"Laçın
dəhlizi məsələsi
həllini tapa bilər"
"Biz Ermənistanla Qarabağ arasında quru əlaqəsinin
erməni tərəfi üçün vacibliyini
anlayırıq"
"Dağlıq Qarabağın statusu ilə
bağlı heç vaxt birtərəfli qərar verilə
bilməz. Azərbaycan Qarabağın hüquqi cəhətdən
öz tərkibindən ayrılması mexanizmlərini təklif
edən prosesləri görmür və heç zaman onlarda
iştirak etməyəcək" - bu fikirləri prezident
İlham Əliyev Rusiyanın "Vesti" və
"İtar-Tass" informasiya agentliyinə müsahibəsində
səsləndirib. Dövlət başçısı vurğulayıb
ki, bu, Bakının
birmənalı mövqeyidir.
Onun sözlərinə görə,
münaqişənin nəticələri
aradan qaldırılmalı,
keçmiş Dağlıq
Qarabağ muxtar vilayətinin ətrafındakı
ərazilərdən erməni
işğalçı qüvvələrinin
çıxmasına nail olmaq
lazımdır. Lakin bu, mərhələli şəkildə həyata
keçirilməlidir: "Azərbaycanın Qarabağla
bağlı mövqeyində
orada indi və gələcəkdə
yaşayacaq insanların
təhlükəsizliyi, bölgənin
yerli özünüidarəetmə
məsələləri, ölkəmizin
ərazi bütövlüyünün
bərpası əksini
tapıb. Məhz
bu kontekstdə Dağlıq Qarabağın
statusu ilə bağlı qərar müəyyənləşdirilməmiş müddətə qədər
təxirə salına
bilər. Bakıda hesab edirlər
ki, erməni tərəfi bütün bu məsələlərə
konstruktiv ruhda və beynəlxalq hüquq mövqeyindən yaxınlaşacaq. Çünki
beynəlxalq hüququn
çərçivəsindən kənar bu münaqişəni
həll etmək mümkün olmayacaq".
Dövlət başçısı
vurğulayıb ki, Azərbaycan Ermənistanla
Dağlıq Qarabağ
arasında quru əlaqəsinin erməni tərəfi üçün
vacibliyini anlayır. Bu halda Bakı
heç bir problem görmür. Laçın dəhlizi ilə bağlı məsələ də həm Qarabağda bu gün yaşayan,
həm də münaqişə həllini
tapdıqdan sonra ora qayıdacaq azərbaycanlılarda narahatlıq
yaratmamaq üçün
effektli həllini tapa bilər: "Bununla yanaşı, biz anlayırıq ki, münaqişənin həlli üçün orada yaşayan insanlar özlərini təhlükəsiz hiss etməlidirlər.
Öz həyatlarını
yaşamalı və özlərini idarəetmə
imkanlarına malik olmalıdırlar. Bizim bu planda onların
həyatına qarışmaq
niyyətimiz yoxdur. Bütün bu amillərin kombinasiyası
münaqişənin həllində
irəliləyişə gətirib-çıxara bilər".
İ.Əliyev bölgənin inkişafı
üçün zəruri
olan amillərdən də danışıb. Onun
sözlərinə görə,
hansısa ölkənin
ayrıca inkişafı
əməkdaşlıq, təhlükəsizlik
olmadan mümkün deyil. Ona görə
də Rusiya ilə Azərbaycan arasında münasibətlər
həm Cənubi, həm də Şimali Qafqazda sabitlik üçün vacibdir. Çünki Qafqaz vahid mexanizmdir.
Hər iki Qafqazda yaşayan xalqlar arasında mədəni və qohumluluq əlaqələri
mövcuddur. Bu bundan sonra da
belə olacaq. Bu səbəbdən də Rusiya və Azərbaycan bölgədə təhlükəsizliyin
təminində maraqlı
olan iki Qafqaz dövləti kimi bölgə ilə bağlı işlərdə gələcəkdə
də vacib rol oynamalıdırlar:
"Biz regional məsələlərdə bir-birimizi
çox yaxşı tamamlaya bilərik. Mən Cənubi Qafqazda genişmiqyaslı əməkdaşlıq gününü
çox arzulayıram.
Lakin bunun üçün Azərbaycanın
ərazi bütövlüyü
bərpa olunmalı, qaçqın və məcburi köçkünlər
öz doğma evlərinə qayıtmalıdırlar.
Bu halda Qafqazda əməkdaşlıq
başqa mahiyyət daşıyacaq. Bu vaxta qədər vacib layihələrə qoşulmamış dövlətlər
təbii olaraq təhlükəsizlik zəmanəti
və siyasi perspektivlər əldə
edəcəklər. Azərbaycanla
münasibətləri normallaşdırmadan
Ermənistanın üzləşdiyi
böhrandan, siyasi, enerji və nəqliyyat təcridindən
çıxması asan
deyil". Dövlət
başçısı Azərbaycanla
Rusiya arasında qaz sahəsində əməkdaşlıq, Bakının
"Nabukko"da iştirakı ilə bağlı sualları da cavablandırıb.
İ.Əliyev bildirib
ki, Bakı ilə Moskva arasında enerji dialoqu davam etdirilir.
Lakin qaz məsələsində əməkdaşlıq
iki dövlətin münasibətlərində tamamilə
yeni məqamdır. Belə ki, əvvəllər
Rusiya ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq tamamilə
başqa formatda həyata keçirilirdi. Azərbaycan alıcı, Rusiya isə satıcı idi. İndi isə rollar dəyişib: "Bu gün Azərbaycan
ildə 7 milyard kubmetr qazı Türkiyə bazarına çıxarır. Bu qazın müəyyən
hissəsi isə Yunanıstana ötürülür.
Bununla da faktik olaraq bizim
qaz Avropa Birliyi bazarlarındadır.
Digər kəmərlə
Gürcüstana, üçüncü
marşrutla isə İrana qaz ötürürük". Dövlət
başçısının sözlərinə görə,
qonşulardan yalnız
Rusiya ilə belə bir əməkdaşlığın
praktik şəkildə
olmaması təəssüf
doğurur. Bu çatışmazlığı aradan qaldırmaq, həmçinin qaz nəqlində diversifikasiyanı
tam təmin etmək baxımından Rusiya bazarı Azərbaycan üçün
çox cəlbedici görünür. Rusiya tərəfi
də bu əməkdaşlıqda maraqlıdır.
İ.Əliyev hazırda
şirkətlər səviyyəsində
aparılan danışıqların
müsbət nəticələnəcəyinə
inandığını deyib.
İki dövlətin
qaz sahəsində əməkdaşlıqla bağlı
siyasi iradəsi var. Buna görə də danışıqlar uğurla
nəticələnsə, sazişin
imzalanması mümkündür.
Azərbaycanın "Nabucco"da iştirakına gəldikdə isə dövlət başçısı
bu layihənin hələ də müzakirə edildiyini xatırladıb: "Bu layihə ilk dəfə irəli sürüləndə Azərbaycan
mənbə kimi göstərilmirdi. Orada hələ də iştirakçıların qənaətincə
layihə üçün
vacib olan digər mənbələrin
adları hallandırılır.
Biz "Nabukko" ilə bağlı konsorsiumun da üzvü deyilik. İlkin mərhələdə
Xəzərin şərq
sahillərindən qazın
Avropaya nəqli üçün tranzit ölkə kimi nəzərdən keçirilirdik.
Lakin müəyyən mərhələdə
bizə potensial mənbə kimi baxmağa başladılar".
İ.Əliyev bildirib
ki, hər bir dövlət üçün yeni bazarlara çıxış
böyük maraq yaradır. Çünki nə qədər bazar çox olsa, rəqabət və qiymət daha yaxşı olur. Hansısa səbəblərə görə
çatdırılmanın dayandırılmayacağına zəmanət artır. Bu baxımdan sözügedən layihə
reallaşsa, Azərbaycan
onda iştirak etməkdə maraqlıdır.
Azad Əliyev
Həftə içi.- 2009.- 21 aprel.- S. 1-2.