"Azərbaycandan böyük stimullar alıram"

 

Bella Davidoviç yubileylərini vətənində qeyd etdi

 

Dünyaşöhrətli həmyerlilərimizdən olan Bella Davidoviç ömrünün 80-ci baharını və Amerika Birləşmiş Ştatlarına köçməyinin 30 illiyini doğma Bakısında qeyd etdi. Bu əlamətdar tarixlər münasibətilə M.Maqomayev adına Dövlət Filarmoniyasında təşkil edilmiş konsert proqramına yalnız Corc Gerşvinin əsərləri daxil edilmişdi. Bella Davidoviçin ana babası İsaak Ratner və anası Lyudmila Ratner musiqi aləmindəki xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdülər. Onların hər ikisi Opera və Balet Teatrının konsertmeysterləri olub. Tanınmış pianoçunun atası, cərrah Mixail Naumoviç Davidoviç isə respublikanın əməkdar həkimi idi.

   Sovet dönəmində Azərbaycanı tərk etməsini B.Davidoviç belə xatırlayır: "Mən indiyədək həmin hadisələrin təsirindən çıxa bilmirəm. 1958-ci ildə həyat yoldaşım, tanınmış skripkaçı Yulian Sitkovetski ağır xəstəlikdən sonra 33 yaşında dünyasını dəyişəndə bütün diqqətimi oğlum Dimaya yönəltdim. O da atası kimi, istedadlı skripkaçı oldu. Yaradıcılıq axtarışlarının ifadəsində məhdudiyyətlərlə qarşılaşan oğlum 1977-ci ildə Amerikaya köçdü. Bununla bağlı sovet dövləti mənim əcnəbi ölkələrə qastrollarıma qadağa qoydu. Hətta bu qadağa tələbələrimin xaricdə keçirilən müsabiqələrdə iştirakına da aid edilmişdi. Buna görə də mən qəti qərara gəldim ki, oğlumun yanına köçüm".

   Sovet Azərbaycanını belə qanıqara əhvalla tərk etmək məcburiyyətində qalmasına baxmayaraq, B.Davidoviç musiqi ictimaiyyəti ilə vidalaşmağa da macal tapmışdı - Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti və Rauf Abdullayevin dirijorluğu ilə keçən konsertdə pianoda solo ifasını bakılılar üçün sonuncu dəfə gerçəkləşdirərkən. Bella Davidoviç: "Yubileylərimlə bağlı Avropa üzrə qastrollar zamanı hər yerdə mehriban qəbulla rastlaşdım. Bakı ilə bağlı təəssüratlarım isə, əlbəttə, daha işıqlıdır. Çünki məhz bu şəhərdə oğlum Dima dünyaya gəlib. Həyat və yaradıcılığımdan bəhs edən sənədli filmin ərsəyə gəlməsində istedadlı rejissor Tamilla Aşumovanın iştirakı ilə çəkilən zəhmət də unudulmazdır. Həmkarlarım Fərhad Bədəlbəyli, Rauf Abdullayev və digərlərinin səmimi münasibəti, mərhum prezident Heydər Əliyevin, onun oğlu, Azərbaycanın indiki prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın yaradıcılığıma və şəxsiyyətimə göstərdikləri diqqət böyük stimuldur. Bakı, ümumiyyətlə, Azərbaycan zəngin mədəni, xüsusən musiqi irsi, ab-havası ilə həmişə seçilib. Mən baba Müslüm Maqomayevlə olan görüşlərimizi yaxşı xatırlayıram. Sonrakı dövrə nəzər saldıqda isə elə təkcə nəvə Müslüm Maqomayev və Rəşid Behbudovun yüksək ifaçılıq mədəniyyətinə malik olmalarını qeyd etmək kifayətdir".

  

 

   Samirə.

 

   Həftə içi.- 2009.- 10 fevral.- S. 3.