"Nabucco" ilə bağlı Rusiya Bakıya təzyiq göstərməyib

 

İlham Əliyev: "Azərbaycana da etibarlı təhlükəsiz nəql marşrutları lazımdır"

 

Prezident İlham Əliyev ABŞ-ın "CNBC" telekanalına müsahibəsində Azərbaycanın iqtisadi uğurlarından, enerji siyasəti ümumilikdə dünyada mövcud olan enerji problemindən, "Nabucco" layihəsindən sairdən danışıb.   

   Dünyada yaşanan beynəlxalq maliyyə böhranının Azərbaycan iqtisadiyyatına elə güclü təsir göstərmədiyini söyləyən prezident deyib: "Azərbaycan dünya iqtisadiyyatına getdikcə daha çox inteqrasiya olunduğundan, xüsusən ixrac potensialı ilə bağlı müəyyən narahatlıqlarımız var. Qeyri-neft sektorundakı ixrac potensialı son aylarda az da olsa azalıb. Lakin ümumilikdə bizdə maliyyə məsələləri iqtisadiyyatın inkişafı ilə bağlı vəziyyət yaxşıdır".  

   Bununla yanaşı, dövlət başçısı bildirib ki, son 5 il ərzində Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artdığından yüksək artım sürətini saxlamaq indi əvvəlkindən daha çətindir: "Keçən il bu göstərici 11 faiz, ondan əvvəlki il isə 25 faiz olub. Bu səviyyəni uzun müddət saxlamaq mümkün deyil. Lakin iqtisadi artım əhəmiyyətli dərəcədədir. Getdikcə iqtisadiyyatın daha çox şaxələndirilməsi, neftin qiymətlərindən eneryi amilindən daha az asılı olmaq vacibdir. Bu, iqtisadi islahatlar, şaxələndirmə, özəl sahibkarlığın dəstəklənməsi sahələrində həyata keçirilən siyasət nəticəsində mümkün olub. Biz enerji amilindən asılılığı əhəmiyyətli dərəcədə azaltmağa müvəffəq olmuşuq".  

   Azərbaycanın on ildən artıqdır çox mühüm enerji layihələri həyata keçirdiyini qeyd edən prezident hazırda Xəzər neftini dünya bazarına çıxaran boru kəməri xəttinin beynəlxalq enerji təhlükəsizliyində getdikcə daha əhəmiyyətli rol oynamaqda olduğunu vurğulayıb: "Bizim nəhəng enerji ehtiyatlarımız var. Qaz ehtiyatlarımız bizə ən azı 100 il bəsdir. Artıq müasir nəqliyyat infrastrukturumuz var, təchizat marşrutlarımızı şaxələndirmişik. Bununla yanaşı, təchizatçı ölkə kimi Azərbaycana da etibarlı təhlükəsiz nəql marşrutları gərəkdir. Müxtəlif istiqamətlərdə boru kəmərləri inşa etməklə biz bu məqsədə nail oluruq. Bu gün söhbət Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etmək üçün lazım olan əlavə həcmlərdən gedir. Bunun üçün Azərbaycanın imkanları var. Biz Türkiyə - Yunanıstan - İtaliya, "Nabucco", "Transadriatik" boru kəmərləri kimi layihələrin müzakirələrində iştirak edirik. Ölkəmizdə bu vaxta kimi görülmüş işlər göstərir ki, Azərbaycan etibarlı tərəfdaşdır. Həyata keçirdiyimiz layihələrin heç biri böhran zamanı sual altına alınmadı".  

   Ayrıca "Nabucco" layihəsi haqda danışan İ.Əliyev Azərbaycanın bu layihələrdə iştirak etməkdə maraqlı olduğunu, mövcud kəmərlərin nəqletmə qabiliyyətinin ölkənin enerji ehtiyatlarının ixrac potensialına tam cavab vermədiyini bildirib. "Bizim bu gün hasil etdiyimiz qazdan 2 dəfə artıq qaz hasil etməyimiz mümkündür. Bu il Azərbaycanda qaz hasilatı 20 milyard kubmetrdən artıq olacaq. Beləliklə, "Nabucco" ya bu kimi layihələr şaxələndirmə uzunmüddətli etibarlı təchizat mexanizmlərinə malik olmaq üçün imkan yaradır", - deyə prezident bildirib: "Lakin əlbəttə, "Nabucco" ilə bağlı böyük əhəmiyyət daşıyan məqamlar, ilk növbədə maliyyələşmə məsələsi aydınlaşdırılmalıdır. İkinci mühüm məsələ isə ondan ibarətdir ki, Avropa bu ya digər dərəcədə vahid enerji siyasətinə malik olmalıdır. "Nabucco" bütün Avropa İttifaqını deyil, Mərkəzi Avropanın bir neçə ölkəsini birləşdirir. Digər mühüm məsələ bütövlükdə Avropa İttifaqının "Nabucco"nun həyata keçirilməsində dərəcədə önəmli rol oynamasından ibarətdir. Düzdür, ümidverici məqamlar var, lakin bu işdə hər hansı irəliləyişin olması vacibdir. Üçüncüsü, bizim üçün Azərbaycan qazının tranziti ilə bağlı məsələlərin aydınlaşdırılması mühümdür. Avropa İttifaqı bazarına birbaşa çıxış əldə etmək üçün tranzit ölkələrlə tranzit müqaviləmiz olmalıdır. Beləliklə, bütün bu mühüm məsələlər bir-biri ilə əlaqəlidir biz bunların həyata keçirilmə sürətinə uyğun şəkildə hasilatın planlaşdırılmasını aparacağıq. Biz bazar olmadan qaz hasil edə bilmərik. Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları minimum 2 trilyon kubmetr təşkil edir".

   İ.Əliyev "Nabucco" layihəsi ilə bağlı Rusiya tərəfindən hər hansı təzyiqin olmadığını bildirib. "Bizə Rusiya tərəfdən heç bir təzyiq olmayıb. Enerji məsələsində Rusiya ilə aramızda heç bir ziddiyyət mövcud deyil", - deyə dövlət başçısı qeyd edib.  

   ABŞ-ın yeni prezidenti Barak Obamanın administrasiyası ilə əlaqələrin perspektivlərindən danışan dövlət başçısı münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləyib.

 

 

Cahangir Həsənli

 

Həftə içi.- 2009.- 4 fevral.- S. 2.