Almaniya təcrübəsindən yararlanacağıq

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyətinin Almaniyaya beşgünlük səfəri başa çatıb.

 

Fondun aparıcı şöbələrinin müdirləri mütəxəssislərin daxil olduğu nümayəndə heyəti Avropada ən nüfuzlu pensiya orqanlarından biri sayılan Almaniya Pensiya Sığortası İdarəsinin təcrübəsi ilə yaxından tanış olub. Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevdən aldığımız məlumata görə, aktuar tədqiqatların aparılması Azərbaycan iqtisadiyyatı üçün yenilik olsa da, DSMF ilk olaraq bu hesablamaların tətbiqini nəzərdə tutur. Fond bu sahədə Almaniya PSİ-nin təcrübəsindən yararlanmağı əsas məqsəd kimi qarşıya qoyub.

E.Babayev bildirdi ki, Almaniya PSİ ilə DSMF arasında imzalanmış qarşılıqlı müqavilə çərçivəsində həyata keçirilən hazırkı nümayəndə heyətinin keçirdiyi görüşlərdə aktuar tədqiqatların təşkili, bu istiqamətdə araşdırmaların aparılması üçün ayrı-ayrı mövzuların seçilməsi xüsusiyyətləri öyrənilib, göstərilən sahədə əlaqələrin gələcək inkişaf planı müəyyənləşdirilib. DSMF ilə Almaniya PSİ mütəxəssislərinin növbəti belə bir görüşünün Azərbaycanda keçirilməsi planlaşdırılıb.

Xatırladaq ki, Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən "2009 - 2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair dövlət proqramı"nda aktuar hesablamaların tətbiqi nəzərdə tutulur. Dövlət proqramına uyğun olaraq qarşıdakı 6 il ərzində sığorta-pensiya sisteminin inkişafı aktuar modellər əsasında təkmilləşdiriləcək. Bu sahədə təcrübənin öyrənilməsi üçün DSMF Almaniya PSİ ilə ikitərəfli saziş imzalayıb. İndiyədək 3 birgə görüş Almaniyada, 3 birgə görüş isə Azərbaycanda keçirilib. Bu görüşlərin hər birində sosial sığorta haqlarının toplanmasında işəgötürənlər üzərində nəzarət, sığortaolunanların fərdi uçotu, pensiya təyinatı üzrə qurumların fəaliyyəti, mətbuat ictimaiyyətlə , informasiya təhlükəsizliyi məsələləri müzakirə edilib.

  

  

Naibə

 

Həftə içi.- 2009.- 29 aprel.- S. 5.