Xalçalarımız saxtalaşdırılır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patent şöbəsinin müdiri Miryaqub Seyidovun mətbuata açıqlamasına görə, Çin şirkətləri Azərbaycana məxsus milli ornamentli xalçaları öz texnologiyaları ilə toxuyaraq "Azərbaycan xalçası" adı altında Asiya və Avropa bazarlarına satışa çıxarıblar. M.Seyidovun bildirdiyinə görə, Çin şirkətlərinin bu əməllərinin qarşısını almaq üçün "Azərixalça" Elm-İstehsalat Birliyindən komitəyə müraciət daxil olub. Komitə isə bu məsələni öz növbəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı qarşısında qaldırıb. M.Seyidov: "Bizdə məlumatlar var ki, həm Çin, həm də Ermənistanda Azərbaycan ornamentləri ilə xalçalar toxunaraq dünya bazarlarına çıxarılır. Avropanın bir çox ölkələrində bu xalçalar ermənilərə məxsus mağazalarda alıcılara təklif olunur". Komitə rəsmisi problemin həlli istiqamətində beynəlxalq təşkilatlarla müzakirələri davam etdirəcəklərini də qeyd edib.
Samirə
Həftə içi.- 2009.- 23 aprel.- S. 6.