"48 xüsusi icazə 16 lisenziya vermişik"

 

İltimas Məmmədov: "Avtomatlaşdırılmış informasiya sistemi sentyabra qədər təhvil veriləcək"

 

Qeyd etdiyiniz məsələlərin bizə aidiyyəti yoxdur. Çünki ötən il birlik və müəssisələrimizdə çalışan rabitəçilərin orta aylıq əməkhaqları təqribən 22 faiz artırılaraq 1 yanvar 2009-cu il tarixinə 232,8 manata çatdırılıb

     

Müsahibimiz rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas    Məmmədovdur.

- İltimas müəllim, 2008-ci il RİTN-in həyatında hansı uğurları ilə yadda qalıb?

- Ötən il nazirliyimizin strukturuna daxil olan birlik və müəssisələr üzrə 191,9 milyon manat proqnoza qarşı 225,2 milyon manat gəlir əldə edilib. Sözügedən qurumlar dövlət büdcəsinə 28,6, DSMF-yə 11,4 milyon manat vəsait ödəyiblər, 40,8 milyon manat investisiya qoyuluşunu həyata keçiriblər. Ümumilikdə telekommunikasiya və poçt sektoru üzrə 140 milyon manat investisiya qoyuluşu reallaşdırılıb. Həmin investisiya layihələri çərçivəsində ölkənin ümumi telefon şəbəkəsi üzrə 130.553 nömrətutumlu yeni ATS-lər istifadəyə verilib və ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1.505.841 nömrəyə çatdırılıb. Regionlarda telefon şəbəkəsinin modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə 20 milyon manatdan artıq investisiya yönəldilib və 317,4 km uzunluğunda fiber-optik kabel magistralları və birləşdirici xətlər, 20 mindən çox abunəçi xətti, 15 mindən çox kanal istismara verilib. Fiziki xətlə telefonlaşdırılması mümkün olmayan ərazilərdə CDMA texnologiyasının imkanlarından geniş istifadə edilib. CDMA şəbəkəsinin xidmətləri 24 rayon və şəhərdə təşkil edilib və abunəçilərin sayı 20.300 nəfəri keçib. İsmayıllı, Cəlilabad, Ucar, Lerik, Yardımlı, Zərdab, Neftçala rayon mərkəzi ATS-ləri rekonstruksiya olunub. Qeyd edim ki, cari ilin yanvarın 1-nə kimi əhalinin hər 100 nəfərinə düşən telefon aparatının sayı ölkə üzrə 15,5, kənd yerləri üzrə isə 6,1 ədədə çatdırılıb. Mobil telefon abunəçilərinin sayı isə 5.900.000 nəfər təşkil edib. Bakı ilə yanaşı, digər şəhər və rayonlarda genişzolaqlı şəbəkə xidmətlərindən istifadə edən abunəçilərin sayı 43.000-ə çatıb. Bakıda taksofon parkının yeniləşdirilməsi və yeni texnologiyalı taksofonların tətbiqi məqsədilə 500 ədəd yeni kartlı taksofon aparatının alınması üçün müqavilə bağlanıb. Həmin sənədə əsasən ilkin mərhələdə 110 ədəd aparat alınıb və quraşdırılıb. Bir sözlə, görülən işlər nəticəsində ölkəmizdə telefonlaşmamış yaşayış məntəqəsi qalmayıb. Məlumat üçün bildirim ki, Rusiya, Çin, Hindistan, İndoneziya, Qazaxıstan kimi ölkələrdə hələ də telefonlaşdırılmamış yaşayış məntəqələri mövcuddur. Ötən ilin sonuna əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 7,5 ədəd, internet istifadəçilərinin sayı isə 37-yə çatıb. Ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 2004-cü ildə 240 Mb/san təşkil etdiyi halda, 2008-ci ildə 8 GQ/san olub.

- Poçt xidmətinin inkişafı və genişləndirilməsi üçün hansı addımlar atılıb?

- Ötən il 74 poçt şöbəsi binası tikilib, 13 ədəd PŞ və Texniki Xidmət Mərkəzinin binası təmir edilib. Ölkə üzrə məbləği 51.176 min manat olan 697.625 ədəd pul baratı qəbul edilib, 53.323 min manatlıq 701.856 ədəd pul baratı isə ödənilib. Poçt şöbələri ilə göndərilmiş bağlamaların sayı 107.988 ədəd təşkil edib. Maliyyə xidmətlərinin inkişafı layihəsi üzrə "Azərpoçt" DM üçün avtomatlaşdırılmış informasiya sisteminin qurulması məqsədilə keçirilmiş beynəlxalq tenderin 1-ci mərhələsində nəzərdə tutulmuş modullar üzrə işlər artıq başa çatdırılıb. Hazırda 3 poçt filialı üzrə 50-dən artıq poçt şöbəsi yeni sistemə qoşulub. Bu sistem cari ilin sentyabrına kimi tam təhvil veriləcək.

- RİTN tərəfindən xüsusi icazələrin və lisenziyaların verilməsi prosesində hansı dəyişikliklər nəzərə çarpıb?

- İdxal-ixrac nəzarətinə düşən malların, eləcə də mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi ilə RİTN-ə çoxsaylı müraciətlər daxil olub. Bunları nəzərə alaraq müxtəlif tipli avadanlıqların mülki dövriyyəsinə 48 ədəd xüsusi icazə, sürətli poçt xidmətləri üzrə 9, telekommunikasiya xidmətləri üzrə isə 7 lisenziya vermişik.

- Tariflərlə bağlı hansı yeniliklər var?

- Tarif Şurasının 30 dekabr 2008-ci il tarixli qərarı ilə şəhərdaxili rəqəmsal kanalların qoşulma haqqına 50, aylıq istifadə tariflərinə 6,3, respublika daxilində təşkil olunan rəqəmsal rabitə kanallarının qoşulma haqqına və hər tam və natamam 50 km məsafəyə görə 2 Mbt/san tutumundan istifadə tariflərinə isə 16,7 faiz endirimlər edilib. Bu qərar internet xidmətlərinin maya dəyərinin azalmasına və nəticədə internet-provayderlər tərəfindən son istifadəçilər üçün internet tariflərinin endirilməsinə imkan yaradıb.

- Azərbaycanda TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülür?

- Öncə bildirim ki, "AzTV" və "İTV" proqramlarının, respublika və ictimai radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi üçün 38 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilib. "AzTV", "İTV", "ATV" və "ANS"in "Türksat" peykindən yayımlanmasını təmin etmişik.

- Qlobal maliyyə böhranı ilə əlaqədar bəzi qurumlarda maaşların məbləğinin azaldılması, işdən çıxarılma və məcburi məzuniyyətə göndərilmə halları qeydə alınıb. Bu baxımdan RİTN-də vəziyyət necədir?

- Qeyd etdiyiniz məsələlərin bizə aidiyyəti yoxdur. Çünki ötən il birlik və müəssisələrimizdə çalışan rabitəçilərin orta aylıq əməkhaqları təqribən 22 faiz artırılaraq 1 yanvar 2009-cu il tarixinə 232,8 manata çatdırılıb. Poçt işçilərinin maddi rifah halının yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə "Azərpoçt" DM-in strukturuna daxil olan müəssisələrdə çalışanların aylıq vəzifə maaşları 1 noyabr 2008-ci il tarixindən 25 faiz artırılıb. Məlumat üçün bildirim ki, hazırda orta aylıq əməkhaqqı telekommunikasiya və poçt sektoru üzrə 372,9, respublika üzrə isə 268 manatdır. Biz həmçinin qaçqın və məcburi köçkün rabitəçilərə 658,6 min manat həcmində maliyyə və ərzaq yardımı göstərmişik. "Rabitəçi" idman klubuna, bağlanmış sponsorluq müqaviləsinə əsasən, 296,4 min manat vəsait ödəmişik. Göstərdiyimiz qayğının sayəsində rabitəçi idmançılar respublika birinciliyində və beynəlxalq yarışlarda iştirak edərək 44 qızıl, 25 gümüş və 20 bürünc medal qazanıblar. Ötən il birlik və müəssisələrimizə 2471 nəfər işə götürülüb, 2324 nəfər isə işdən azad edilib.

  

    

Təbriz Vəfalı

 

Həftə içi.- 2009.- 24 aprel.- S. 5.