Ölkədə 250-dən çox turizm şirkəti fəaliyyət
göstərir
Ə.Qarayev: "7 turizm zonasının inkişafı
üçün nəzərdə tutulan yerlər müəyyənləşdirilir"
Dünən Bakıda Böyük Britaniyanın
"ITE Grour" şirkəti və onun Qafqazdakı tərəfdaşı
olan "Iteca Caspian"ın təşkilatçılığı
ilə VIII Azərbaycan beynəlxalq turizm və səyahətlər
(AİTF), eləcə də III Qafqaz beynəlxalq mehmanxana,
restoran və supermarketlər üçün avadanlıq və
ləvazimatlar (NOREX) sərgiləri keçirildi.
Mərasimdə
çıxış edən "Iteca Caspian"ın
direktoru Fərid Məmmədov bildirdi ki, AİTF sərgisinin
keçirilməsinə Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu
("Azpromo"), Turizm Sərgilərinin Təşkilatçıları
Assosiasiyası, həmçinin Azərbaycan Turizm
Assosiasiyası dəstək verir: "Sərgidə 20 ölkədən
78 şirkət iştirak edir. Ekspozisiya sahəsi isə 30 faiz
artıb. Sərgi iştirakçılarının təxminən
35 faizini yerli şirkətlər təşkil edir. Azərbaycanın
daxili regional turizmi bu il Qəbələ, Nabran, Quba, Lənkəran
və başqa rayonların mehmanxanaları ilə təmsil
olunur".
Direktor həmçinin
bildirdi ki, sərgidə ənənəvi olaraq Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Qarabağ stendi təqdim edilir: "Mədəniyyət
və Turizm Nazirliyinin dəvəti ilə İSESKO təşkilatına
üzv olan ölkələr AİTF sərgisində öz
turizm potensialını nümayiş etdirir. İSESKO-nun birləşmiş
stendi çərçivəsində İordaniya, BƏƏ,
Malayziya, İndoneziya və İraq milli stendi ilə
çıxış edir. Bu il sərgi sponsoru kimi
çıxış edən Türkiyə, Almaniya və
Mavrikiyə milli stendlərini təqdim edir. III Qafqaz beynəlxalq
mehmanxana, restoran və supermarketlər üçün
avadanlıq və ləvazimatlar sərgisində isə
İtaliya, Almaniya, Türkiyə, Azərbaycan, Rusiya və
Ukraynadan 20 şirkət iştirak edir".
Açılış mərasimində çıxış
edən mədəniyyət və turizm naziri Əbülfəz
Qarayev isə Azərbaycanda son illər ərzində turizm
sektorunun inkişaf etdiyini söylədi. Belə sərgilərin
ölkənin turizm sektorunun inkişafına daha da təkan
verdiyini deyən nazir bildirdi ki, hazırda Azərbaycanda 300-dən
çox otel, 250-dən çox turizm şirkəti fəaliyyət
göstərir: "Bu gün Azərbaycanda 7 turizm
zonasının perspektiv inkişafı üçün nəzərdə
tutulan yerlər müəyyənləşdirilir. Bu istiqamətlərdən
biri kimi Dağlıq Qarabağ nəzərdə tutulur. Biz bu
gün bunun yollarının layihələndirilməsi ilə
məşğuluq. Əminəm ki, siyasi saziş
imzalandıqdan və torpaqlar azad olunduqdan sonra Dağlıq
Qarabağ Azərbaycanın ən cəlbedici turizm
zonalarından biri olacaq". Nazirin sözlərinə görə,
Ermənistan bu gün turizm sərgilərində Dağlıq
Qarabağı cəlbedici yer kimi təqdim edir. Bununla da Azərbaycanın
beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazi
bütövlüyünün prinsiplərini pozur. Ə.Qarayev
onu da xatırlatdı ki, Almaniyada bu yaxınlarda keçirilən
turizm sərgisində Ermənistan Dağlıq Qarabağın
turizm potensialını nümayiş etdirdiyi üçün
Azərbaycan buna etiraz edərək sərgini tərk edib.
Nazir ötən il ərzində
Azərbaycana 1,9 milyon turistin gəldiyini də
vurğuladı: "Hesab edirəm Azərbaycan yaxın 2 - 3
ildə dünyanın daha bir turizm regionuna çevriləcək.
2008-ci ildə dünyada maliyyə böhranının dərinləşməsinə
baxmayaraq Azərbaycanda, əksinə, ölkəyə gələn
xarici vətəndaşların sayı ilk dəfə 1,899
milyon nəfər təşkil edib. 2007-ci ildə bu rəqəm
1,3 milyon olub". Türkiyənin Azərbaycandakı səfiri
Hulusi Kılıc isə ölkəsində fəaliyyət
göstərən otellərin xidmət səviyyəsinin
çox yüksək olduğunu dedi. Onun sözlərinə
görə, Türkiyə turizm sektorunun inkişafına
çox diqqət yetirir. Bu səbəbdən də təkcə
ötən il ərzində turizm sektoru dövlət büdcəsinə
22 milyard dollar gəlir gətirib. Bildirək ki, sərgi aprelin
18-də yekunlaşacaq.
Səma
Həftə içi.- 2009.-17 aprel.- 1;5.