizdir". Forumda həmçinin millət vəkilləri Mübariz Qurbanlı, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, CHP-dən olan Yılmaz Atəş professor Aygün Attar da çıxış etdilər.

 

 

Azad Əliyev

 

Həftə içi.- 2009.- 16 aprel.- S. 1-2.