"Türk
ictimaiyyəti artıq
daha diqqətlidir"
Şükrü Ələkdağ: "Azərbaycan
olmasa, Türkiyə bir çox şeyləri yerinə yetirə
bilməz"
Ermənistanla sərhədlərin
açılması məsələsi Azərbaycanda olduğu
kimi, Türkiyə daxilində də kəskin etirazlarla
qarşılandı. Məhz bu təpkilər nəticəsində
AKP hökuməti sərhədlərin
açılmayacağını bəyanladı.
Qeyd edək ki, qardaş
ölkədə bu məsələni daha çox gündəmə
gətirən Türkiyənin ana müxalifəti sayılan
CHP oldu. Bu məsələlərlə bağlı
suallarımızı da Azərbaycanda səfərdə olan CHP
millət vəkili Şükrü Ələkdağ
cavablandırır:
- Sərhədlərin
bağlı qalmasının ölkələr
arasındakı münasibətlərə mənfi təsir
göstərdiyini bilirik. Sərhədlər açılarsa,
insanların qarşılıqlı gediş-gəlişi,
ticarət artar, bununla da barışa xidmət edilmiş olar. Lakin
təəssüf ki, bizim bu gün qarşı-qarşıya
qaldığımız sərhəd problemi bu istiqamətli
deyil. Sərhədlərin bağlı qalmasının səbəbi
Ermənistanın Azərbaycan torpaqlarını işğal
etməsindən irəli gəlir. Bu sərhədləri indi
açsaq, barışa xidmət etməyəcəyik, əksinə,
Ermənistanı mükafatlandırmış olarıq. Çünki
Ermənistan işğalçı dövlətdir və Azərbaycan
torpaqlarından geri çəkilmək istəmir.
İrəvanın
işğalda saxladığı torpaqlardan geri çəkilməsi
üçün BMT-nin 4 qətnaməsi və digər beynəlxalq
təşkilatların da müvafiq qərarları və qətnamələri
var. Bütün bu sənədlərdə bir şey xüsusi
olaraq vurğulanır. Qarabağ Azərbaycan
torpaqlarıdır və Ermənistan bu ərazilərdən
çıxmalıdır. Lakin Ermənistan bunların
heç birini diqqətə almır. Sərhədləri
açmaqla isə biz Ermənistana "işğal siyasətini
davam etdir" siqnalını vermiş olarıq. Türkiyə
qardaş Azərbaycana bunu heç zaman etməz. Deməli, sərhədlərin
bağlı qalması Türkiyənin əlində çox
vacib bir alətdir. Əgər qondarma soyqırımla
bağlı ortaq tarix komissiyası yaradılarsa, Azərbaycan
torpaqlarını boşaldarsa, sərhədlər
açıla bilər.
- Sizcə, məsələnin
bu həddə çatmasında AKP iqtidarının hansı
qüsurları var?
- Onlar davamlı şəkildə
bildirdilər ki, Ermənistanla aparılan danışıqlar
barədə Azərbaycan daim məlumatlandırılır. Türk mətbuatı və siyasətçiləri,
o cümlədən biz də bunu
belə bilirdik. Bu vaxta qədər
hökumət deyirdi ki, Ermənistanla danışıqlar aparılsa
da, Azərbaycanı heç vaxt incitməzlər. Ancaq Azərbaycan
prezidenti İlham Əliyevin İstanbul konfransına qatılmamasından
sonra türk ictimaiyyəti bu məsələnin belə
olmadığını, bunun
arxasında başqa işlərin dayandığını
anladı. Azərbaycanın
bu məsələ ilə bağlı narahatlıq içində
olduğunu ancaq bu şəkildə anladıq. Ancaq bundan sonra Türkiyə
daha diqqətli olacaq. Çünki biz bu məsələ
ilə bağlı türk ictimaiyyətini xəbərdar etmişik. Türkiyədə keçirilən
sorğular da göstərir ki, ictimaiyyətin 95 faizi sərhədlərin bağlı
qalmasını istəyir.
- Azərbaycanda
bu məsələyə
göstərilən etirazları
necə dəyərləndirirsiniz?
- Mən
bu etirazları, təpkiləri anlayışla
qarşılayıram. Bunları tam anlamı ilə dəstəkləyirəm. Türk
xalqının böyük
bir qismi də sizin bu
narahatlığınıza çox böyük dəyər verir.
- Ortada bu qədər
açıq gerçəkliklər varkən, sizcə, AKP Ermənistanla
bu danışıqlara nə üçün getdi?
- Onlar
düşündülər ki, Ermənistanla anlaşsalar,
İrəvan iddialarından əl çəkəcək. Ancaq hamımız bilirik ki, Ermənistan
qəti olaraq iddialarından vaz keçmək niyyətində
deyil, ikiüzlü oynayır. Bir neçə gün öncə Ermənistan prezidenti Sarkisyanın açıqlamalarını da
hamımız izlədik.
O, açıq şəkildə
bildirdi ki, onlar üçün ən vacibi Qarabağın Ermənistana
birləşdirilməsidir. Onlar öz görüşlərini
gizlətmirlər. Lakin
fikrimizcə, bundan sonra göstərilən etirazlardan sonra reallığı daha yaxşı görəcəklər.
- Sərhədlərin
açılması ideyası
Türkiyənin özünün
daxilində yaranıb,
yoxsa kənardan gətirilib?
- Sərhədlərin
açılması ilə
bağlı Türkiyəyə
xaricdən təzyiqlərin
olduğunu bilirik. Bu, həm Avropa
Birliyi çərçivəsində,
həm də bəzi böyük Qərb dövlətləri
səviyyəsində baş
verir. Ancaq söhbət Türkiyənin
bu təzyiqləri necə dəyərləndirəcəyi,
onlara uyub-uymayacağıdır. Türk
ictimaiyyəti bu məsələdə mövqeyini
ortaya qoydu.
- Türkiyə daxilində
bəzi qüvvələr vurğulayır ki, sərhədlər
açılsa, bu, ölkənin şərq vilayətlərinin
iqtisadi baxımdan inkişafına gətirib-çıxaracaq.
Siz necə fikirləşirsiniz?
- Bunlar əsas etibarilə
keçərli fikirlər deyil. Sərhəd bölgələrində
müəyyən irəliləyişlər ola bilər. Ancaq
bunun müqabilində Türkiyənin itirə biləcəyi
çox şeylər var. Ankara Bakının
dostluğunu itirə bilər. Azərbaycan Türkiyənin strategiyasında
son dərəcə önəmli bir dövlətdir. Bundan əlavə, Azərbaycan Qafqazın ən böyük və zəngin ölkəsidir. Siz olmasanız, Türkiyə bir çox şeyləri yerinə yetirə bilməz. Qardaşlıqdan
başqa, qarşılıqlı
maraqlar var. Biz deyirik ki,
Şərqlə Qərb
arasında enerji dəhliziyik. Azərbaycan olmadan Türkiyə nə cür enerji dəhlizinə çevriləcək? "Nabukko"dan danışılır.
Azərbaycan olmadan bunu reallaşdırmaq mümkündür? Təbii
ki, yox. Qardaşlığımızdan, dostluğumuzdan, tarixi bağlılığımızdan həm türklər, həm də azərbaycanlılar qürur
duyurlar. Ancaq bu qarşılıqlı
maraqlardan dolayı, Türkiyənin Orta Asiyaya açılan qapısı Azərbaycandır.
Qafqazlarda bir barış əldə olunacaqsa, yenə də bu məsələdə
əsas söz sahibinə Azərbaycan çevriləcək. Bunları
nəzərə almaya
bilmərik.
- Sizcə,
bundan sonra Qarabağ münaqişəsi
həll edilməmiş
sərhədlərin açılması
təhlükəsi qalır?
- Hələlik Türkiyə
prezidentinin, xarici işlər nazirinin bu məsələdə qəti bir açıqlama
vermələrini gözləyirik. Hələlik
bunlar yoxdur. Ancaq türk ictimaiyyəti bu məsələdə artıq
son dərəcədə
diqqətli və şüurludur.
- Rusiyanın bu məsələdəki
mövqeyini necə qiymətləndirirsiniz?
- Rusiyanın ən
başlıca istəklərindən biri onun Qafqazdakı son
qalası sayılan Ermənistan üzərindəki nəzarətini
davam etdirməkdir. Bu istiqamətdən
yanaşılsa, Rusiya
sərhədlərin açılmasını
istəmir. Çünki
sərhədlər açılacağı
təqdirdə Ermənistan
Türkiyə üzərindən
dünya ilə iqtisadi inteqrasiyaya baş vuracaq. Onun iqtisadiyyatı güclənəcək. Bununla
da Ermənistan Rusiyanın nəzarətindən
yavaş-yavaş çıxacaq.
Rusiya Qarabağ problemini həll etməz. Çünki bu problem həll
olunmadıqca, Ermənistanı
itirməyəcək. Sərhədlərin
açılması məsələsində
də o qədər təpki göstərməz. Yəni
Rusiya bu mövzularda mütləq ikili oynayacaq. Qarabağ məsələsini
çözməyəcək. Sərhədlərin açılmasına
da açıq şəkildə yox deməyəcək. Türkiyə
Ermənistanla bu məsələyə yaxınlaşdığı
anda Azərbaycan buna etiraz göstərəcək
və Rusiyaya yaxınlaşacaq. Hesab budur.
Azad Əliyev
Həftə içi.- 2009.- 16 aprel.- S. 1-2.