"Azercell"
qeyri-neft sektorunun ən böyük vergi ödəyicisidir
Ali Ağan: "Dünyadakı böhran və Azərbaycanda
güclənən rəqabət fonunda biz uğurlu performans
göstərdik"
Azərbaycanın aparıcı mobil rabitə operatoru
olan "Azercell Telekom" MMC 2008-ci ildəki fəaliyyətinin
nəticələrini açıqladı.
İlin yekunlarına
dair mətbuat konfransı "Park İNN"
mehmanxanasında, bu ilin başlangıcında "Azercell
Telekom" MMC-nin prezidenti təyin olunmuş Əli
Ağanın iştirakı ilə keçirildi.
İş dünyası
tarixinin ən çətin illərindən biri olan 2008-ci ilin
performansından çox məmnun olduğunu bildirən Əli
Ağan çıxışı zamanı "Azercell"in
2008-ci ildə gördüyü işlər, bazara təqdim
etdiyi məhsul və xidmətlər, əldə etdiyi nailiyyətlər
barədə ətraflı məlumat verdi.
2008-ci il ərzində
Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən
72,1 milyon dollar sərmayə yatırdıqlarını deyən
"Azercell" rəhbəri ölkəmizdəki 13 illik fəaliyyəti
ərzində isə ümumi yatırımlarının həcminin
1 milyard dollara yaxın olduğunu qeyd etdi: "Azercell"
ölkənin qeyri-neft sektorunun ən böyük investoru
olaraq qalır. Biz eyni zamanda qeyri-neft sektorunun ən
böyük vergi ödəyicisiyik. 2008-ci ildə ödədiyimiz
vergilər qeyri-neft sektorunun ödədiyi vergilərin 10%-ni təşkil
edir. Ümumilikdə isə bizim vergilər Azərbaycan
büdcəsinin 2%-nə bərabərdir".
2008-ci ildə
"Azercell Telekom" MMC dövlət büdcəsinə təqribən
163 milyon, 13 il ərzində isə təqribən 603 milyon
ABŞ dolları həcmində vəsait ödəyib. Azərbaycanın
mobil rabitə bazarının 60%-nin "Azercell"ə məxsus
olduğunu da həmçinin yurnalistlərin nəzərinə
çatdıran Əli Ağan bildirdi ki, rəhbərlik etdiyi
şirkətin şəbəkəsi ölkə ərazisinin
80%-ni əhatə edir ki, bu da Azərbaycan əhalisinin 99,6%-nin
"Azercell" xidmətlərindən istifadə edə bilməsi
deməkdir.
İnsan qaynaqları
aspektinə toxunan "Azercell" prezidenti işçilərinin
əhəmiyyətini xüsusi olaraq önə çəkdi:
"Bizim Azərbaycana yatıra biləcəyimiz ən
yaxşı sərmayə insan qaynaqlarına
yatırdığımız sərmayədir. Mən həmişə
bildirmişəm ki, bizim uğurumuzun əsas səbəblərindən
biri əməkdaşlarımızdır və onlar
"Azercell"in əsas kapitalıdır. Buna görə də
2008-ci ildə "Azercell" olaraq biz öz işçilərimizin
inkişafına təxminən 2,3 milyon ABŞ dolları həcmində
sərmayə yatırmışıq, onları xaricdə
müxtəlif treninqlərə göndərmişik. Məhz
bunun nəticəsidir ki, karyerasını "Azercell"də
başlayan bir çox menecerlərimiz İsveçdən
tutmuş Özbəkistana qədər bir çox ölkələrin
mobil rabitə şirkətlərində yüksək vəzifələrdə
çalışırlar".
Şirkət rəhbəri
"Azercell" şəbəkəsinin genişlənməsi
barədə məlumat verərək şirkətin eyni zamanda
yüksək texnoloyi telekommunikasiya infrastrukturuna malik
olduğunu vurğuladı: "Ümumən Azərbaycan mobil
rabitə bazarının inkişaf templərinin
azaldığı bir dövrdə bizim
satışlarımızın həcmi artdı. Hazırda
bizim abonentlərimizin sayı 3 milyon 600 min nəfərdən
çoxdur. Biz ciddi rəqabət ortamında durmadan
böyüyürük və abonentlərimizin sayı bu
inkişafın bariz nümunəsidir. Əminəm ki, abonentlərimizin
sayı bundan sonra da artacaq. Çünki məhz
"Azercell" ölkədə ən keyfiyyətli rabitəni
təqdim edir", - deyə Əli Ağan qeyd etdi. O,
"Azercell"in sosial fəaliyyətinə dair məlumat verərək
ötən il şirkətin Azərbaycanda sosial layihələrin
həyata keçirilməsi üçün 2,5 milyon ABŞ
dolları, 10 il ərzində isə 11,5 milyon ABŞ
dolları həcmində vəsait sərf edib. Şirkət
eyni zamanda Azərbaycanda peşəkar yurnalistikanın
inkişafına yönəlmiş inkişafı paylaşmaq
platforması çərçivəsində bir çox layihələr
həyata keçirib.
Sevda Babayeva
Həftə içi.-
2009.- 28 aprel.- S. 6.