"Qarabağla bağlı yeni komitə yaradılmamalıdır"

 

Həvva Məmmədova: "Ümummilli məsələləri ayrı-ayrı cəbhələrə bölmək haqqımız yoxdur"

 

Milli Məclisin son iclasında daha çox müzakirə olunan məsələlərdən biri də parlamentdə Qarabağ komitəsinin yaradılması təklifidir.

 

Bununla bağlı ictimaiyyətin müxtəlif təbəqələri arasında da geniş müzakirələr aparıldığını nəzərə alaraq Milli Məclisdə Xankəndi seçki dairəsini təmsil edən deputat Həvva Məmmədova ilə söhbətləşdik:

- Ermənistanın Azərbaycana təcavüzündən 20 il keçir. Bu müddətdə Ermənistan təcavüzkar siyasətindən bir addım da geri çəkilməyib. Bütün ölkələrdə bu məsələləri, Xocalı soyqırımını qaldırmaq qarşımızda qoyulan başlıca vəzifədir. Qarabağ problemini kiçiltməyə, ayrı-ayrı komitələrdə müzakirə etməyə ehtiyac görmürəm. Ümummilli məsələlərimizi ayrı-ayrı cəbhələrə bölmək haqqımız yoxdur. Qarabağ məsələsi Azərbaycan ictimaiyyətinin bir nömrəli problemi olaraq qalır. Bu gün ermənilərin dünya ictimaiyyətini çaşdırmaq istiqamətində apardığı informasiya təbliğatının qarşısında hər bir Azərbaycan vətəndaşı hazır olmalıdır.

Ermənistanın tək Azərbaycana yox, həm də İrana, Türkiyəyə, Gürcüstana, hətta Rusiyaya da ərazi iddiaları var. Biz Qarabağ məsələsi ilə bağlı dünya ictimaiyyətinə hər hansı məlumat verəndə bunları, o cümlədən Ermənistan ərazisinin XX əcrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqları hesabına genişləndirilərək 44,4 min kvadrat kilometr əraziyə malik olmasını da önə çəkməliyik. Dünyanı kiçik dövlətlərə bölmək olmaz.

   - Qarabağ komitəsinin tək münaqişə ilə yox, həm də müharibə nəticəsində torpaqlarından qovulmuş qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlərlə də məşğul ola biləcəyi deyilir. Siz necə fikirləşirsiniz?

- Bu gün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bu komitə yarandığı ilk vaxtlarda demək olar öz qüvvəsi ilə işləmirdi. Çünki Azərbaycanın ozamankı hakimiyyəti qaçqın və məcburi köçkünləri insan kimi qəbul etmirdi. 1993-cü ilə qədər onlar öz güclərinə yer tapıb oturublar. Məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra o, hər yerdə məcburi köçkünlərlə görüşdü bütün problemlərini öyrəndi. Məhz bundan sonra həmin insanlar tam olaraq qaçqınlıq statusu aldılar. Dövlət tərəfindən onlara bir çox güzəştlər edildi. Həmin güzəştlər indi saxlanılır. Nazirlər Kabinetinin bir neçə gün əvvəlki sərəncamı ilə qaçqın məcburi köçkünlərin işləri ilə məşğul olan büdcədən maliyyələşən bütün təşkilatların hamısının orta aylıq əməkhaqqının vaxtı 2010-cu ilin yanvarın 1-nə qədər uzadıldı. Məhz bu diqqətin sayəsində sözügedən komitənin fəaliyyəti yüksək səviyyədə təşkil olunub. Onun fəaliyyəti nəticəsində 2007-ci ilin dekabrında bütün çadır şəhərcikləri ləğv edildi. Bütün bunlar prezidentin komitənin diqqətinin hər gün qaçqın məcburi köçkünlərin üzərində olduğunu göstərir. Bu gün Qarabağ ətraf rayonlardan gəlmiş məcburi köçkünlər Bakı digər bölgələrdə məskunlaşdıqları yerlərdən çıxarılmayıblar. Yəni bu məsələ ilə bağlı yeni bir komitənin yaradılmasına ehtiyac yoxdur. Bu gün məcburi köçkünlərimizin qaçqınlarımızın yalnız bir böyük problemi var, o da doğma torpaqlara qayıtmaqdır.

- Son aylar Qarabağla bağlı danışıqlar xeyli sürətlənib. Qarabağın deputatı kimi torpaqların sülh yolu ilə qayıdacağına inanırsınız?

- Heç vaxt Ermənistanın yürütdüyü siyasətə inanmaq olmaz. İrəvan tarix boyu aparılan sülh danışıqlarının hamısını pozub. Ancaq bu gün sülh prosesində iştirak edən dövlətlər var. Onların siyasəti ortaya qoyularsa, bu bizi məcburi köçkünlərimizi qane edərsə, sülh sazişinin imzalanmasına inana bilərik. İstənilən danışıqlarda ancaq sülh arzulamışıq. Müharibə nəticəsində 20 min şəhid vermişik, 50 mindən artıq insanımız əlil olub. Heç kimi torpaqlarından qovmaq istəmirik. Ancaq öz evlərimizə qayıdıb sülh şəraitində yaşamağı arzulayırıq. Kim bizimlə olmaq istəyir, onunla yaşayacağıq. Heç kimə qarşı qərəzli mövqedə deyilik. Demirik ki, kimsə həmin torpaqlardan köçürülsün, sonra qayıdaq. Bu gün Ermənistan müxtəlif xəritələr çap edərək dünya ictimaiyyətini aldatmağa çalışır. Lakin artıq dünya birliyi erməni yalanlarını dərk edir. Sülh danışıqları baş tutmazsa, Azərbaycan dövləti öz torpaqlarını azad etməyə qadirdir. Bu gün çox güclü, nizam-intizamlı Azərbaycan ordusu var.

- Bir neçə gün əvvəl Pənah Hüseyn parlament adından dövlət başçısına müharibəyə başlamaqla bağlı bəyanat hazırladığını açıqladı. Bildirdi ki, artıq torpaqların azad edilməsi üçün hərbi əməliyyatların vaxtı çatıb. Siz necə fikirləşirsiniz?

- Biz heç kimə dilimizdə müharibə elan etmək fikrində deyilik. Müharibəyə hazırlıq hər bir insanın öz işində, əməlində olmalıdır. Müharibə edən ölkə çıxıb başqa dövlətin qarşısında "mən sənə qarşı hərbi əməliyyatlara başlayıram" söyləmir. Mən tarixdə belə açıq təbliğatların şahidi olmamışam. XXI əsrdə dünya sivilizasiyasına inteqrasiya olunduğumuz vaxtda müharibə çağırışı səsləndirilsə, bizi yaxşı qəbul etməzlər. Bu gün prezidentin yürütdüyü açıq siyasi kurs var. O kurs demokratiyanın inkişafı, xalqın sabit rifahının, firavanlığının təmin edilməsi, Qarabağ məsələsinin həllidir. Pənah Hüseyn əgər sülh danışıqlarının kəsilərək hərbi əməliyyatlara başlanılmasını istəyirsə, onda gərək 1991-1993-cü illərdə ozamankı hakimiyyətin dövründə baş verən hadisələri, torpaqların bir-birinin ardınca işğal olunmasını yaddan çıxarmasın. Müharibəni beşiyində boğmaq lazım idi. Lakin onun əhatəsi genişlənib rayonlar işğal olunduqdan sonra belə bəyanatlar verməyə var. Əminik ki, bu problem həllini Azərbaycanın hazırkı prezidentinin vaxtında tapacaq. Bizim buna şübhəmiz yoxdur.

- İndi ən böyük problem kimi icmaların yenidən bir yerdə sülh şəraitində yaşaya bilib-bilməyəcəyi göstərilir. Sizcə, bu mümkündür?

- Təbii ki, sülh şəraitində yaşamaq birdən-birə asan olmayacaq. Böyük çətinliklər meydana çıxacaq. Ancaq Azərbaycanın təmas xəttində dayanan qoşunları, bu missiyanı üzərinə götürən sülhməramlı qüvvələr olacaq. Bir faktı deyim. 1989-cu ildə Azərbaycan polisi Xankəndinə gəldi. 10 gün ərzində Xankəndində vəziyyət tamamilə normallaşdı. Lakin onların geri çağrılmasından sonra azərbaycanlıların bu bölgədə yaşaması çox böyük problemə çevrildi. Mən Xankəndinin deputatı kimi orada olan erməni əsilli Azərbaycan vətəndaşlarına da deyirəm ki, biz gec-tez bir yerdə yaşayacağıq. Onlar da artıq bu müharibədən yorulublar. Ona görə Ermənistanın apardığı bu təcavüzə yox deməlidirlər.

 

 

Azad Əliyev

 

Həftə içi.- 2009.- 21 aprel.- S. 1; 3.