"Azərbaycanda
böyük irəliləyişlər
gördük"
Sultan Səid Əlmənsuri: "Əsas
məqsədimiz iqtisadi
münasibətlərimizi daha
da genişləndirməkdir"
Azərbaycanda səfərdə
olan Birləşmiş
Ərəb Əmirliklərinin
(BƏƏ) iqtisadiyyat və
nəqliyyat naziri Sultan Səid Əlmənsuri dünən
ulu öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət
etdikdən sonra səfərinin mahiyyəti
ilə bağlı jurnalistlərin suallarını
cavablandırdı. Nazir
ilk olaraq səfərləri
çərçivəsində onlara ölkə prezidenti İlham Əliyev tərəfindən
göstərilən böyük
qonaqpərvərliyə görə
təşəkkür etdi:
"Biz Bakıda gördüklərimizdən çox
razıyıq. Azərbaycanla
Birləşmiş Ərəb
Əmirlikləri arasındakı
münasibətlərin həddən
artıq yüksək
səviyyədə olduğunu
da qeyd etməliyəm.
Bizim əsas məqsədimiz mövcud olan iqtisadi münasibətlərimizi
fərqli, daha da geniş bir
müstəvidə genişləndirməkdir".
Onun sözlərinə
görə, ölkə
başçısı ilə
görüşdə də
əməkdaşlıq sahələrini
müzakirə ediblər
və əsasən sərmayə qoyulacaq sahələr haqqında fikir mübadiləsi aparılıb: "Xüsusilə
bu əməkdaşlıq
sahələrinə neft-qaz,
turizm, aviasiya, eyni zamanda nəqliyyat
və avtomagistral yolları daxildir. Ən mühüm məsələlərdən biri
də əsas məqsəd və hədəflərə, nəticələrə
istiqamətlənən birgə
əməkdaşlıq sahələrimizin
fəallaşdırılmasıdır".
Sonra S.S.Əlmənsuri
vurğuladı ki, iki ölkə arasında fiziki məsafə təyyarə
ilə cəmi 2 saat yarımdır: "Və biz Azərbaycanla
qəlbən, ruhən
yaxınıq. Bu yaxınlığımızı
nəzərə alaraq
iki ölkə arasında mövcud olan əməkdaşlığımızı
daha da genişləndirməli
və gücləndirməliyik.
Əmin etmək istəyirəm ki, bundan sonra birgə
əməkdaşlıq komitəsi
çərçivəsində iki ölkə arasındakı iqtisadi əlaqələr tam
fərqli bir müstəvidə cərəyan
edəcək".
Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov isə səfər çərçivəsində BƏƏ ilə Azərbaycanın Nəqliyyat Nazirliyi arasında birgə bu və ya
digər sənədlərin
imzalanıb-imzalanmayacağına toxundu. M.Pənahovun sözlərinə
görə, qonaq nazirlə nəqliyyat sahəsində əməkdaşlığın
istiqamətlərini müzakirə
edəcəklər: "Əsasən
bu müzakirələr
nəqliyyatın bütün
sahələrini əhatələyəcək.
BƏƏ ilə həm
yeni avtomobil yollarının qurulmasını,
eyni zamanda investisiya imkanlarını
müzakirə edəcəyik.
Bundan başqa, avtomobil, dəniz və hava nəqliyyatı sahəsində də müzakirələr aparılacaq.
Əsas məqsəd də burda iki
ölkə arasında
əməkdaşlığı genişləndirmək və
bu istiqamətdə səyləri birləşdirərək
iki ölkənin iqtisadiyyatını irəli
aparmaqdır". M.Pənahov
BƏƏ ilə bu səfər çərçivəsində
konkret layihənin icrası ilə bağlı hər hansı ilkin protokolun imzalanmayacağını
da qeyd etdi.
Onun sözlərinə
görə, bir sıra istiqamətlərdə
hələlik ekspertlər
çərçivəsində araşdırmalar aparılır.
Nahid Canbaxışlı
Həftə içi.- 2009.- 23 aprel.- S. 5.