"Gücümüzü "Şahdağ" ətrafında cəmləşdirmişik"

 

Əbülfəz Qarayev: "Şirkətlərin böyük qismi fəal çalışmır" İnsanlar xarici ölkələrə az gedirlər. Daha çox öz ölkələrinə səyahət edir, istirahət məkanlarında olurlar, bu da daxili turizmin inkişafı deməkdir.

 

Ötən həftəsonu "Azərbaycanda ekoloji turizmin inkişaf perspektivləri" adlı beynəlxalq konfrans keçirildi.

 

Mədəniyyəi və Turizm Nazirliyi ilə birgə Azərbaycan Turizm İnstitutunun (ATİ) təşkililə keçirilən bu konfransın məqsədi ekoturizm və bu sahədə son inkişaf istiqamətləri haqqında ümumi məlumat vermək, Azərbaycanda ekoturizmə təsir edən faktorlar, mövcud problemlər, Azərbaycanın təbiət abidələri, ölkəmizdə kənd, su, ovçuluq turizmi kimi növlərin inkişafına yol açan imkanları araşdırmaq, həmçinin tələbələrin elmi-praktik biliklərini inkişaf etdirmək, onlarda tədqiqatçı vərdişləri və elmi-praktik konfranslarda çıxış etmək qabiliyyətini formalaşdırmaqdır.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Neft Şirkəti və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məsul şəxsləri, o cümlədən, səfirlər, millət vəkilləri, ali məktəb rəhbərləri, beynəlxalq və yerli təşkilatlar, səyahət agentləri, həmçinin KİV nümayəndələri dəvət olunmuşdular.

Konfransda aparıcı çıxışlar Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və BMT-nin Azərbaycandakı rezident-koordinatoru Bruno Puezaya məxsus idi. ATİ və digər ali təhsil müəssisələrindən olan ekspert və tələbələrin də ekoturizmlə bağlı məruzələri dinlənildi, daha sonra tədbir bədii hissə ilə davam etdi. Qeyd edək ki, konfransın işçi dili ingilis dili idi.

Sözügedən konfrans və ümumiyyətlə turizmin mövcud vəziyyəti, bu sahədə gələcək planlar barədə nazir Əbülfəz Qarayevin "Həftə içi" qəzetinə verdiyi müsahibəsindən.

- Cənab nazir, Azərbaycanda ekoloji turizmin inkişaf perspektivlərini nədə görürsünüz?

- Öncə qeyd edim ki, bu konfrans ekoloji turizmlə bağlı hər hansı bir problemin həllinə yönəlməyib. Bu, tələbələrin konfransıdır və önəmli məsələdən biri də Azərbaycan Turizm İnstitutunun tərkibində ilk dəfə beynəlxalq səviyyəli konfransın keçirilməsidir. Özünüz də şahidi oldunuz ki, bizim tələbələr konfransboyu sərbəst ingilis dilində Azərbaycan turizminin inkişafı ilə bağlı çox maraqlı mövzular ətrafında danışdılar. Bu isə o deməkdir tələbələrimiz Azərbaycanın turizm potensialını dərindən dərk edərək onun xüsusiləşdirilmiş istiqamətlərinə nəzər salırlar. Ekoloji turizm Azərbaycanda ən perspektivli və ən maraqlı turizm növlərindən biridir. Ölkəmizin təbii sərvətlərinin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması məsələsi böyük əhəmiyyət kəsb edir. Ölkə başçısı da keçirdiyi son iclasında buna xüsusi diqqət yetirdi. İnsanların, sakinlərimizin təmiz su təminatından tutmuş ağacların kəsilməsinə qədər problemlər qaldırılmışdı. Bugünkü konfransımızın məqsədlərindən biri də Azərbaycan təbiətini, onun imkanlarını turizm məqsədləri üçün düzgün istifadə və təbliği yollarını müəyyənləşdirməkdir. Bu, Azərbaycan Turizm İnstitutunun, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin diqqət mərkəzindir. Konfransda iştirak edən səfirliklərin nümayəndələrinin, digər təhsil ocaqlarının təmsilçilərinin bu mövzu ətrafında irəli sürdükləri maraqlı təkliflərə nazirliik səviyyəsində baxılır. Və hər hansı bir maraqlı ideya, fikir mövcuddursa, onların gerçəkləşməsini turizm şirkətlərinə də tövsiyə edirik.

- Cənab nazir, turizm sahəsində hazırda görülən işlər, məsələn, adalarda aparılan rekonstruksiya işləri inkişafın neçə faiz artmasına ehtimal yaradır?

- Dünyanı əhatə edən iqtisadi böhran səbəbindən dolayı turizmin geniş inkişafı barədə danışmaq, təəssüf ki, bir qədər çətindir. Ən azından yaxın bir-iki il ərzində.

Dünya Turizm Təşkilatının proqnozuna əsasən, turizm sahəsində artım hər il 1-2 faiz civarında olacaq. Təbii ki, bu proqnoz yaxın 1-2 ili əhatə edir. Sonrakı illərdə artıq bu sahədə sıçrayış gözlənilir. Lakin Azərbaycanda gözləntilərimiz bir qədər yüksəkdir.

Ötən ilə nisbətən bu il turist axınında təxminən 15 faiz artım olacağını gözləyirik. Və buna nail olmaq üçün, şübhəsiz, infrastruktur daha da genişləndirilməlidir. Biz bir dövlət olaraq bu gün yolların, müasir standartlara cavab verən otellərin tikilməsinə xüsusi əhəmiyyət veririk. Hazırda Azərbaycanda 35 yeni otel tikilməkdədir. Lakin regional turizm proqramlarının həyata keçirilməsi çox böyük investisiya tələb edir. Hələlik yalnız bir layihə - Qusarda inşa olunan "Şahdağ" qış-yay turizm və istirahət kompleksi ətrafında gücümüzü cəmləşdirə bilmişik. Bu, uzunmüddətli bir prosesdir. Kompleks 3 - 4 il sonra təxminən 1000 - 1500 nəfərə qədər turisti qəbul edə biləcək. Son məqsəd insanların rahat istirahəti üçün 5 minə qədər yataq yerinin təşkilidir. Eyni zamanda Azərbaycanın Xəzər dənizi sahilində yerləşən 7 turizm zonasında - Bakı, Naxçıvan, cənub zonası, şimal zonası, şimal-qərb zonası, Göygöl ətrafı, Dağlıq Qarabağda bu imkanların genişləndiriməsi nəzərdə tutulub. Dağlıq Qarabağı da 7-ci zona sayırıq, planlarımızda göstərir, sərgilərdə nümayiş etdiririk. Əfsuslar olsun ki, oranın turizmilə bağlı real işlər görməyə hələlik əlimiz çatmır. Sözsüz ki, bunların hamısına böyük investisiya cəlb olunur. Bildiyiniz kimi, turizm tamamilə özəl bir sektordur. Biz bir dövlət olaraq bu sektoru yalnız stimullaşdıra, infrastrukturunun genişləndirilməsi üçün şərait yarada bilərik.

- Cənab nazir, mövcud iqtisadi böhran ən güclü ölkələrin belə turizm siyasətində mənfi dəyişikliklərə gətirib çıxarıb. Ancaq buna rəğmən siz, Azərbaycan turizminin inkişafı haqda çox nikbin danışdınız. Bir dövlət olaraq konkret antiböhran proqramları düşünülübmü, yoxsa?..

- Ümumi mənzərə belədir. Krizis, bildiyiniz kimi, Azərbaycana o qədər böyük təsir göstərməyib. Yəni digər ölkələrə nisbətən dünya iqtisadi böhranından daha az əziyyət çəkən ölkə Azərbaycandır. Nikbinliyimizə səbəb nədir? Sabit, normal inkişaf edən, yəni bu iqtisadi böhranın, təlatümün içində yaşamayan ölkəyə istər-istəməz xaricdən diqqət də artır. Yəni böhrandan az əziyyət çəkilirsə, deməli, orda sabitlik var və ora getmək sərfəlidir. Və təbii ki, həmin ölkənin bu nəticələri necə əldə etməsilə maraqlanılır. Bu da bizim üçün kifayət qədər cəlbedici imkan olduğu üçün ondan səmərəli istifadə etməliyik. Digər tərəfdən Dünya Turizm Təşkilatının tədqiqatları sübut edir ki, istənilən böhrana rəğmən insanlar istirahətə meyllidir. İşin olub-olmaması belə, insanların gərgin həyat arasında öz istirahətlərinə vaxt ayırmalarına mane olmur. Dəyişən yalnız məsafə etibarilə səyahət istiqamətləridir. Əgər bir zamanlar Amerikadan və Avropadan böyük vəsait yatırıb Uzaq Şərq ölkələrinə gəzməyə, istirahətə gedirdilərsə, indi bu vəsait bir qədər məhdudlaşdırılır. Dolayısı yolla nəticədə daxili turizm də inkişafa doğru gedir. Bir neçə gün öncə Avstriya vilayətinin bir qubernatoru ilə görüşümüzdə bunu müzakirə etdik. Cənab qubernator da öz sözündə bu fikri təsdiqlədi ki, mövcud böhran nəticəsində Avstriyanın daxili turizmi uddu. Yəni insanlar xaricə ölkələrə az gedirlər. Daha çox öz ölkələrinə səyahət edir, istirahət məkanlarında olurlar, bu da daxili turizmin inkişafı deməkdir.

Biz də gözləyirik ki, həm Azərbaycan əhalisi arasında, həm də regionumuza yaxın qonşu ölkələrdən istirahət üçün uzaq məsafəyə deyil, yaxın Azərbaycana, yaxud da yaxın istiqamətlərə gələcəklər. Bu baxımdan bir dövlət olaraq Azərbaycanın Gürcüstan, Rusiya, Türkiyə, İran, Türkmənistan arasında birgə turizm layihələrinə əhəmiyyət veririk. Hətta turizm şirkətlərinə də bu istiqamətdə bəzi tövsiyələrimiz olur. Məsələn, birhəftəlik səfər əsnasında hər iki ölkəni gəzmək imkanı olsun - üç gün bir ölkədə, üç gün digər ölkədə. Buna bənzər istiqamətlər Azərbaycana turist axınını stabilləşdirə və inkişaf etdirə bilər. Ölkəmizə turist marağını artıran digər səbəblərdən biri də paytaxtımızda və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdir. Forum turizmi, konqres turizmi adlandırılan istiqamətlər də Azərbaycan turizminin inkişafı üçün çox vacibdir. Ölkəmizdə beynəlxalq yarışlar, tədbirlər, müsabiqələr keçirilir. Nəticədə Azərbaycana diqqət artır. İxtisaslaşdırılmış turizmin gəlişini biz, özəlliklə "Mədəniyyət ili" çərçivəsində duyuruq, hiss edirik.

- Turizm şirkətlərilə bağlı vəziyyət hansı səviyyədədir, yəni hazırda onların rentabelliyi təmin olunurmu?

- Hazırda Azərbaycanda 230 şirkət lisenziya alıb. Xatırlayırsınızsa, mən bir neçə dəfə demişdim ki, Azərbaycanda təxminən 350-yə qədər turizm şirkəti yetərlidir. Əhalinin sayı baxımından yerli bazar üçün bundan artıq sayda turizm şirkətləri üçün fəaliyyət məkanı yoxdur. Ona görə bu gün turizm şirkətləri arasında real bazarı əks etdirən rəqəm 230-dur. Lakin təəssüf hissilə də qeyd etməliyəm ki, bu şirkətlərin böyük qismi fəal çalışmır. Yalnız təxminən 70-ə qədər şirkət fəallığı, gücü və təcrübəli mütəxəssisləri sayəsində bugünkü turizm bazarının demək olar ki, 90 faizini əhatə edir. Xüsusilə qeyd etməliyəm ki, son 3 - 4 il ərzində sırf Azərbaycanın daxilində fəaliyyət göstərən xüsusiləşdirilmiş şirkətlər də yaranıb. Yəni turistlərin xaricə səfərilə deyil, məhz Azərbaycana cəlbi və gəlişinin təşkililə məşğuldurlar. Belə şirkətlərin də beynəlxalq səviyyədə iştirakı bizim üçün olduqca əhəmiyyətlidir.

 

 

Sevda Babayeva

 

Həftə içi.- 2009.- 28 aprel.- S. 5.