Uşaq ilinə balaca rəssamlarla
İçərişəhərdə yerləşən "Abşeron" Rəsm Qalereyasının növbəti sərgisi balaca rəssamların yaradıcılığına həsr olunub. Azərbaycan Respublikası prezidentinin 2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı sərəncamına dəstək olaraq Qalereya tədbirlər silsiləsi hazırlayıb. 7 yaşlı rəssam Məhəmməd İsmayılovun rəsmləri əsasında "Məhəmmədin nağılları" kitabçası tərtib edilərək kütləvi tirajla çap olunub. 2009-cu ilin 8-12 aprel tarixlərində pedaqoq Nərmin Abdullayevanın rəsm studiyasında çalışan 11 rəssamın sərgisi nümayiş etdirilib. Növbəti sərgi isə tanınmış rəsm müəllimi Nailə Kazımovanın rəsm studiyasındakı balaca istedadların yaradıcılığına həsr olunub. İlin sonuna kimi Bakıdakı ən fəal rəsm studiyalarının sərgilərini təşkil etmək planlaşdırılır.
Rəsm studiyasının kollektiv sərgisinin açılış mərasimi aprelin 17-də baş tutub. Sərgidə 11 balaca rəssamın 60 əsəri nümayiş etdirilir. Ən balaca iştirakçının 4 (Mirağa Mirağayev), ən böyüyünün isə 13 (Sənəm Axocəstə) yaşı var.
Balaca rəssamların mövzuları da onların istifadə etdiyi çalarlar kimi rəngarəngdir. Onlar öz ailə üzvlərini də, dostlarını, sevimli ev heyvanlarını, oyuncaqları və onları əhatə edən ev əşyalarını da böyük həvəslə fırçaya alırlar. Əlbəttə, uşaqlar üçün ən kövrək mövzu bizi əhatə edən təbiət mənzərələrinin təsviridir. Onlar ən təcrübəli rəssamların belə tapmaqda çətinlik çəkdikləri təbiət obrazlarını asanlıqla yaradırlar - "Payız əhval-ruhiyyəsi", "Yağış", "Gün çıxanda", "Göy qurşağı və at", "Yaylaqda". Bəzən bu mənzərələr nağıl donuna geydirilir - Sehrli bağ", "Mədrəsə". Daha bir sevimli motiv "Şərq" mövzuları ilə bağlıdır: "Yapon motivi", "Şərq adamları", "Səhra gəmisi", "Hind qızı".
Ekspozisiyadakı əsərlərə baxarkən uşaqların azad təxəyyülünü bacarıqla yönəldən, onlara öz yaradıcı fantaziyalarını kağız üzərinə uğurla köçürməkdən ötrü ən müxtəlif qrafik fəndləri öyrədən məqsədyönlü pedaqoq səyi duyulur. Yaşlarından asılı olmayaraq, balaca rəssamlar rəngli karandaş və pastellə, sulu boya və quaşla, flomasterlə qarışıq texnikada işləməyi, kompozisiya qurmağı bacarırlar. Onların müxtəlif aylarda çəkdikləri rəsmləri müqayisə edərkən sürətli inkişafın şahidi olursan. Bu uşaqların arasından görkəmli təsviri sənət ustalarımızın çıxacağına inanmaq istərdik.
Nailə Kazımovanın rəsm studiyasında çalışan
balaca rəssamların
sərgisi aprelin 21-dək
davam edəcək.
Samirə
Həftə içi.- 2009.- 21 aprel.- S. 5.