"Bu insanlara dəstək durmaq lazımdır"

 

May ayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək "Eurovision" mahnı müsabiqəsi yaxınlaşdıqca təmsilçimiz Aysel Teymurzadə haqqında müxtəlif söz-söhbətlər daha geniş vüsət alır. Onun haqqında gəzən son şayiə 2007-ci ildə avtomobil qəzası keçirdiyi barədədir. Sabunçu xəstəxanasında işlədiyini deyən və adının açıqlanmasını istəməyən həkimin sözlərinə əsasən, guya, Aysel 2007-ci ildə ağır avtomobil qəzası keçirib. Onun sözlərinə görə, həmin vaxt müalicə alan Ayselə indi arıqlamaq üçün qida rejimini dəyişmək pis təsir edə bilər. Xatırladaq ki, Aysel Moskvaya yola düşməzdən əvvəl çəkisini 8 - 10 kq azaltmaq məqsədilə qida rejimini dəyişdiyini bildirmişdi.

Amma Aysel haqqında hamı belə fikirlər söyləmir. Onu dəstəkləyənlər həddindən artıqdır. Məsələn, xalq artisti Nisə Qasımova xarici ölkələrdə fəaliyyət göstərən səfirlərimizi və diaspor təşkilatlarının nümayəndələrini Aysellə Araşa dəstək durmağa səslədi: "Son zamanlar bu iki gənc haqqında müxtəlif fikirlər irəli sürülür. Bəziləri deyir təmsilçilərimiz bizim etimadımızı doğrultmayacaq, bəziləri isə əksinə, hər şeyin lazımınca olacağını bildirir. Və bu insanlar belə fikirlərdən irəli gedə bilmirlər. Əslində, bu insanlara dəstək olmaq lazımdır. Bizim xaricdə fəaliyyət göstərən səfirliklərimiz və diaspor təşkilatlarımız bu işdə böyük rol oynaya bilərlər. Onlar hökmən bir araya gəlməli, yaşadıqları və işlədikləri ölkələrdə səsvermənin yüksək olmasında əhəmiyyətli iş görməlidirlər. Mən onları bu işdə Aysellə Araşa kömək etməyə çağırıram. Çünki onların hamısının damarında azərbaycanlı qanı axır".

    

 

Xatirə

 

Həftə içi.- 2009.- 21 aprel.- S. 7.