Fərdi uçot sistemində 6943 əcnəbi
uçota alınıb
Onların arasında Türkiyə vətəndaşları
çoxluq təşkil edir
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) fərdi
uçot sistemində uçota alınan əcnəbilərin
sayı 6943 nəfərə çatıb. DSMF-dən "Həftə
içi"nə verilən məlumata görə, hazırda
fərdi uçot sistemində 82 ölkədən 6943 nəfər
xarici vətəndaş uçotdadır.
Onların arasında
Türkiyə vətəndaşları çoxluq təşkil
edir - 3953 nəfər. Növbəti yerdə isə
Gürcüstan vətəndaşları gəlir və fərdi
uçot sistemində uçota alınan qonşu dövlətin
vətəndaşlarının sayı 1085 nəfərdən
ibarətdir. Azərbaycanın fərdi uçot sistemində
uçota alınan vətəndaşların sayına görə
üçüncü yerdə 496 nəfərlə Rusiya
Federasiyası qərarlaşıb. Sonrakı yerlərdə
İran İslam Respublikası (215 nəfər), Hindistan (172),
Çin Xalq Respublikası (80), Ukrayna (68), Pakistan İslam
Respublikası (64), Malayziya (63), Böyük Britaniya və
Şimali İrlandiya Krallığı (63) və sair ölkələr
gəlir.
Fonddan bildirilib ki,
ölkəmizdə məcburi dövlət sosial
sığortası sahəsində fərdi uçotun tətbiqi
Azərbaycan vətəndaşları ilə yanaşı,
ölkənin mənbələrindən əmək ödənişi
və məcburi dövlət sosial sığorta haqqına cəlb
olunan digər gəlirləri əldə edən əcnəbilərin
də məcburi dövlət sosial sığortasına cəlbi
zərurətini ortaya qoyub. Bu zərurət beynəlxalq təcrübədən
irəli gəlir.
Xatırladaq ki, hələ
2005-ci ilin 7 - 9 sentyabr tarixlərində Beynəlxalq Sosial Təminat
Assosiasiyasının, Beynəlxalq Pensiya və Sosial
Fondları Assosiasiyasının və digər beynəlxalq təşkilatların
təşkilatçılığı ilə Bakı şəhərində
"Qloballaşma və əmək miqrantlarının sosial
müdafiəsi" mövzusunda keçirilən beynəlxalq
konfransda bütün bunlar müzakirə obyekti kimi
seçilib. Konfransın yekun sənədi kimi qəbul
olunmuş Bakı bəyannaməsində əcnəbilərin
məcburi dövlət sosial sığortasına cəlbi ilə
bağlı birmənalı tövsiyələr öz əksini
tapmışdı. Bütün bunlar nəzərə
alınaraq "Sosial sığorta haqqında" qanuna
müvafiq dəyişikliklər edilib və 2006-cı il
yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən
əmək ödənişi və məcburi dövlət sosial
sığorta haqqına cəlb olunan digər gəlirləri əldə
edən əcnəbilərin məcburi dövlət sosial
sığortası ilə əhatələnməsinə
başlanılıb.
Naibə
Həftə içi.- 2009.- 21 aprel.- S. 5.