Hisə verilmiş balıqda bağırsaq çöpü tapılıb

 

İmran Abdullayev: "Quş əti və yumurtalarda qeyri-kafi nəticə aşkarlamadıq"

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevdən aldığımız məlumata görə, mart ayının sonlarında və aprel ayının əvvəllərində respublika üzrə aparılmış yoxlama-təftişlərin son statistik göstəricilərindən bəziləri artıq məlumdur.

 

Bu barədə əməkdaşımıza ətraflı məlumat verən müsahibimiz öncə xatırlatdı ki, 44 hisə verilmiş balıq, brakonyerlərdən, istehsal müəssisələrindən və satış mərkəzlərindən götürülmüş 44 quş əti və yumurta, eləcə də xörək duzlarından götürülmüş 22 nümunə adıçəkilən mərkəzdəki laboratoriyaya gətirilərək müayinəyə cəlb edilib: "Biz həmin nümunələri fiziki-kimyəvi və orqanoleptik, toksikoloji və radioloji müayinədən keçirdik. Quş əti və yumurtalarda qeyri-kafi nəticə aşkarlamadıq. Lakin hisə verilmiş balıqlardan 4-də bağırsaq çöpü tapıldı. Həmin məhsullar "MS" adlı şirkətə məxsusdur. Paytaxtın müxtəlif mağazalarında satılır. Biz bununla bağlı qərar qəbul etmişik və profilaktik addımların atılmasına başlanılıb. Yəni həmin məhsulların satışdan çıxarılması və məhvi reallaşdırılacaq. Xörək duzlarından götürülmüş 22 nümunədən də 4-nün nəticəsinin qeyri-kafi olduğu müəyyənləşdirildi. Biz həmin xörək duzlarının suda həll edilib-edilməməsini, onların tərkibindəki yodun miqdarını, sənaye göstəricilərinin standartlardan yüksək olub-olmadığını yoxlamaq məqsədilə müayinəyə cəlb etmişik. Müayinələr nəticəsində bəlli oldu ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Filiz" adlı qurum tərəfindən istehsal edilən "Naxçıvan" adlı xörək duzunda yodun miqdarı normadan xeyli aşağıdır. Yəni sözügedən məhsulda yodun miqdarı 30 - 50 milliqram olmalıdır. Ancaq "Filiz"in məhsullarında yodun miqdarı həmin göstəricidən dəfələrlə aşağı - 6,5 milliqram olub".

Sonra İ.Abdullayev diqqətimizə çatdırdı ki, adıçəkilən qurum bir neçə gündür uşaq qidalarından da nümunələrin götürülməsinə və müayinəyə cəlb edilməsinə başlayıb: "Hazırda 32 nümunə müayinədədir. Yeni nümunələrin gətirilməsi prosesi davam edir. Nəticələr bəlli olduqdan sonra çörək və un məmulatları, daha sonra müxtəlif turşular yoxlamalara və laborator müayinələrə məruz qalacaq".

  

  

Təbriz Vəfalı

 

Həftə içi.- 2009.- 18-20 aprel.- S. 5.