İşsizliyin səviyyəsi
aşağı düşüb
Elnur Kələntərov: "İqtisadi fəal əhalinin
sayı 4321,2 min nəfərə çatıb"
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin
rəhbəri Elnur Kələntərovdan
aldığımız məlumata görə, 2009-cu ilin 1-ci
rübü üzrə statistik rəqəmlər xeyli qənaətbəxşdir.
Müsahibimiz bildirdi ki, sözügedən kvartalda
respublikamızda iqtisadi fəal əhalinin sayı ötən
ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz
artaraq 4321,2 min nəfərə çatıb: "İqtisadi
fəal əhalinin 4059,7 min nəfəri, yəni 93,9 faizi məşğul
əhalidir. Cari ilin fevralın 1-nə olan məlumata əsasən,
müəssisə və təşkilatlarda muzdla
çalışan işçilərin sayı əvvəlki
ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq
1407,6 min nəfər, yəni məşğul əhalinin 34,7
faizini təşkil edib. İqtisadiyyatın müxtəlif sahələrində
çalışanların orta aylıq əməkhaqqı
cari ilin yanvar və fevral aylarında ötən ilin ilk 2
ayı ilə müqayisədə 26,4 faiz artaraq 292,9 manata
çatıb".
Onun dediyinə görə,
bütün dünya ölkələrində mövcud olan
işsizlik probleminin aradan qaldırılması sahəsində
Azərbaycanda ardıcıl və məqsədyönlü tədbirlər
həyata keçirilir və bu tədbirlər cari ilin ilk
rübündə də özünün müsbət nəticələrini
verib: "Qeyd olunan müddətdə respublikamızda
işsizliyin səviyyəsi ötən ilin ilk rübünə
nisbətən 0,4 faiz azalaraq 6,1 faizə enib. Məlumat
üçün bildirim ki, bu göstərici Avropa Birliyinin əhatə
etdiyi 27 ölkə üzrə cari ilin yanvar ayında 7,9 faiz təşkil
edib".
Həmsöhbətimiz ƏƏSMN-in
yoxsulluq problemləri və ünvanlı sosial yardım
şöbəsinin məlumatına əsasən
vurğuladı ki, cari ilin əvvəlinə kimi
respublikamızda 775.652 nəfər üzvü olan 169.664 ailə
dövlətdən ünvanlı sosial yardım (ÜDSY)
alır. Onlardan 30.361 nəfər üzvü olan 6812 ailəyə
cari ilin yanvar-fevral aylarında yardım təyin olunub:
"ÜDSY mexanizminin tətbiqi nəticəsində dövlətdən
ilk dəfə yardım alan ailələrin sayı
131.660-dır. Bu isə sözügedən yardımı
alanların 77,6 faizini təşkil edir. ÜDSY alan ailələrin
51.206-sı ilk dəfə belə yardım təyin
olunandır. Yardım təyin edilən ailələrdə 18
yaşadək olanların sayı 369.212, 1 yaşadək
olanların sayı 12.892, üzrlü səbəblərə
görə işləməyən əmək qabiliyyətli
ailə üzvlərinin sayı 76.496, işləyən ailə
üzvlərinin sayı 68.298, əmək pensiyası
alanların sayı 47.291, sağlamlıq imkanları məhdud
18 yaşadək olanların sayı 10.079 nəfərdir. ÜDSY
təyin olunan ailələrin 70.050-si 3 və daha çox
uşağı olan, 283-ü qəyyumluq təyin edilən,
982-si tərkibində müharibə əlili olan, 21.856-sı
digər səbəblərdən əlil üzvü olan,
15.166-sı məcburi köçkün və 44-ü şəhid
ailəsidir. Bir ailəyə ayda orta hesabla 99.87 manat, hər
ailə üzvünə isə 21.85 manat ÜDSY verilir və
həmin yardımı alan ailələrin 91 faizi bu
yardımları plastik kartlar vasitəsilə alır".
ƏƏSMN
sözçüsü onu da vurğuladı ki, Azərbaycanda
ehtiyac meyarının tədricən yaşayış
minimumuna yaxınlaşdırılması dövlətin sosial
siyasətinin əsas məqsədlərindən biridir və
bu istiqamətdə mühüm addımlar atılır:
"Dövlət başçısının 25 noyabr 2008-ci
il tarixli sərəncamına əsasən, respublikamızda
ehtiyac meyarının məbləğinin cari ilin yanvar
ayının 1-dən 60 manat məbləğində təsdiqlənməsi
qeyd olunan sahədə növbəti irəliləyişdir. Bildirim
ki, 2006-cı ildə ölkəmizdə sözügedən məbləğ
30 manat idi və bu məbləğ yaşayış
minimumunun 51,7 faizini təşkil edirdi. Hazırda isə ehtiyac
meyarının məbləği 60 manatdır və onun
yaşayış minimumuna nisbəti 71,4 faizdir".
707 mənzil tikiləcək
Həmsöhbətimiz
xatırlatdı ki, ötən il ƏƏSMN-in sifarişi ilə
396 mənzil inşa etdirilərək Azərbaycanın ərazi
bütövlüyü və konstitutsiya quruluşu uğrunda
savaşlarda fiziki sağlamlığını itimiş vətəndaşların
və şəhid ailələrinin istifadəsinə verilib. Bu
da 2007-ci illə müqayisədə təxminən 2,3 dəfə
çoxdur: "31 dekabr 2008-ci il tarixinə olan məlumata əsasən,
bu vaxta qədər nazirliyimizin sifarişi əsasında
respublikamızın ayrı-ayrı şəhər və
rayonlarında 53 çoxmənzilli, 247 fərdi
yaşayış evi, ümumilikdə 1689 mənzil tikilərək
əlil və şəhid ailələrinə verilib. Ötən
il Bakının Binəqədi rayonunda, həmçinin
Sumqayıt, Zaqatala, Tovuz, Mingəçevir,
İsmayıllı şəhər və rayonlarında 36 mənzilli,
Qəbələ, Goranboy, Tərtər, Ağcabədi,
Oğuz, Şəmkir, Qazax və Tovuz rayonlarında 16 mənzilli
yaşayış binaları həmin təbəqədən
olan ailələrin istifadəsinə verilib. Hazırda ölkənin
müxtəlif bölgələrində 3 ədəd 16 mənzilli
və 40 ədəd fərdi yaşayış evinin
inşası yekunlaşmaq üzrədir və yaxın
vaxtlarda həmin binalar əlil və şəhid ailələrinin
istifadəsinə veriləcək".
Bu il 500 "Oka" paylanacaq
Nazirlik təmsilçisi
qeyd etdi ki, sözügedən sahədə işlər ilbəil
güclənməkdədir və cari il 707 mənzil inşa
etdirilərək Qarabağ müharibəsi və şəhid
ailələrinə veriləcək. Yeni tikilən binaların
müasir tələblərə uyğun inşasına
nazirlik tərəfindən daim xüsusi diqqət yetirilir və
həmin evlər özlərinin rahat məişət şəraiti
ilə öz sahiblərində razılıq hissi doğurur:
"Onu da diqqətinizə çatdırım ki, dövlət
tərəfindən minik avtomobili ilə təmin edlmək
imtiyazı olan əlillərə və o cümlədən
Böyük Vətən müharibəsi əlillərinə
ümumilikdə 576 ədəd "Oka" markalı minik
avtomobili paylanılıb. 2009-cu ildə daha 500 minik avtomobili
növbəlilik prinsipi əsasında əlillərə təqdimlənəcək.
Qeyd edim ki, 1998-ci ildən 2008-ci ilədək respublikamıza əlillər
üçün 2085 ədəd "Oka" markalı
avtomaşınlar alınaraq gətirilib və növbədə
dayanmış Qarabağ müharibəsi, "20 Yanvar" əlilləri,
Respublika Veteranlar Şurasının təklifi də nəzərə
alınmaqla dövlət quruculuğunda, eləcə də gənc
nəslin təlim-tərbiyəsində xüsusi xidmətləri
olmuş Böyük Vətən müharibəsi əlillərinə
verilib".
Nazir mayda Türkiyəyə gedəcək
E.Kələntərov
onu da bildirdi ki, cari ilin may ayının ortalarında əmək
və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov
türkiyəli həmkarı F.Çelikin dəvəti ilə
qardaş ölkəyə səfər edəcək. Səfərin
məqsədi iki ölkənin müvafiq nazirliklərinin
6-cı birgə iclasında iştirak etməkdir: "Tədbirin
Ankara şəhərində keçirilməsi
planlaşdırılır. İclasda Türkiyə və Azərbaycan
arasında sosial müdafiə sahəsi üzrə əməkdaşlıq,
o cümlədən əmək bazarı münasibətləri
üzrə təcrübə mübadiləsi, Dövlət Əmək
Müfəttişliyinin potensialının gücləndirilməsi
kimi məsələlər müzakirə ediləcək".
Təbriz Vəfalı
Həftə içi.- 2009.- 17 aprel.- S. 5.