"Ümummilli
lider Heydər Əliyevi düşünərkən"
Ulu öndərin anadan olmasının 86-cı
ildönümünə həsr edilən inşa müsabiqəsinin
yekun mərhələsi keçirilib
Akademik Zərifə Əliyeva adına məktəbdə
ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının
86-cı ildönümünə həsr olunan "Ümummilli
lider Heydər Əliyevi düşünərkən"
adlı inşa müsabiqəsinin yekun mərhələsi
keçirilib.
Yeni Azərbaycan
Partiyası (YAP), Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə çıxış
edən təhsil naziri Misir Mərdanov deyib ki, şəhər,
rayon mərhələsindən yekun tura hər rayondan 1 nəfər
seçilib. Yekun mərhələsində 7 - 11-ci sinif
şagirdlərindən ibarət 89 şagird iştirak edir.
Bunlar bütün bölgələri, eyni zamanda, nazirliyin
tabeliyindəki bütün ümumtəhsil məktəblərini
əhatə edir. Yalnız Naxçıvan Muxtar Respublikası
bu müsabiqəni ayrıca keçirir. Onlar da bu müsabiqənin
qaliblərini eyni qayda ilə mükafatlandıracaqlar:
"İştirakçılara mövzular veriləcək və
o mövzu ətrafında inşalar yazılacaq. Bir neçə
gün ərzində nazirlikdə yaranan ekspert qrupu onların
yazılarını qiymətləndirəcək. Ən
yaxşı yazılar mükafatlandırılacaq və
ümummilli lider Heydər Əliyevin doğum gününə
qədər mükafatlandırma tədbiri keçiriləcək.
Bütün yazılar kitab şəklində hazırlanaraq
qaliblərin hər birinə təqdim olunacaq".
Nazirin sözlərinə
görə, şagirdlərin bu müsabiqəyə
marağı və həvəsi ilbəil artır: "Tədbirin
Zərifə Əliyevanın adını daşıyan məktəbdə
keçirilməsi də rəmzi məna daşıyır. Çünki
Heydər Əliyevin həyatında onun sadiq həyat
yoldaşının böyük rolu olub. Builki müsabiqədə
digər illərdən fərqli olaraq şagirdlər və tədbir
iştirakçıları üçün xüsusi
döş nişanları hazırlanıb. Qızlar və
oğlanlar üçün dəftərlər xüsusi
qaydada çap olunub". M.Mərdanov qeyd edib ki, bu tədbirlər
hər il davamlı olaraq təşkil olunacaq.
YAP-ın icra katibi Əli
Əhmədov isə bildirib ki, Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin qurulması üçün
etibarlı bazanın yaradılması, dövlət müstəqilliyinin
möhkəmləndirilməsi və qorunub-saxlanılması
üçün ciddi işlər görüb. Heydər Əliyevin
hakimiyyəti illərində digər sahələrlə
yanaşı, təhsil sahəsi də sürətlə
inkişaf etməyə başlayıb. Bu sahənin
inkişafına xidmət edən proqramlar qəbul edilib,
müəllim hazırlığının təkmilləşdirilməsi
istiqamətində müəyyən işlər
görülüb. Paytaxtda və bölgələrdə
bir-birinin ardınca məktəblər, əlavə korpuslar
tikilib, bəzi müəssisələrdə təmir-bərpa
işləri aparılıb. Ə.Əhmədovun sözlərinə
görə, Heydər Əliyevin təhsil sahəsinə
göstərdiyi diqqət və qayğı sayəsində təhsilin
ayrı-ayrı pillələrinin geniş şəbəkəsi
yaradılıb, dövlət büdcəsindən təhsilə
ayrılan vəsaitin məbləği artırılıb,
müəllimlərin əməkhaqları yüksəldilib:
"Heydər Əliyev ölkənin uğurlu gələcəyini
təhsildə, müasir standartlara uyğun səviyyədə
təhsil alan gənclərdə görürdü. O, daim gəncləri
diqqət mərkəzində saxlayır və onların xarici
ölkələrin nüfuzlu universitetlərində təhsil
alması üçün dövlət tərəfindən vəsait
ayırırdı. Heydər Əliyev hakimiyyətdə
olduğu illərdə daim təhsil sahəsinə xüsusi
diqqət yetirib. Onun tərəfindən təməli qoyulan ənənə
bu gün də uğurla davam etdirilir".
Naibə
Həftə içi.- 2009.- 28 aprel.- S. 6.