İsmayıl Ömərov
yenə direktor oldu
Köhnə və yeni baş direktor İTV-ni bölgənin
ən nüfuzlu televiziyasına çevirəcəklərini
deyir
Dünən Milli Televiziya və Radio Şurasında
(MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin
(İTV) Yayım Şurasının iclası keçirilib.
MTRŞ sədri
Nuşirəvan Məhərrəmlinin də
qatıldığı iclasda İTV baş direktorunun
seçilməsi məsələsinə baxılıb. Gizli səsvermə nəticəsində İsmayıl
Ömərov yenidən
İTV-nin baş direktoru seçilib. Səsvermədə İTV Yayım
Şurasının 9 üzvündən
8-i iştirak edib. Üzvlərdən Ağacan
Əbiyev isə Türkiyədə olduğundan
məktub vasitəsilə
səsverməyə qatılıb.
Səsvermədə İTV Yayım Şurasının
bütün üzvləri
telekanalın hazırkı
direktoru İ.Ömərovun
"lehinə" səs
veriblər. Daha sonra üzvlər İ.Ömərovu yenidən direktor seçilməsi münasibətilə təbrik
ediblər.
Qeyd edək ki,
İTV-nin baş direktoru vəzifəsi uğrunda İ.Ömərovla
yanaşı, İTV-də fəaliyyət göstərən
"Carçı-film" Yaradıcılıq Birliyinin
direktoru Azad Məmmədov mübarizə aparıb. Bu posta
"Azad Azərbaycan" telekanalının xəbər
redaktoru Bəhruz Məhərrəmov da namizədliyini irəli
sürsə də, sonradan ona sentyabr ayında açılacaq
"ATV İnternational" telekanalına rəhbərlik təklif
edildiyi üçün namizədliyini geri götürüb.
Xatırladaq ki,
İTV-nin baş direktorunu seçmək üçün
İTV Yayım Şurasının elan etdiyi müsabiqə
martın 31-dən aprelin 7-dək aparılıb.
MTRŞ sədri
Nuşirəvan Məhərrəmli baş direktor vəzifəsinə
keçirilən seçkinin obyektiv oldğunu deyib:
"İctimai Televiziya və Radio Yayımları Şirkətinə
(İTV) baş direktor vəzifəsinə keçirilən
seçki şəffaf və demokratik olub. Mən özüm də şahidi oldum ki, hamı
yekdilliklə İsmayıl
Ömərova səs verib". N.Məhərrəmli
bundan sonra İTV-nin inkişafı naminə lazım olan dəstəyi verməyə hazır olduğunu deyib.
İTV üçün yeni bina tikilib
Növbəti 4 il
üçün ikinci dəfə İTV-nin baş direktoru
seçilmiş İ.Ömərov isə ona etimad göstərmiş
şura üzvlərinə təşəkkürünü
bildirib. O həmçinin
İTV-nin təkmilləşməsi,
ictimaiyyəti maraqlandıran
və narahat edən məsələləri
işıqlandırması və onu cəmiyyətə
çatdırması üçün
mövcud imkanların
bundan sonra da genişlənəcəyini
vurğulayıb: "Ötən
müddət ərzində
ictimaiyyəti narahat edən məsələləri diqqətdə
saxlamağa, onlara daha çox yer verməyə çalışmışıq. Rəhbərlik etdiyim kollektivə inanaraq deyə bilərəm ki, növbəti 4 ildə İTV-ni bölgənin ən nüfuzlu televiziyasına çevirəcəyik".
Telekanal rəhbəri
İTV kollektivinin yarandığı 4 ildə teleməkanda
fantastik yaradıcılıq yolu keçdiyini deyib:
"İTV-nin əməkdaşları intellektual və
peşəkarlığa malik şəxslərdir. Onlar bunu əməlləri
ilə göstərdilər.
Bundan sonra da Azərbaycanla bağlı məlumatlar
İTV vasitəsilə dünya
ölkələrinə yayımlanacaq.
Bunun üçün
beynəlxalq telekörpüləri
inkişaf etdirməyə
ehtiyac var".
Yaxın günlərdə
İTV-nin həyətində teleşirkət
üçün yeni köməkçi bina tikilib. Artıq tikinti işləri başa çatdırılıb və
avadanlıqların quraşdırılması
prosesi gedir. Bu barədə isə İTV-yə baş direktor vəzifəsinə keçirilən
səsvermədən sonra
təşkil olunan mətbuat konfransında Yayım Şurasının
sədri Cahangir Məmmədli məlumat verib. Onun sözlərinə
görə, yeni binada bütün studiyalar rəqəmsal avadınlıqlarla təchiz
olunub. Orada hətta İTV-nin özünün mehmanxanası
da fəaliyyət göstərəcək. Yeni
binanın yaxın günlərdə istifadəyə
veriləcəyi gözlənilir.
Telekanal sahibləri ehtiyatlı olmalıdır
Tədbirdə
çıxış edən MTRŞ sədri Nuşirəvan
Məhərrəmli telekanallarda mütəmadi olaraq intiharlarla
bağlı xəbərlərin yayımlanmasına da
münasibət bildirib: "Bunun qarşısını almaq
lazımdır. Telekanal sahibləri bu cür məsələlərə
ehtiyatla yanaşmalı,
bu məsələləri
qabartmamalı, insanların
şüuruna yeritməməlidirlər.
Lakin şura olaraq bizim buna
müdaxilə etmək
səlahiyyətimiz yoxdur".
MTRŞ ölkədə fəaliyyət
göstərən telekanalların
monitorinqini davam etdirir. N.Məhərrəmli
monitorinqlər zamanı
bəzi nöqsanların
aşkarlandığını deyib: "Qanun pozuntularının aradan qaldırılması üçün
tədbirlər görürük.
Bu tədbirlər isə birbaşa tövsiyə xarakterli olur. Mövcud qanunvericiliyə görə,
şuranın telekanalların
proqram siyasətinə,
yaradıcılıq işlərinə,
kadr işlərinə
qarışmaq hüququ
yoxdur. Televiziyalar özəl qurumlardır, fəaliyyətlərini öz
nizamnamələrinə uyğun
qururlar. Biz, sadəcə, qanunvericilikdə
onların üzərində
qoyulan tələblərə
nəzarət edirik".
Şura sədri yeni
yaradılacaq "ATV İnternational" telekanalının
kadr məsələsinə də toxunub. O, kadr probleminin həllində
ehtiyac yaranacağı halda, dövlət tərəfindən
lazım olan dəstəyin göstəriləcəyini qeyd
edib.
Şura qanunla hərəkət edir
"Xarici
radiostansiyaların Azərbaycanda yayımının bərpa
olunması məsələsi ilə bağlı dövlətlər
arasında müqavilə imzalanarsa, biz bu məsələyə
baxa bilərik", - deyə bu barədə də məlumat
verən N.Məhərrəmli xarici radiostansiyaların Azərbaycanda
yayımı ilə bağlı MTRŞ-in artıq
mövqeyini nümayiş etdirdiyini və konkret addım
atdığını deyib: "Xarici radiostansiyalar, telekanallar
Azərbaycan qanunvericiliyinə uyğun olaraq
yayımlanmadığına görə biz bunu qəbul
etmirik. Biz artıq öz mövqeyimizi ortaya qoymuşuq, indi
söz digər qurumlarındır".
Anadolu türkcəsində
serialların yayımının dayandırılması və
şuranın bu addımına Milli Məclis üzvlərinin
sərt reaksiya verməsinə gəldikdə isə N.Məhərrəmli
deyib ki, rəhbərlik etdiyi qurum "Dövlət dili" və
"Teleradio yayımı haqqında" qanun əsasında hərəkət
edir: "Hər kəsin öz düşüncəsi var və
buna uyğun düşünür. Amma
biz işimizi o cür fikirlər
əsasında qurmuruq.
Bu məsələ digər ölkələrdə
necə tənzimlənirsə,
biz də elə hərəkət edirik. Bir neçə
gün əvvəl Türkiyə telekanallarında
Azərbaycanla bağlı
veriliş verdilər.
Azərbaycandan çıxış
edən millət vəkillərinin çıxışları
alt yazısı kimi göstərilirdi. Yəni bu, təkcə
bizdə deyil, bütün dünyada belədir. Digər tərəfdən bizim dillərimiz eynidirsə, onlar niyə bunu edirlər? Bu məsələ də tədricən həllini tapacaq".
Naibə
Həftə içi.- 2009.- 17 aprel.- S. 6.