Köhnə ATS-lər dəyişdirilir

 

Müşfiq Əmirov: "İlin sonuna qədər bütün ATS-lər elektronlaşdırılacaq"

 

Şəhərin mərkəzi küçələrində hələ də telefon problemi yaşanmaqdadır. Belə ki, 494, 495, 438, 439 və digər nömrəli ATS-lər elektron nömrələrlə əvəzlənməyib. Bu səbəbdən də həmin nömrələrə zəng vurduqda xətlər qarışır. Bundan başqa, paralel olan telefonlarda da eyni problemlər yaşanmaqdadır. Bununla bağlı redaksiyamıza da dəfələrlə şikayətlər daxil olur. Şikayətçilər daha çox telefon xətlərinin yaxşı işləməməsindən gileylənirlər. Yasamal rayonundakı Zülfi Adıgözəlov küçəsində yaşayan Könül Qasımovanın sözlərinə görə, telefonla danışan zaman maneələrlə üzləşir: "Telefonlarımız köhnə ATS-ə məxsus olduğundan xətlər tez-tez qarışır. Bu səbəbdən də telefonla danışmaq müşkül məsələyə çevrilib".

Şikayətçi həmçinin bildirdi ki, şəhərin mərkəzində yaşamalarına baxmayaraq, hələ də ATS-ləri elektron deyil: "Lakin bizim rayondan fərqli olaraq digər rayonların, hətta kəndlərin ATS-ləri elektronlaşdırılıb". K.Qasımova problemlə əlaqədar qonşularla da mübahisə yarandığını bildirdi: "Telefonların yaxşı işləməməsi dəfələrlə qonşularla aramızda mübahisələrə səbəb olub. Bu hallar təkcə bizdə yox, telefonu paralel olan qonşularda da yaşanır. Bizim ATS-lərimiz isə müasir informasiya-kommunikasiya texnologiyalarının tələblərinə cavab vermir".

Şikayətçinin sözlərinə görə, bu cür problemlər ancaq Yasamal rayonu ərazisində baş verir. Şikayətləri nəzərə alaraq Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirova müraciət etdik. O bizimlə söhbətində bildirdi ki, doğurdan da paytaxtın bir sıra yerlərində telefonlar hələ elektronlaşdırılmayıb: "Düzdür, elektronlaşmayan telefonlar hələ var. Amma bu ilin sonlarına qədər şəhərin mərkəz küçələrinin, hətta bütün kənd qəsəbələrin ATS-ləri elektronlaşdırılacaq. Hazırda bununla bağlı işlər görülür".

  

  

Aysel

 

Həftə içi.- 2009.- 29 aprel.- S. 5.